Səhər obaşdan kirpi, balalarını yuxudan oyadıb:
- Çıxıram sizə yem dalınca. Görüm ilandan-çayandan nə tapıram. Mən qayıdıb gəlincə yuvadan çıxmayın, -deyərək getdi.

Kirpinin sözə baxmayan balası Höcətbala deyilənləri qulaqardına vurdu. Yuvadan çıxıb üz tutdu yaxınlıqdakı təpəyə. Bir az gəzib-dolandı. Daşlıqdan keçərkən ehtiyatsızlıq üzündən bir daş çarpanağı onun ayağını yaraladı...
Ayağı bərk ağrıdığından Höcətbala artıq yeriyə bilmirdi. O, yaxınlıqdan ötüb keçən dovşanı görüb səslədi:
- Dovşan, ay dovşan, ayağımı daş yaralayıb. Məni belinə götürüb həkimə çatdıra bilərsənmi?
Dovşan başını tərpətməklə razılığını bildirdi və ona yaxınlaşdı. Bala kirpi belinə minməyi ilə dovşanın çığırmağı bir oldu. Həyəcanla: - Düş belimdən, düş belimdən, Tikanın belimi deşdi! - dedi və oradan uzaqlaşdı.
Aradan bir az keçmişdi ki, bir tülkü göründü. Höcətbala ufuldaya-ufuldaya tülkünü çağırdı:
- Tülkü lələ, ayağımı yaralamışam, məni həkimə çatdıra bilərsənmi?

Tülkü Höcətbalanı belinə götürmək istədi. Ancaq tikanlar onun da belinə sancıldığından tezcə sıpıxıb getdi...
Höcətbalanın ayağının ağrıları anbaan artırdı.Birdən yolla keçib gedən qurdu görüb əlacsız halda zarımağa başladı:
- Ay qurd baba, ayağım əzilib, bərk ağrıyır. Məni həkimə çatdıra bilərsənmi?
Qurd dayanıb Höcətbalanı başdan-ayağa süzdü. Gördü ki, yeriyə bilmir. Nə fikirləşdisə, razılaşdı. İstədi ki, Höcətbalanı belinə götürsün. Bu zaman hiss etdi ki, dərisinə nəsə sancıldı... O da dovşan və tülkü kimi başını aşağı salıb Höcətbaladan aralaşdı...
Kirpi tamam taqətdən düşmüşdü. Daha yeriyə bilmirdi. Bir az keçmişdi ki, uzaqdan gələn anasını görüb sevincək oldu.
Anası Höcətbalanı belinə götürüb, yolboyu onu tənbeh edə-edə həkimə çatdırdı...
KÜRT ALABAXTA
Babamla bağçada işləyirdik. Birdən ağacların arasından bir alabaxta vurulmuş kimi şappıltı ilə yerə düşdü. Cəld cumub quşu tutdum. O yan-bu yanına nə qədər diqqətlə baxdımsa, nə qıçında, nə də qanadında bir zədə tapmadım. Bəs görəsən quş niyə uça bilmirdi?..

Alabaxtanı babama göstərdim. O da quşu diqqətlə nəzərdən keçirdi. Sonra gülümsəyə-gülümsəyə sözə başladı:
- Bilirsənmi, bala. Bu quş nə müddətmiş ki, yuvada kürt yatırmış. Yumurtanın üstündən təzəcə qalxıb. Uzun müddət yatdığına görə qıçı da, qanadı da uyuşubdur. Buraxaq getsin. Bir azdan uyuşuğu açılacaq. Quşu bağçaya buraxdıq. Qanadını şappıldada-şappıldada ağacların dibində xeyli gəzib-dolandı. Sonra yavaş-yavaş havaya qalxdı...
çap et