525.Az

Çin Rusiyanı xilas etmək istəmir - Xaqani Cəfərli yazır


 

Çin Rusiyanı xilas etmək istəmir - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Rusiya hakimiyyət irarxiyasında rəsmən ikinci şəxs olan Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətinin təmtəraqla təşkil edilmiş Çin səfəri rəsmi Moskva üçün "soyuq duş" oldu. Qərbin sanksiyalarına davam gətirmək üçün Pekinin güvənən Rusiya hakimiyyəti Baş nazir Mixail Mişustinin başçılıq etdiyi heyətinin Rusiya-Çin iqtisadi forumuna səfərinə böyük ümid bəsləyirdi. Rəsmi Moskvanın ehtimalına görə bu səfər Çinlə daha güclü iqtisadi əlaqələr qurmağa və yeni yardım tapmağa xidmət etməli idi.

 Bu məqsədlə Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyətinə Baş nazirin dörd müavini -  Dmitri Qriqorenko, Dmitri Çernışenko, Denis Manturov və Aleksandr Novak, eləcə də kənd təsərrüfatı naziri Dmitri Patruşev və nəqliyyat naziri Vitali Saveliyev, Rusiyanın iki ən böyük bankının - Sberbank-ın prezidenti German Qref və VTB-nin rəhbəri Andrey Kostin, milyarderlər - Severstal şirkətinin sahibi Aleksey Mordaşov və Fosaqro şirkətinin qurucusu Andrey Quryev daxil idilər. Lakin Çin rəsmilərinin Rusiya hakimiyyətinin bu istəyinə həssaslıqla yanaşmadığı, əksinə, soyuq münasibət bəslədiyi üzə çıxdı. Rusiya-Çin iqtisadi forumuna ev sahibliyi etməli olan Çin Xalq Respublikasının Dövlət Şurasının sədri (Baş nazir) Li Çian Çinin forumun işində iştirakdan imtina edərək, tədbirə müavini He Lifeni göndərib. Rusiya-Çin iqtisadi forumuna Çin hökumətinin yüksək səviyyəli rəsmilərinin və ən nüfuzlu şirkət rəhbərlərinin qatılmaması forumda Baş nazir Li Çian Çininin iştirak etməməsini başqa cür izah etmək mümkün deyil. Çin tərəfinin bu addımı forum iştirakçılarının hamısının adının Qərbin sanksiya siyahısında olması ilə izah olunur. Rusiya mediası baş vermiş hadisəni "istiqanlı çinlilər"in Qərbin sanksiyalardan bərk qorxması ilə izah edirlər. Belə görünür ki, çinlilər Rusiya ilə iqtisadi əlaqələrdən götürəcəkləri mənfəətə baxmayaraq Qərblə münasibətləri təhlükə altına salmaq istəmirlər.

Rusiya mətbuatının məlumatına görə, vəziyyət elə həddə çatıb ki, Rusiya nümayəndə heyətinin üzvlərindən biri 100 dollarlıq əsginası yerli mübadilə məntəqəsində yuana dəyişmək istəsə də, onun istəyi rədd edilib. Səbəb isə həmin şəxsin ad və soyadının sanksiyaya məruz qalan bir rusiyalı iş adımı ilə oxşarlığı olub. Çinlilər hətta dəqiqləşdirmə aparmağa da ehtiyac görməyiblər. Çin rəsmilərinin soyuq münasibətinə baxmayaraq Rusiya tərəfi cəlbedici açıqlamalarla forumun yüksək səviyyədə keçdiyini nümayiş etdirməyə çalışıb. Baş nazir Mixail Mişustin bəyan edib ki, Moskva ilə Pekin arasında münasibətlər görünməmiş dərəcədə yüksək səviyyədədir: "Rusiya ilə Çin arasında ilin sonuna qədər ticarət dövriyyəsi 200 milyard dolları ötəcək. Bu ticarətin 70 faizi yuan və rublla həyata keçirilir". Çinli baş nazir cavab olaraq bəyan edib ki, rəsmi Pekin hər iki tərəfin maraqlarına cavab verən məsələlərdə Rusiya ilə əməkdaşlığı davam etməyə hazırdır. Bu isə o deməkdir ki, Rusiyanın təklifləri Çinin marağına tam cavab verməsə, Pekin Moskvaya yardım etməyəcək. Çin Rusiyadan neft alışını iki dəfə artıraraq 2 milyon barrelə yüksəldib. Eyni zamanda, Çin kömür idxalını 127, alüminium alışını 200 faiz artırıb.

