Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Moskva İrəvanla Bakı arasında yekun sülh razılaşmalarının əldə olunmasına ümid edir. Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında Moskvada keçirilmiş görüş bir sıra məsələlərdə mövqelərin yaxşılaşmasına şərait yaradıb.
M.Qaluzin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq həyata keçirilir.
Əvvəllər də bir neçə dəfə dediyimiz kimi, hazırda Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizə gedir. Hər iki tərəf çalışır ki, Bakı ilə İrəvan arasındakı öz moderatorluğu ilə baş tutsun. Çünki bu, onların bölgədəki mövcudluqlarının təmin olunması deməkdir. Başqa sözlə desək, həm Kremlin, həm də Qərbin regiondakı təsir dairəsi birbaşa olaraq danışıqlarda oynadıqları roldan asılıdır.
M.Qaluzinin belə məzmunlu açıqlama verməsi gözlənilməz deyil. Əvvəllər Rusiyanın digər rəsmiləri, o cümlədən Kremlin sözçüsü Dmitri Peskov da rəsmi Moskvanın vasitəçiliyinin nəticə verə biləcəyinə ümidini ifadə etmişdi. Beləliklə, şimal qonşumuz özünün uğurlu vasitəçi olduğunu göstərmək istəyir.
Əslində həm Qərb, həm də Kreml başa düşür ki, sülh artıq yetişmiş prosesdir. Doğrudur, Qərb Rusiyaya nisbətən sülhə daha loyal yanaşır. Çünki ABŞ və müttəfiqlərinin regional maraqları daha çox iqtisadi kontekslidir. Bu maraqların təmin olunması üçün isə regionda təhlükəsizlik təmin olnumalı, nəqliyyat- kommunikasiya xətləri açılmalıdır.
Rusiya isə, əksinə, regiondakı gərginlikdə maraqlıdır. Çünki Moskva yalnız bu halda bölgədəki mövcudluğunu təmin edə bilər. Buna baxmayaraq, Rusiya başa düşür ki, Bakı sülh müqaviləsində israrlıdır. O da aydındır ki, məhz Azərbaycanın iradəsi nəticəsində artıq Ermənistan da sülh yolunu tutub.
Nazir müavini Bayramovla Mirzoyan arasındakı Moskva görüşünün əhəmiyyətini diqqətə çatdırsa da, yekun sülh müqaviləsinin məhz hansı vasitəçinin- Moskvanın, Vaşinqtonun, yoxsa Brüsselin vasitəçiliyi ilə baş tutacağına dair fikir səsləndirməyib. Bu da onu deməyə əsas verir ki, Rusiya regionda sülhün alternativinin olmadığını anlayır. Kreml başa düşür ki, bu prosesin qarşısını almaq mümkün deyil. Odur ki, təxminən belə bir rəy yaradılır: müqavilənin harada imzalanmasından asılı olmayaraq, bu nəticədə Rusiyanın da rolu oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatın da tez - tez xatırladılması məhz bu aspektdən qiymətləndirilməlidir. Bir sözlə, Moksva "çorbada mənim də duzum var" deyir...