525.Az

Taksi xidmətlərində özbaşınalıq – Narazılıq günbəgün artır


 

PROBLEMLƏRDƏN ÇIXIŞ YOLU NƏLƏRDİR?

Taksi xidmətlərində özbaşınalıq – Narazılıq günbəgün artır<b style="color:red"></b>

Bu gün vətəndaşların ən çox narazılıq etdikləri xidmətlərdən biri məhz taksi fəaliyyəti ilə bağlıdır. Həm sosial şəbəkələrdə, həm də mətbuatda demək olar ki, hər gün bu xidmətlə bağlı müxtəlif narazılıqlara, şikayətlərə rast gəlirik. Xüsusilə, taksi şirkətlərinin xidmətlərindən istifadə edən elə bir adam tapmaq olmaz ki, qeyd edilən fəaliyyətdən məmnun qalsın. Amma qəribə olan budur ki, təkcə sərnişinlər deyil, elə taksi sürücüləri özləri də də mütamadi olaraq öz narazılıqlarını dilə gətirirlər. Hər iki tərəf narazıdırsa, demək ki, problemi kökündən həll etmək tələb olunur. Əvvəlcə vətəndaşların şikayətləri barədə danışaq.

Məsələn, həmsöhbətim Gülnar Əliyeva deyir ki, bu günlərdə taksi sifariş edib və maşına əyləşməyinə peşman olub. Sürücü bir saniyə susmadan danışmağa başlayıb: “Əvvəlcə özünü qazi kimi təqdim etdi. Harada döyüşməsi, veteran vəsiqəsi alıb-almadığı və s. barədə soruşdum. Amma dolaşıq cavablarından aydın oldu ki, sadəcə bu addan istifadə edir. Ən pisi isə budur ki, adamın psixoloji problemləri var idi. Bəlkə taksini də narkotikin təsiri altında sürürdü. Taksini yüksək sürətlə idarə edirdi, yol hərəkəti qaydalarına fikir vermirdi. Bir neçə dəfə irad tutmaq istəsəm də, adam çox sərt reaksiya verdi. Ona görə də məcbur qalıb susdum. Rayondan gəlmişdim, xəstəxanaya həkimin qəbuluna tələsirdim, gecikməyim deyə, həm də yolu yaxşı tanımadığım üçün yarı yolda da düşə bilmədim”.

Həmsöhbətim deyir ki, sürücü əvvəlcə çox imkanlı olduğunu, evləri, biznesi olduğunu, sadəcə başını qatmaq üçün taksi sürdüyünü deyib. Sonra isə qazandığı pulun heç nəyə çatmadığını bildirdi: “Üç manatlıq yola 5 manat verdim, pulun üstünü belə istəmədim, Allaha şükür etdim ki, salamat ünvana çatmışam”.

Səbuhi Ağayev adlı həmsöhbətim isə deyir ki, iş səfəri ilə bağlı gecə yarı taksi sifariş etməli olub: “Sürücü taksiyə əyləşəndən danışmağa başladı. Qazandığı pul heç nəyə çatmır, gecə yarı məcbur olub işləyir və s. daha sonra da icazə belə istəmədən siqaret çəkməyə başladı. Çox pis bir mənzərə idi”.

Başqa bir problem isə xanım sərnişinlərə qarşı taksi sürücülərinin qeyri-etik, əxlaqsız davranışları, narkotik vasitələrin təsiri altında maşını idarə etmələridir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bu günlərdə yaydığı məlumatda deyilir ki, indiyədək qeyd olunan əməlləri törədən “Uber” və “Bolt” taksi şirkətlərinin 69 sürücüsü saxlanılaraq məsuliyyətə cəlb edilib. Əməliyyatlar zamanı saxlanılan taksi sürücülərindən bir qisminin cinayət məsuliyyətinə, digərlərinin isə inzibati məsuliyyətə cəlb olunmaları təmin edilib.

Bu həm də daha bir problemi ortaya çıxarır. “Uber”, “Yango”, “Bolt” və digər taksi şirkətləri işə qəbul zamanı hər hansı yoxlama aparmır. “Maşının varsa, taksi fəaliyyəti ilə məşğul ola bilərsən”, şüarını əsas götürən taksi şirkətləri əslində vətəndaşların həyatı ilə oynayırlar. Buna görədir ki, qəzaların sayı artmaqdadır, Bakıda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı normadan dəfələrlə çoxdur. Bu da təbii ki, tıxaclara gətirib çıxarır.

İndi gələk taksi sürücülərinin narazılıqlarına. Onların ən əsas şikayəti qazanclarının aşağı olmasıdır. Təəssüf ki, buna görə də taksi sürücüləri çox vaxt  günahı elə sərnişində axtarır. Vətəndaş sayğacın yazdığı məbləği verməyinə, yaxud kartla ödəniş etməyinə peşiman olur. Mütləq artıq ödəniş etməlisən. Yaxud kartla ödəniş edildiyini biləndə, vətəndaşa  imtina verilir. Burda məsuliyyət daşıyan tərəf isə həmin taksi şirkətləridir. Onlar tənzimləməni normal şəkildə həyata keçirməlidirlər ki, vətəndaş əziyyət çəkməsin. 

