525.Az

Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlik adasında göyərərmiş


 

"NEFT DAŞLARI"NDAN REPORTAJ

Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlik adasında göyərərmiş<b style="color:red"></b>

"Neft var, çoxdur və çıxarmaq mümkündür". 1947-ci ilin Azərbaycanında, Xuruşovlu, Bağırovlu ittifaqda bu tezisi söyləyən adam gərək şir ürəyi yeyəydi. Bəlkə də yemişdi. Böyük şair Rəsul Rza "Çinar ömrü" haqqında yazdığı əsərində bu dahi insanın məktəbə gedərkən özü ilə canavar balası apardığını qeyd edir. Yoxsa ki, Xəzər dənizinin "Qara daşlar" adlanan ərazisində neft olduğunu deyib, Bağırova kim həyəcan yaşada bilərdi? Necə yəni neft var, çoxdur və çıxarmaq mümkündür... Dünyada bu faktın analoqu yoxdur. SSRİ-nin tərkibində  zülm çəkən Azərbaycan ilkə imza atmaq istəyir? Belə vəziyyəti Moskvaya söyləməkmi olar?!

Şir ürəyi yeyən canavarı ram etmiş adam getdi də, dedi də, elədi də. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Anastas Mikoyanın gözünün içindən keçirib, Stalinin nəzərinə bu faktı çatdırmaq kamikadzelikdir. 

Faktdır: Moskvanı lərzəyə salaraq elə həmin andan dahiyə çevrilən adam Bağırovun yanına gəlib məruzə edəndə kişinin əsəbindən halı özündə deyilmiş. Olub axı, yoldaş Mircəfərin də qəribə jestləri olub. Ona deyib ki, iddianın üstündə möhkəm dur, qalanı mənlikdir.

...Üç sözlük iddiası ilə dünyanı lərzəyə gətirən haqqında danışdığımız dahi isə həm özü xoşbəxtdir, həm də bizi xoşbəxt etdi.

Onun kəşf etdiyi adaya "Möcüzələr adası" deyirlər. Əslindəsə ora xoşbəxtlik adasıdır. Kiçik bir xalqın fenomen olduğunu kainata təsdiqlətdirən hadisəni qoynunda yaşadan məkana "Xoşbəxtlik adası" demək onun qəddi-qamətinə çox yaraşır.

Ruhunuz qarşısında əbədi baş əyirik, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev. Siz Azərbaycana iqtisadi səadət bəxş etmisiniz.

... Birdən xəbər çıxır ki, biz o səadətin günəş kimi doğduğu həmin məkana gedəcəyik. Dünyada ilk dəfə dənizdən neftin çıxdığı, məhz Arximedin dediyi, dayaq nöqtəsini görəcəyik. Nöqtənin ölçüsü olmur, nöqtələr çoxluğusa düz xətt yaradır. Ağa Qurban Əliyev amalı istiqamətində düz xətli və bərabər sürətli şəkildə hərəkət etdiyi üçün qara daşı göyərdib. Bu dünyanın qara daşı Azərbaycanın xoşbəxtlik adasında göyərərmiş, böyük Musa Yaqub. Yazmışdız ki, bu dünyanın qara daşı göyərməz və həmişə olduğu kimi, tam doğrusunu söyləmisiz, ustad şair. Sadəcə bizdəki göyərən daş, dünyanın daşı deyil, kainatdan gəlib.

Getdik, gördük. "Neft daşları"nda yaşadığımız gün ömrümüzün bəzəyinə çevrildi.

Mayın 25-i ömür tariximizə ikinci dəfə yazıldı. Mətbuat Şurası İdarə Heyəti üzvlərinin əksəriyyətinin orta məktəbdəki son zəngi 25-də olub. Bu dəfəki zəng ilk idi. Hörmətli hocamız Vüqar Rəhimzadənin təşəbbüsü və təşkilatçılığı ilə yaşadıq. Həm də necə hörmət, necə izzət, necə lətafətlə.

Mətbuat Şurası nümayəndələrinin "Neft daşları"na səfəri üçün gəmi xüsusi ayrılmışdı. Yola salınma, yol, qarşılanma, ekskursiya, bilgiləndirmə, ünsiyyət, təəssürat hekayələr üçün mövzular səviyyəsində. Gəmidə bizə çox yüksək səviyyədə münasibət göstərdilər. Sanki gəmini idarə edən heyət mələklər idi, elə hey qulluq göstərirdilər.

