525.Az

ATƏT dağılacaqmı?


 

ATƏT dağılacaqmı?<b style="color:red"></b>

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) dağılmaq təhlükəsi qarşısında olduğunu bəyan edib. Finlandiyalı nazir ATƏT-in dağılmaq təhlükəsi ilə üzləşməsinə görə Rusiya və Belarusu ittiham edib.

Rusiya və Belarusun ittiham edilməsi təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, ATƏT-də sədrlik rotasiya prinsipinə əsaslanır. Qarşıdan gələn 2024-cü ildə ATƏT-ə sədrlik Estoniyaya keçməlidir. Lakin Rusiya və Belarus Estoniyanın sədrliyinə razılıq vermir. ATƏT-in fəaliyyəti ilə bağlı qaydalara görə, təşkilata üzv olan 57 dövlətin hamısı yeni sədri təsdiq etməlidir. Əks halda yeni sədr fəaliyyətə başlamır. Buna görə Rusiya və Belarusun 2024-cü ildə Estoniyanın sədrliyinə razılıq verməməsi ATƏT-də böhran yaranmasına səbəb olub.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, əgər bu məsələdə konsensus əldə olunmasa, gələn il ATƏT-in bir təşkilat kimi məhvi ili olacaq. ATƏT hazırda Rusiya, ABŞ və Ukraynanın təmsil olunduğu yeganə Avropa təhlükəsizlik təşkilatıdır. Əsas vəzifələri münaqişələrin qarşısının alınması, sülhün monitorinqi və seçkilərin müşahidəsi olan ATƏT indi dağılmaq təhlükəsi ilə üzləşib.

Lakin yaranmış vəziyyətdən çıxış yolu var. Rusiya və Belarusun mövqeyində dəyişiklik olmayacağı halda bu iki ölkə ATƏT-dən çıxarıla bilər. Ümumiyyətlə, Rusiyanın beynəlxalq təşklatlardakı fəaliyyəti artıq bir problemə çevrilməkdədir. Rusiya veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasının fəaliyyətin pozulmaq həddinə gətirib. Buna görə son zamanlar BMT Baş Assambleyasının fəaliyyəti önə çıxmağa başlayıb. İndi də ATƏT-də böhran yaranıb. Aydın görünür ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatmayana kimi beynəlxalq təşkilatlarda böhranlar bitməyəcək.

Digər tərəfdən BMT Baş Assambleyasında və ATƏT-də yaşanalar beynəlxalq təşkilatların yenidən formalaşdırılması zərurətini üzə çıxarıb. Aydın görünür ki, beynəlxalq təşkilatlar bu günün tələblərinə cavab vermir.

Rusiya ilə bağlı yaranmış vəziyyət Qərb ölkələrinin təmsil olunmadığı regional təşkilatların və birliklərin fəaliyyətinə mənfi təsir edir. Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin haqqında çıxardığı həbs orderi BRICS (Brazil, Russia, India, China, South Africa) kimi əməkdaşlıq platformasının, bəzi postsovet respublikalarının təmsil olunduğu Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində də hiss olunur. Buna görə də indi ATƏT-də yaşananlar təsadüf deyil. Belə görünür ki, Rusiyanın siyasəti və Rusiyaya münasibət dəyişmədikcə beynəlxalq təşkilatlarda böhranlar davam edəcək. 

 





02.06.2023    çap et  çap et