525.Az

Taekvondoçumuz dünya çempionatına qələbə ilə başladı


 

Taekvondoçumuz dünya çempionatına qələbə ilə başladı<b style="color:red"></b>

Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

525.az xəbər verir ki, çempionatda 68 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü 1/32 finalda qırğızıstanlı Eldar Kurmanaliyev ilə qarşılaşıb. Azərbaycan idmançısı görüşdən qələbə ilə ayrılıb və 1/16 final mərhələsinə yüksəlib. Bu mərhələdə C.Ağayevin rəqibi Çin idmançısı Çenminq Ksyao olacaq.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edirlər.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

 





29.05.2023    çap et  çap et