Lakin maraqlarına uyğun olmayanda Pekin məhdudlaşdırıcı addımlar atmaqdan çəkinmir. Məsələn, Çin bütövlükdə dünyadan buğda idxalatını 60 faiz artırsa da, Rusiyadan alışı demək olar ki, dayandırıb. Yanvar-aprel aylarında Çin 6 milyon ton buğda idxal edib ki, bu da bir illə müqayisədə 60 faiz çoxdur. Rusiyadan idxal edilən buğdanın həcmi isə cəmi 30 min ton olub ki, bu da buğda idxalatının cəmi 0.5 faizini təşkil edir. Məlumata görə, Çinin Rusiyadan buğda alması Vladimir Putinlə və Si Cinpin arasında martın sonunda Moskvada keçirilən görüşdə müzakirə olunsa da, ötən müddət ərzində heç bir irəliləyiş baş verməyib. Aydın görünür ki, Çin Rusiya istehsalı olan buğdanı almaqdan imtina edir. Rusiyadan buğda almaqdan yayınan Çin tələbatını əsasən Avstraliya, Kanada və ABŞ hesabına təmin edir. Çinin buğda idxalatında Avstraliyanın payı 59 faiz, Kanadanın payı 18 faiz və ABŞ-ın payı 9 faiz təşkil edir. Çin rəsmiləri Rusiyadan buğda idxalatını məhdudlaşdırmasını fitosanitar tələblərlə izah etsə də, bu çox inandırıcı görünmür. Ötən il rusiyalı fermerlər rekord həddə taxıl məhsulları becərsələr də, onların məhsulu Rusiyanın böyük ümidlərlə üz tutduğu ticarət tərəfdaşına lazım deyil. Halbuki Rusiyanın 50-55 milyon tonluq taxıl ixracatında Çin önəmli rol oynamalı idi. Rusiya prezidenti Vladimir Putinin və Baş nazir Mixail Mişustinin cəhdlərinə baxmayaraq Pekin mövqeyini dəyişməyib.

Rusiya üçün Pekindən gələn daha bir "acı xəbər" Çinə qaz nəqlinin artırılması ilə bağlı danışıqların dalana dirənməsidir. Son məlumatlara görə Çin 50 milyard kubmetr gücündə "Sibirin gücü 2" layihəsinin əvəzinə Türkmənistandan çəkiləcək yeni qaz kəmərinə üstünlük vermək qərarına gəlib. Baxmayaraq ki, Türkmənistandan idxal edilən qaz Çinə Rusiya qazından 30 faiz baha başa gəlir. Aşqabadla aparılan danışıqlar zamanı Pekin qazın qiymətində endirimə nail olmasa da, yenə Türkmənistandan ildə 30 milyard kubmetr idxal etmək niyyətindədir.  2022-ci ildə Çin mövcud üç boru kəməri ilə Türkmənistandan 35 milyard kubmetr qaz idxal edib və bunun üçün 10,3 milyard dollar ödəyib. 2019-cu ildə işə salınan "Sibirin gücü" ilə Rusiyanın ixrac etdiyi 16 milyard kubmetr qaza görə Pekin cəmi 4 milyard dollar ödəyib. Rusiya prezidenti Vladimir Putinin mart ayında Kremldə Çin dövlət başçısı Si Cinpinlə görüşündə qaz ixracını 6 dəfədən çox artıraraq  ildə 98 milyard kubmetrə qədər çatdırmağı təklif etsə də, müsbət cavab almadı. Rusiya iqtisadiyyatının Qərb sanksiyalarının altında boğulduğu bir zamanda Çin xilasedici olmaq istəmədiyini hər imkanda nümayiş etdirir.  Belə görünür ki, Rusiya düşdüyü vəziyyətdən çıxmaq üçün son ümidini də itirmək üzrədir.

 





01.06.2023    çap et  çap et