Adının açıqlanmasını istəməyən taksi sürücüsü  deyir ki, illərdir bu işlə məşğuldur: “Hazırda taksi şirkətlərindən birində çalışıram. Əvvəllər vətəndaşların heç bir şikayəti olmurdu. Taksi şirkətləri fəaliyyətə başlayandan sərnişinlərin də şikayətləri artıb. Çünki ödəniş çox azdır. Məcbur qalıb işləyirik. Qazanan taksi şirkətləridir. Etiraz edəndə isə heç bir nəticəsi olmur. Hesab edirəm ki, bir tənzilmləmə olmalıdır. Bəziləri deyir ki, bunu ikinci iş kimi görür. Mən isə ancaq bu yolla qazanc əldə edirəm. Əgər müştəri artıq ödəniş etməsi, ümumiyyətlə dolana bilmərik”.

Yeri gəlmişkən, mayın 17-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Nazirliyin bununla bağlı yaydığı məlumata əsasən, görüşdə ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Ötən müddətdə səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb. Əsas məqsəd isə vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmasıdır. Həmçinin, haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.
Nazirliyin məlumatına görə, hazırda ölkə ərazisində minik avtomobilləri ilə taksi xidməti göstərən, eyni zamanda, taksi xidmətlərinin təşkilini, sifarişlərin idarə olunmasını həyata keçirən əcnəbi şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir ki, bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. 
Xatırladaq ki, sözügedən qanuna əsasən, ölkəmizdə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Taksi fəaliyyəti ilə bağlı problemlər məlumdur, bəs onların həlli üçün nə etmək lazımdır?

Hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mətbuata açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı qanunlar mövcuddur, lakin bu gün  qanunvericiliyin təkminləşdirilməsinə ehtiyac var. Yəni həmin qanunlarda aqreqatorun, həmin taksilərin fəaliyyətinin tənzimlənməsi üçün heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır.

Ekspert problemin həlli üçün vahid nəzarət sisteminin tətbiqini də təklif edir. Onun sözlərinə görə, problemi aradan qaldırmaq üçün vahid taksi sistemi deyil, taksilərə nəzarət qurumunun vahid sistemi olmalıdır: “Vahid taksi sistemi nə praktiki, nə hüquqi, nə də nəzəri olaraq mümkündür. Burada söhbət xidmətin vahidliyindən getmir. Vahid nəzarət dövlət adından olmalıdır”.

Ə. Hüseynov əlavə edib ki, taksilərə vahid nəzarət sistemi olmayanda onlara yetərli nəzarət etmək mümkün olmur və sui-istifadə halları baş verir: “Məsələn, sürücülər normal qazanc əldə etmək üçün 12-14 saat çalışırlar. Bu da təbii ki, normal hal deyil”.

Avtomobil nəqliyyatı üzrə ekspert Eldəniz Cəfərov isə deyib ki, bu sahədə mövcud olan problemlərin həlli o qədər də çətin deyil: “Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qanunvericilik mövcuddur. Eyni zamanda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanun da var. Taksi sürücülərinin də bir işçi kimi fəaliyyətini tənzimləyən, hüquqlarını qoruyan Əmək Məcəlləsi də mövcuddur. Hazırda ölkədə taksi fəaliyyətini tənzimləyən iki qurum var. Onlardan biri paytaxtda taksi fəaliyyətinə nəzarət edən Bakı Nəqliyyat Agentliyi, digəri isə regionlarda bu işi həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. Nazirlər Kabinetinin də taksi fəaliyyəti ilə bağlı 2019-cu ildə qəbul etdiyi qərar-reqlamenti də mövcuddur. Burada taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və taksi fəaliyyətində istifadə olunan avtomobillərə müəyyən tələblər qoyulub. Bütün bu tələblərə, qanunvericiliyə və nizamlayıcı qurumların mövcudluğuna baxmayaraq, taksi operator şirkətləri Azərbaycan qanunlarına hörmət etmir, Nazirlər Kabinetinin reqlamentini saymırlar.
Bu problemlərin həlli üçün resurslar isə kifayət qədərdir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qaydaları pozan, Azərbaycan qanunlarına hörmət etməyən taksi operatorlarına qarşı müəyyən sanksiyalar tətbiq edə bilər. Amma sanksiyalardan əvvəl müəyyən sadə qaydalara əməl olunmasına nəzarət etməli qurumlarımız da bir qədər fəallıq göstərməlidirlər.  Belə ki, hər bir qurum öhdəsinə düşən nəzarət mexanizmlərini gücləndirməli, Nazirlər Kabinetinin qaydalarına riayət olunmasını həm operator şirkətlərdən, həm də sürücülərdən tələb etməlidir. Burada isə, sadəcə, istək və məsuliyyət olmalıdır”.

 

 

 





30.05.2023    çap et  çap et