525.Az

Miokard


 

Miokard<b style="color:red"></b>

Tural İSMAYILOV

(hekayə)

 

Dənizin qırağında sakitcə oturub səssizliklə danışırdım. Əlimdə yenicə bitirdiyim, kumirim Vladimir Nabukovun kitabı vardı. Fikirləşirdim ki, mən - Fərhad - dahiyəm, yoxsa axmaq? Bu, dilemma idi, eyni zamanda fəlsəfə tarixinin ən aktual problematikası! Aristotel, Ptolomey, Tit Lukretsi Kardan müasir dövrün filosofları Eko və Soljenitsına qədər düşünülən və cavabsız qalan suallar idi. Bir tərəfdən ağıllı sayırdım özümü. Axı mən hamı kimi düşünmürdüm. Mənim beynimdə, sözün həqiqi mənasında, "fırtınalar" qopurdu. Anlayırdım ki, böyük qalaktikalar sistemində bizim özümüz heçlik kimiyik, o ki qaldı bizim bəsit ideallarımız. İndi mənim kredit borcum, günəmuzd işlədiyim işlər, evdə həyat yoldaşımın "bir qısmat çörək qazan, yaşa, neynirsən bu kitabları" tənəsi də o qədər primitiv idi ki... Hərdən də düşünürdüm, görəsən, mən Dante, həyatım isə "İlahi komediya"dır?

Mənim düşüncələrim bir neçə, anam demiş, "mən ağılda" olan adamdan savayı hamıya qaranlıq idi. Amma axı qaranlıq həm də işığın yaranma səbəbi idi. Mən ətrafımın qaranlığında itən işıq ovçusu idim. Bu anda arxada adi qeybətlər edən iki gənc sevgili əl-ələ tutub yanımdan keçdi. Onlar düşünürdülər ki, evləndikdən sonra ipoteka krediti götürüb 25 illik maddi asılılığa "salam desinlər". Mən isə sevdiyim fikir adamlarından birinin düşüncələrini beynimdə təkrarlayardım.

Bir vaxt gəncliyin bizə verdiyi o çılğınlıq hesabına Qərbi aydınlıq, Şərqi qaranlıq kimi görməyimiz bizi o qədər "məşğul edirdi ki", fikirlərimizi vahid bir məcrada toplayıb, doğru-dürüst fikirlərdən özümüzü uzaq tuturduq. İnsan azadlıqlarının görüntüsündəki xoşbəxt insan simaları, komplekssiz həyat yaşayan Qərb insani münasibətləri, övladlarının seçimini əngəlləməyən "yanki" valideyn modeli və sərbəst sevgililəri gördükdə açıq-açığına Qərbə o qədər simpatiya duyurduq ki, özümüz və mənsub olduğumuz Şərq arealına qarşı əsəbi bir refleks formalaşırdı beyinimizdə. Halbuki Şərq dəyərdir, Şərq zirvədir. Bəzən də bir yazar dostumun dediklərini düşünürdüm; yazmaq həm də ruhi tələbatdan daha çox, intellektual təklikdən qaçışdır.

Həmişə özümə Nitşsesayağı suallar verməyi sevirdim.

Bakı bulvarında gəmilər siqnal verirdi. Orda uzaqlarda qağayılar səmada uçurdular. Mənim beynimdə Feyerbax fəlsəfəsi var-gəl edirdi. O qağayı varlıq olaraq daha çox imkana malikdir, ya mənim qəribə nisgilli ruhum? "Gənc Verterin iztirabları"nda sentimentallıq da yox idi. Bilirdim ki, əsrlər əvvəl olduğu kimi, əsrlər sonra da çoxluqda məcburi yaşayan, amma əbədi beyin və qəlb təkliyinə məhkum olan insanlar yaşayacaqlar.

Birdən telefonuma mesaj gəldi: "Gələndə çörək al".

Anidən isə...

- Xanım, həyat yoldaşının vəfatından bir il ötüb. Yazığın ürəyi xəstə imiş heç kimə demirmiş yəqin, ya ürəyinə salırmış nələrisə...

- Yox, vallah. Ürəyi sağlam idi. Günəmuzd işlədiyi işlər də bizi qane edirdi, atamın da hər imkanı var, bizə kömək edir, ona heç nə demirdi.

- Allah rəhmət eləsin. Barı get arada qəbrinin kol-kosunu təmizlə...

Hadisədən 5 il sonra Fərhadın qeydləri ortaya çıxdı. Sonda belə qeyd vardı: "Düşüncə öldürür, amma düşüncəsizlik faciədir, fikirləşmək isə yaşatdığı qədər də ürəyi parçalayır".

 

 





31.05.2023    çap et  çap et