525.Az

NATO müharibəyə hazırlaşır - Xaqani Cəfərli yazır


 

NATO müharibəyə hazırlaşır - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

"Soyuq müharibə"dən sonra ilk dəfə olaraq NATO Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır olmaq üçün Alyansa üzv ölkələrdə hərbi planlaşdırmada köklü islahatlara başlayır. Rusiyanın ehtimal olunan hücumdan müdafiə zərurəti yarandığı halda görüləcək tədbirləri özündə əks etdirən minlərlə səhifəlik məxfi sənədlərin NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində təsdiqlənəcəyi gözlənilir.

Məxfi sənədlərdə nələrin öz əksini tapdığı ictimaiyyətə məlum olmasa da, söhbətin qoşunların gücləndirilməsindən getdiyi aydındır. NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq əlahiddə diviziya və briqadaların müdafiə edəcəkləri ərazilər müəyyənləşdiriləcək. Krımın Rusiya tərəfindən işğalından sonra Şimali Atlantika Alyansı Avropadakı çevik reaksiya qüvvələrinin sayını 8 dəfə artıraraq 40 min nəfərdən 300 min nəfərə çatdırdı. NATO-nun çoxmillətli batalyonları əvvəlcə üç Baltikyanı respublikada və Polşada, daha sonra isə Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada məskən saldı. Şimali Atlantika Şurasında ən yüksək səviyyəli hərbçi olan admiral Rob Bauer bəyan edib ki, Alyans hər an münaqişənin başlayacağına hazır olmalıdır.

NATO qərargahının tarixçisi Yan Houp hesab edir ki, ehtimal olunan hərbi münaqişə "Soyuq müharibə" dövründən fərqli olaraq Şimali Atlantika Alyansının birləşmiş qüvvələrinin Varşava müqaviləsi ölkələri tərəfindən hücuma məruz qalacağı müharibə kimi proqnozlaşdırılmır. Çünki Sovet İttifaqının varisi Rusiya istisna olmaqla Varşava müqaviləsinə üzv olan ölkələr artıq NATO-ya qatılıblar. Buna görə də, Rusiya ilə ehtimal olunan hərbi münaqişə Sovet İttifaqı ilə təsəvvür edilən müharibə qədər qorxunc görünmür.

Bununla belə, NATO-nun hazırlıqları tam sürətlə davam edir. İsveçdə son 25 ilin ən böyük hərbi təlim keçirilib. Aprelin 17-dən mayın 11-dək keçirilən təlimlərdə dünyanın 14 ölkəsindən 26 min hərbçi iştirak edib. Bunlar əsasən NATO-ya üzv dövlətlərin hərbçiləri olsa da, Avstriya və Ukraynadan olan hərbçilər də təlimdə iştirak ediblər. Təlimin bir çox ərazilərlə yanaşı, Baltik dənizindəki strateji əhəmiyyəti ilə fərqlənən Qotland adasında da keçirilməsi diqqətçəkəndir. Qotland hərbi və ticarət gəmilərinin marşrutlarının üzərində yerləşməsi ilə böyük strateji əhəmiyyətə malikdir.

İkinci Dünya müharibəsi zamanı neytral qalmağı bacaran İsveç NATO-ya qoşulmaq qərarı verib. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra təxminən 200 illik neytrallıqdan imtina edən İsveç Şimali Atlantika Alyansa qoşulmaq qərarı verdi. Paralel olaraq İsveç uzun illərdən sonra ilk dəfə olaraq yeni hərbi obyektlərin açılmasını nəzərdə tutan yeni hərbi xərclər planını qəbul edib. 2019-cu ildə Stokholmdan cənubda sualtı qayıqların təmiri və modernləşdirilməsi üçün uyğunlaşdırılmış ən böyük yeraltı hərbi-dəniz bazasının fəaliyyəti bərpa edilib. Finlandiyanın da artıq NATO-ya üzv olduğunu nəzərə alanda Şimali Atlantika Alyansının Rusiya qarşısında tarixinin ən böyük gücə sahib olduğu aydın görünür.

Ancaq bununla belə, Rusiya ilə ehtimal olunan hərbi münaqişənin NATO-nun iki hərbi əməliyyatdan - Əfqanıstan və İraqdakı müharibələrindən tamamilə fərqli miqyasda olacağı da gözlənilir.

Burada Rusiyanı daha zəif duruma düşürən başqa bir amil də var. Rusiyanın Ukraynaya qarşı müharibəsi NATO-ya qarşı imkanlarını məhdudlaşdırır. Buna görə də Ukraynaya dəstəyin artırılması tələbləri artır. NATO-nun Avropadakı qoşunlarının keçmiş komandan müavini Riçard Şirref deyib ki, Qərb Kiyevə dəstəyini artırmalıdır, əks halda Rusiya ilə birbaşa münaqişəyə girəcək.

Putini "qatil və avtoritar" hesab edən britaniyalı generalın fikrincə, indi Ukrayna müharibəsində dönüş nöqtəsidir. Buna görə NATO ölkələri Ukraynaya əks-hücum üçün bütün lazımi silahları verməlidir, yoxsa iki-üç ildən sonra münaqişəyə birbaşa müdaxilə təhlükəsi ilə üzləşəcəklər. Britaniyalı generala görə, bu, Rusiyanın yalnız Ukraynaya deyil, bütün Qərbə qarşı müharibəsidir.

Britaniya mayın 11-də Ukraynaya 250 kilometrdəki mənzili vurmaq qabiliyyətinə malik "Storm Shadow" raketlərini təhvil verdiyini elan etdi. Bu da müharibə başlayandan bəri Kiyevin Qərb müttəfiqlərindən aldığı ən uzaqmənzilli silahdır. Hərbi ekspert Lyuis Peyc "The Telegraph" qəzetində dərc olunan məqaləsində yazır ki, Ukraynanın uzaqmənzilli raketlərə malik olması cəbhədə fərq yarada bilər.

Beş Avropa ölkəsi Ukraynanı F-16 qırıcı təyyarələri ilə təmin etmək üçün beynəlxalq koalisiya yaradıblar. Avropa İttifaqı isə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya köçürməyə hazırlaşır. "Financial Times"ın məlumatına görə, Avropa İttifaqının nəzarəti altında Rusiyaya məxsus 197 milyard avro var. Bunun 180 milyard avrosu Rusiya Mərkəzi Bankın aktivləridir. Bu ilin birinci rübündə həmin aktivlərin təkrar investisiyasından 734 milyon avro gəlir əldə edilib. İndi Brüssel bu pulları Ukraynaya verməyin yollarını axtarır.

Belçika hökuməti dondurulmuş aktivlərdən əldə edilən vergi gəlirlərini Ukraynaya köməklik göstərmək üçün istifadə etmək niyyətində olduğunu bildirib. Hökumət rəsmisinin sözlərinə görə, bu il ən azı 625 milyon avro vergi daxil olunacağı gözlənilir. Bu vəsait Ukraynaya hərbi və humanitar yardıma, eləcə də ukraynalı qaçqınlara yardıma xərclənəcək. Göründüyü kimi, Rusiyanın pulları da öz əleyhinə istifadə olunur. Bütün bunlar onu göstərir ki, Qərb bu dəfə Rusiyaya qarşı hərbi əməliyyatlar da daxil olmaqla bütün variantlara hazırdır. Qərbin seçəcəyi yol isə Rusiyanın addımlarından asılı olacaq.

 





31.05.2023    çap et  çap et