525.Az

"Heydər Əliyev və Nizami Gəncəvi irsi" mövzusunda dəyirmi masa


 

"Heydər Əliyev və Nizami Gəncəvi irsi" mövzusunda dəyirmi masa<b style="color:red"></b>

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasi Gəncə Bölməsi və Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və Nizami Gəncəvi irsi" adlı dəyirmi masa keçiriblər. İki günlük, maarifçi xarakterli bu tədbirə mövzuya dərin maraqları nəzərə alınaraq, Şirvan şəhəri 16 nömrəli orta məktəbin şagirdləri də  dəvət olunmuşdular.

Toplantıdan əvvəl alimlər və şagirdlər Ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edərək, onun önünə gül-çiçək dəstələri qoyublar.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları, o cümlədən, Şirvan şəhəri 16 nömrəli məktəbin müəllimi Şəhla Məcidova və onun şagirdlərini salamlayaraq, bu tədbirin özünəməxsus maarifçi missiya daşıdığını vurğulayıb. O, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənc nəslə daha dolğun çatdırılması yönündə bu cür görüşlərin çox əhəmiyyətli olduğunu bildirib.

Dəyirmi masada çıxış edən  Gəncə Regional Mədəniyyət İdarəsinin müdir əvəzi Süleyman Əliyev, Şirvan şəhəri 16 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova, Gəncə şəhəri Heydər Əliyev Mərkəzinin nümayəndəsi İlknur İsgəndərova, Gəncə şəhəri 11 nömrəli məktəbin direktor müavini Həqiqət Hacıyeva, Gəncə şəhəri Nizami Muzeyinin direktoru Elşən Hacıyev və  AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxış ediblər. Çıxışlarda Ümummilli lider Heydər Əliyevin millətimiz və dövlətçiliyimiz naminə əzmkar fəaliyyəti, eləcə də onun Nizami Gəncəvinin yaradıcılığı və fəlsəfəsinə həssas münasibətindən danışılıb. Məktəblilər isə vətənpərvərlik ruhlu şeirlər söyləyərək, tədbiri rövnəqləndiriblər.

Sonra məktəblilər   Heydər Əliyev Mərkəzində, Nizami Gəncəvi Məqbərəsində, Nizami Gəncəvi Muzeyində, "İmamzadə" dini-tarixi kompleksində, Cavad xan Türbəsində, Məhsəti Gəncəvi Mərkəzində, Şah Abbas cümə məscidi və Çökək hamam tarixi memarlıq kompleksində, Gəncə Dövlət Filarmoniyasında, Sərdar bağında olublar. Uşaqlar həmçinin, 44 günlük Vətən müharibəsi günlərində Gəncə şəhərinin raket hücumuna məruz qalan ərazisini də ziyarət ediblər. AMEA Gəncə Bölməsinin əməkdaşları tərəfindən məktəblilərə bu əlamətdar yerlər haqda ətraflı məlumatlar verilib.

Zakir MURADOV
Gəncə

 





31.05.2023    çap et  çap et