Gəmiyə ilk dəfə idi minirdim. Bir daha yəqinləşdirdim: dənizi olan xalqlar bəxtəvər, dənizi ram etməyi bacaranlar qəhrəmanlardır.

Bizi "Neft daşları"nın rəhbərliyi qarşıladı. "Neft Daşları" NQÇİ-nin rəisi Asim Bagırov necə də  "Xoşbəxtlik adası"na yaraşan kadrdır: Gənc, səmimi, intellektual, gülərüz, işçilərlə qardaş, dost... Öyrənirik ki, neftçi peşəsinin sahiblərini xarakterləri fərqləndirir. Onlar çox istiqanlı, hörmətcil, sevgi dolu insanlardır. Bir-birlərinə ancaq qayğı ilə yanaşırlar. Eynisinin şahidi olduq.

Ayrılmaz dostlarıq biz

Tükənməzdir sevgimiz

Qarşımızda baş əyir

Mavi dalğalı dəniz.

"İnsan məskən salır" filmindəndir. Çəkilişlərin aparıldığı məkanları görürük. Düşünürəm: mavi dalğalı dəniz neftçilərin qarşısında hörmət əlaməti olaraq baş əyir. Dənizi urvata mindirirlər, əsəbini sakitləşdirirlər, xalqın səadət payında böyük rolu olduğunu dənizə izah edirlər. Siz deyin, belə müqəddəs düşüncəli insanların qarşısında dalğalar niyə və necə təzim etməsin.

Əlbəttə o dalğaların arasında çətin anlayanları da olub. Dövlətinə, vətəninə özünü sidq ürəklə qurban verməyi bacaran xalqın nümayəndələrinin 21 nəfəri canları bahasına o dalğaları cilovlayıblar. Xatirələri əbədiləşdirilib. Onların adları sıralanan parkda qoyulmuş abidənin qarşısında dayanmışıq. "Neft daşları" qəzetinin baş redaktoru Xeyrulla Ağayev sevgisinin çətirində zəngin və qrammatik qaydalara tam cavab verən elə möhtəşəm məlumatlar verir ki, adam o sözləri ürəyində gizlətmək istəyir, gətirib başqalarına da hədiyyə etsin.

Rəşad Məcidin zövqü mizandır. Xeyrulla Ağayev barədə "danışanda parıldayır, bu onu göstərir ki, Xeyrulla bəy peşəsinin heyranıdır" deyirsə, gərək Qazan xan dövrünə gedəsən belə möhtəşəm insan nümunəsi tapmaq üçün. 

Gəmidən düşürük. Mənzərə anındaca bizi cazibəsinə salır. Estakadalar, yollar, yaşayış binaları, park, abidələr, yeməkxana, çay evi, yaşıllıq və gülərüz insanlar...

Səfər Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ziyarətimiz Heydər Əliyevin adını daşıyan muzeydən başlayır. Xeyrulla müəllimin heyranedici nitqi söylədiklərini canlandırmağımıza səbəb olur. O, danışır, biz görürük: Heydər Əliyev dörd dəfə "Neft daşları"na səfər edib. Ulu öndərin adanın inkişafında, maddi texniki bazasının yüksəlməsində müstəsna xidmətləri olub. Buranın nəhəng neft-qaz istehsalı sahəsinə, yaşayış kompleksinə çevrilməsi istiqamətində böyük işlər görüb. Şəkillərdə anlar əksini tapıb.

Ağa Qurban Əliyevin abidəsini ziyarət edirik. Dahi insan barədə  məlumat verən Xeyrulla müəllimin gözləri parlayır. Peşəsini sevmək nə gözəl hissmiş. Dəyərli həmkarımız o hisslərin müşayiətində bizi bilgiləndirməkdə davam edir.

Həmin yerdəyik -1957-ci il fırtınası qurbanlarının xatirəsinə həsr olunan abidə kompleksinin qarşısında. Dəyərli həmkarımız danışır: Xəzərin son yüz illik tarixində ən yüksək külək - saniyədə 44 metr sürətə malik olub və dalğaların hündürlüyü 13 metrə çatıb. Faciə yaşanır - iki qazma briqadasının 21 üzvü estakada ilə birlikdə qəhrəmancasına həlak olur. Onların əksəriyyəti neft daşlarının təməlini qoyan insanlar idi. İlk quyunu qazan, Mixayel Kaveroçkin dünyasını dəyişir. Briqadaların birinə o, digərinə Süleyman Bağırov rəhbərlik edib.

