525.Az

Uşaqdakı fərasət


 

"Fraqmentlər" silsiləsindən

Uşaqdakı fərasət<b style="color:red"></b>

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

İşdən gəlib içəri girəndə, qardaşım qızı üç yaşlı Motlik (əsl adı Aylin) o biri otaqdan qaça-qaça, balaca ayılar kimi yanlarını yerə basa-basa, toppuş yanaqları titrəyə-titrəyə özünü yetirir. "Tofita aldın, əmi?" - təlaşla soruşur, qorxur, birdən almamış olaram. Pencəyimin döş cibindən istədiyini çıxardıb ona uzadıram. Səhərdən səbirsizliklə gözlədiyi konfeti götürüb sevincək böyük otağa qaçır. Gün ərzində üç dəfə mənə zəng edib bərk-bərk tapşırıb: "Mənə Tofita alarsan ha". Hər dəfə "Almasam?" sualına "Döyəcəm səni" cavabı verib.

"İstəyirsən ən çox nəyin olsun?" - "Tofita".  Tez-tez bu sualı verib eyni cavabı almaqdan həzz alıram. Hələ ki eyni şeyi eşitməkdən bezməyib. Bir dəfə anası toyuq şorbası yemədiyinə görə Tofitonu əlindən alanda, Motlik hamımızın gözü qarşısında özünü yerə çırpıb qışqırmışdı: "Həyatıma zəhər qatmayın!" Hamımız onun dilimizdən bir müddət düşməyən bu sözlərinə xeyli gülmüşdük.

Məndən öncə işdən gələn qardaşım divanda uzanıb, burnundan çıxan fit səsindən bilinir ki, şirin yuxudadır. Qəfil bir dişləm aldığı konfeti Motlikin əlindən alıb pıçıltıyla əmr edirəm: "Get atanı döy, verim," - əlimlə sağ yanağına yavaşca vurub şillələmək işarəsini göstərirəm. Qaşları yuxarı qalxır, ilk dəfədir ona cürbəcür şirniyyatlar alan sevimli əmisindən belə bir əcaib xahiş eşidir. Deyəsən, onu ən çox heyrətləndirən yeməyə başlayarkən konfeti əlindən almağım oldu. "Motlik, bax, atanı vurmasan, sənə heç vaxt Tofita almayacam ha," - qaşlarımı çatıb hər sözü qalın səslə, xüsusi vurğuyla deyirəm. Yerindən götürülür, bayaqkı ayı yerişiylə divana tərəf gedir, öncə diqqətlə atasına, sonra çönüb mənə baxır. Gedir-gəlir, gedir-gəlir, dayanıb gözlərini mənə zilləyir. "Bəlkə əl çəkəsən bu zəhərli fikrindən?" yazılıb baxışlarında. Hə, onu deyim, arada işdən gələndə, sevdiyi konfeti ona uzadıram, götürmək istəyəndə, tez cibimə soxuram. "Aa yeyim," - deyir, görür, gözümü qırpmadan ona baxa-baxa konfeti vermirəm, "Aa onda baxım!" qışqırır, tez istədiyini çıxardıb ona uzadıram.

Atasını da çox istəyir, məni də, tez-tez əlimdəki Tofitoya göz atır. Qəliz vəziyyətə düşüb, konfet məsələsi olmasa, "Əmi, sən çıx get" deyərdi, toppuş yanaqlarını tez-tez öpəndə, dişləyəndə, məni adətən, bu sözlərlə başından edir. Mənsə hələ də məzələnmə ovqatındayam. Rüşvət metoduna əl atıram: "Motlik, hər gün sənə çoxlu Tofita, ekler alacam, - əllərimi yana açıb çoxluq işarəsini göstərərək deyirəm. - Ona görə get atanı ak elə. Yavaşca, bərk yox". Yenə atasına tərəf gedir, dayanıb diqqətlə ona baxır, hirslə fısıldayır, başını bulayır, tərəddüdün, əsəbin pik həddindədir, yanaqları qızarıb. Qəfil ona yazığım gəlir, bir az rəhmə gəlirəm, həm də istəmirəm həmin an mənə nifrət etsin. Elə hazırlaşıram çırtma işarəsini göstərib deyəm ki, Motlik, yavaşca atanın qulağına belə vur, əlini atasının başı üzərinə qaldırır. Bu dəfə məndəki rəhmi maraq üstələyir, bir yüngül şilləylə dünya dağılmaz, qoy vursun, şirin yuxusundan olacaq qardaşım uzağı, mənə hirslənəcək, tez də hirsi keçəcək. Nəhayət, Motlik atasına tərəf çevrilir, əlinin içiylə dəri üzlüklü divanın qırağına zərblə vurur, "şapp!" səsi ətrafa yayılır. "Halaldı sənə, Motlik," - pıçıldayıram.

Qardaşım dik atılıb yerində oturur. Qorxudan bərəlmiş gözlərini ona zilləyən qızına baxır. Qaşlarını çatsa, Motlik dodaqlarını büzəcək, sonra hönkürəcək. Atası mənə baxır, o dəqiqə başa düşür "şapp!" səsinin səbəbkarı kimdir, əlini yelləyib ayağa durur, mətbəxə keçir.

Motlik gözlərini qıyıb ciddi-ciddi mənə baxır, sanki "Hə, rahat oldun, əmi?" soruşmaq istəyir, indi hirslə deyəcək, əmi, sən çıx get. Özümü elə göstərirəm, guya etdiklərimdən peşman olmuşam. Birdən Motlik pıçıltıyla deyir: "Əmi, mənə ekler də alassan?" - "Ekler də, paxlava da şəkərbura da," - bayaqdan əlimdə saxladığım Tofitonu ona uzadıram. Konfeti götürüb, növbəti əcaib tapşırıq alacağından qorxurmuş kimi tez o biri otağa qaçır.

 





01.06.2023    çap et  çap et