525.Az

Tokayev Putinin əleyhinə çıxdı


 

Tokayev Putinin əleyhinə çıxdı<b style="color:red"></b>

Mayın 24-25-də Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində keçirilən ikinci Avrasiya İqtisadi Forumunun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin "Çoxqütblü dünyada Avrasiya inteqrasiyası" mövzusunda çıxış edib. Putin bildirib ki, beynəlxalq aləmdə əksəriyyət Rusiyanın dünyada iqtisadi münasibətlərin daha ədalətli arxitekturasının qurulmasına yanaşmaları ilə razılaşır. Qərbin ölkəsinə qarşı sanksiyalarına toxunan Prezident Putin Rusiya iqtisadiyyatı üçün "çökdürücü" ssenarinin reallaşmayacağının hər kəsə aydın olduğunu bəyan edib.

Putinin nikbin çıxışı gözlənilən effekti vermədiyi kimi, inteqrasiya təklifləri də dəstək qazanmayıb. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkəsinin də üzv olduğu Avrasiya İqtisadi İttifaqını tənqid edib, Moskva ilə siyasi inteqrasiya arzulamadıqlarını bildirib.

Qazaxıstan Prezidenti deyib ki, Avrasiya İqtisadi İttifaqını müstəsna olaraq iqtisadi blok hesab edir və istənilən inteqrasiya da ilk növbədə iqtisadi xarakter daşımalıdır. Prezident Tokayev onunla eyni səhnədə oturan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək deyib ki, 2015-ci il müqaviləsində müəyyən edilən budur. Tokayev bildirib ki, İttifaq faktiki olaraq iki yerə bölündü. Bu tərəflərdən biri vahid siyasi, hüquqi, hərbi, iqtisadi, pul-kredit, mədəni və humanitar məkana malik İttifaq dövlətində birləşən Rusiya və Belarusdur - hətta ikisinin nüvə silahı da birdir. Prezident Tokayev bildirib ki, ikinci tərəf isə Qazaxıstan, Qırğızıstan və Ermənistandır ki, onların inteqrasiya səviyyəsi fərqlidir.

Rusiya ilə Qazaxıstan arasında münasibətlərin normal olmadığı Prezident Tokayevin bu çıxışından öncə də məlum idi. Məsələn, ötən il Rusiya dəfələrlə Qazaxıstan neftinin Novorossiysk terminalı vasitəsilə ixracını dayandırıb. Rusiyanın bu davranışı Qazaxıstan hakimiyyətini alternativ yollar axtarmağa vadar edib. Nəticədə Qazaxıstan Azərbaycan və Gürcüstan vasitəsilə neft ixracını 6 dəfə artıraraq 163,4 min tona çatdırıb.

Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Qazaxıstan Prezidenti bəyan edib ki, İttifaq daxilində iqtisadi inteqrasiya ilə bağlı ilkin razılaşmaların pozulması baş verir. İttifaqın yaradılması zamanı qərara alınan ədalətli rəqabət, bərabərlik və milli maraqların nəzərə alınması, eləcə də infrastrukturdan istifadə zamanı ayrı-seçkiliyə yol verilməməsi qaydaları pozulur. Qaydaların pozulduğu kimi, mütəmadi olaraq qarşılıqlı maneələrin və məhdudiyyətlərin yarandığını qeyd edən Qazaxıstan dövlət başçısı Putinin nikbin çıxışının tam əleyhinə çıxıb.

Bütün bunlar isə postsovet məkanında təsir zonasını gücləndirmək və sadiq respublikalardan "yeni SSRİ"nin analoqunu yığmaq istəyən Moskvanın planlarının Ukrayna ilə yanaşı, Qazaxıstanın da müqaviməti ilə üzləşdiyini göstərir.

 

 





30.05.2023    çap et  çap et