Birinci Qarabağ müharibəsində "Neft daşları"nın şəhid olan 17 nəfər əməkdaşının xatirə kompleksində sükuta dalırıq. Danışılası heç nə yoxdur. Şəhidlər nəyi, harda, necə demək lazım idisə, onu da mükəmməl deyiblər.

1979-cu ildə "Neft daşları"nın 30 illiyi münasibəti ilə qoyulmuş "Neftçi abidə" kompleksinə baxış keçiririk. Ağappaq nəhəng kompleksdir. Qara rəngli neftlə iqtisadiyyatı ağardan qəhrəmanların şəninə qoyulub, rəng onların əməllərinin təzahürüdür.

Bu da həmin quyu. Dünya neft tarixində ilk dəfə dəniz neftinin çıxarıldığı dayaq nöqtəsi - bütün adanı üzərində saxlayan ölçüsü olmayan nöqtə. Üzərindəki qurğunun maketi də tarixin özüdür. 1949-cu il noyabrın 7-də 942 metr dərinlikdən fontan vuran quyu dünya neft tarixində yeni eranın başlandığından xəbər verdi. Sonradan 75 il ərzində 2 mindən çox quyu qazılıb, 200 milyon tondan çox neft çıxarılıb.

"Dəyirmi masa" arxasında mütləq oturmalıydıq. Belədə bir-birimizin simasındakı fərəhi, qüruru, sevinci yaxşı görə bilərdik. Gördük də. Təəssüratlarımızı bölüşdük, Ulu öndərin neft strategiyasına dair fəaliyyətindən söz açdıq, "Neft daşlar"ı möcüzəsinin bütün dünyada tanıdılması məqsədilə maraqlı təkliflər səsləndirdik. Aramızda fəxrimiz olan gənc xanım da var. Vüsalə Mahirqızının qızı Sara xanım. Millətinin başını uca edib: ABŞ-ın Boston Universitetinə qəbul olunub. Elə də ağıllı, mütəvazi, intellektual xanımdır ki. Gördüklərini xarici tələbə yoldaşlarına çatdıracağını söylədi, gözəl də təklif verdi. Dedi ki, "Neft daşları" barədə kiçik tanıtım roliki hazırlayıb, bulvarda böyük ekranların birində mütəmadi nümayiş etdirmək lazımdır. Sevginə, istedadına əhsən, Sara xanım.  

Öyrənirik ki, "Neft daşları"nın ilk illərini əks etdirən fotoguşə də yaradılıb. Səadət Məmmədova böyük həvəslə o guşəni görmək istədiyini söyləyir. Dəyərli həmkarım nahara da getmək istəmir. Razılaşırıq ki, nahardan sonra hamımız həmin fotolara baxmağa gedəcəyik.

Qonaqpərvərliyiniz mübarək, əziz neftçilər. Açdığınız süfrədəki nemətlərin dadı damağımızdadır. Bir də aurası könlümüzə həkk olunub. Eynən gəmidəki kimi: mələk insanlar ətrafımızdan çəkilmirdilər, elə qulluq, elə qulluq göstərirdilər.

Bu da həmin fotolar. "Neft daşları" bir istinad nöqtəsinə söykənilərək batırılan 7 gəminin üzərində qurulub.

Fotolar şahiddir. 7 gəminin qalıqları görünür. "Neft Daşlar" 75 ildə 3 dəfə dağılıb. Ağa Qurban Əliyevin ruhundan güc alan insanlar adada möcüzə yaradacaqları inamından bir addım geri çəkilməyiblər - dayaq nöqtəsi onların cazibə qüvvəsinə çevrilib.

25 may 2023-cü il tarixi də bizim ömrümüzün sitayiş olunacaq gününə çevrildi.

Geri dönürük. Gəmidəyik. Yadigar Məmmədli ilə söhbətləşirik. Qənaətimiz: Azərbaycan xalqı yer üzünün lütfüdür. Sübut üçün onlarla dayaq nöqtəmiz var - yer planetini məhvərinə qaytarmaq üçün dayaq nöqtələri.

Bakı - "Neft daşları" - Bakı 

 





31.05.2023    çap et  çap et