525.Az

Mərvə Dizdar gerçəkliyi: mükafatdan sonrakı qınaqlar


 

Mərvə Dizdar gerçəkliyi: mükafatdan sonrakı qınaqlar<b style="color:red"></b>

Bu qarışıq, səs-küylü gündəmin içərisində mədəniyyət adına gözəl hadisələr də olur. Məsələn, türkiyəli tanınmış aktrisa Mərvə Dizdarın 76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" seçilməsi...

Məşhur rejissor Nuri Bilge Ceylanın "Quru otlar üstündə" filmindəki roluna görə kino dünyasının ən mötəbər mükafatına layiq görülən Mərvə, Kannda fərqlənən ilk türk qadın aktrisadır. Ona görə də fikrimcə, onun bu uğuru təkcə Türkiyənin deyil, bütünlükdə Türk dünyasının uğurudur.

Təəssüf ki, bütün uğurlar, bütün qələbələr kimi bu uğur da tənqidlərdən, qaralamalardan yayına bilmədi. Bu dəfə bəziləri Mərvənin Kanndakı nitqini hədəf aldı. Belə ki, M.Dizdar mükafatını alarkən filmdə yaratdığı xarakterin və başına gələnlərin yaşadığı ölkə üçün elə də yad olmadığını deyərək bu mükafatı əzilən qadınlara ərməğan etdiyini bildirdi: "Filmdə canlandırdığım Nuray xarakteri inandığı şeylər və varlığı üçün mübarizə aparan və bu uğurda bədəllər ödəməyə məcbur qoyulan bir qadındır. Onu tanımaq və anlamaq üçün uzun-uzun çalışmaq istərdim.

Amma təəssüf ki, yaşadığım coğrafiyada bir qadın olmaq, Nurayın və Nurayların duyğusunu doğulduğum gündən bəri əzbər bilməyimi zərurətə çevirir. Bu ödülü ona layiq görülənlərə boyun əyməyib etiraz edən, bu uğurda hər şeyi gözə alan və nə olursa olsun, ümid etməkdən vaz keçməyən bütün bacılarım və Türkiyədə haqqı olan gözəl günləri yaşamağı gözləyən bütün mübariz ruhlara ərməğan edirəm".

Aktrisanın Türkiyəni "yaşadığım coğrafiya" adlandırması və bir növ türk qadınlarının bu ölkədə dəyər görmədiyi kimi mənalandırılan cümlələri başda sənətçi dostları olmaqla çoxlarının hiddətinə səbəb oldu. Etirazçıların bəziləri onun bu sözləri Fransa kimi tarix boyu digər xalqlara qarşı çox haqsızlıqlar törətmiş bir Avropa ölkəsində söyləməsini daha çox tənqid etdi. Onların fikrincə, Mərvə bir türk filmində əzilən türk qadınını oynaya, bununla dünyaya çıxa, hətta dünya miqyaslı ödül qazana bilər, amma oynadığı bu xarakterin Türkiyədə var olduğunu söyləyə bilməz. Yəni Mərvə Dizdar bir "xəyal ürünü"mü canlandırıb?! Absurddur!

Hətta bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu etirazçıların çox az qismində vətən, vətəndaş, xalq təəssübü var. Onlar bu təəssübkeşliyin arxasında özlərinin paxıl və xəbis simalarını gizləmək məqsədi güdürlər.

İstər Türkiyənin "Yeşilçam" filmlərində, istərsə də son 20-30 ildə bütün dünyaya çıxan, dünyanın az qala hər yerində yayımlanan və buna görə də durmadan istehsal edilən türk seriallarının 10-dan 9-da məhz türk qadınının əzilməsi, fiziki, mənəvi istismar edilməsi, xor görülməsi, kölə kimi alınıb-satılması, nəslindəki, həyatındakı bütün kişilər tərəfindən səsinin boğulması kimi mövzular işlənir. Nə hikmətdirsə, həmin ekran işləri Türkiyədə nə o seriallarda oynayıb pul, şan-şöhrət qazanan sənətçilər, nə də gününün çoxunu onlara baxmaqla keçirən tamaşaçılar tərəfindən etiraz görməyib. Kimsənin, "bu cür filmlər, seriallar ölkəmizin imicinə zərbə vurur" fikri ağlına da gəlməyib. Bu filmlər, seriallar cəmiyyətdə daha çox marağa səbəb olub, o maraq yarandıqca daha çox çəkilib, daha çox pullar qazandırıb və nəhayətində, dünyanın bir çox ölkəsinə ixrac edilib. Hətta bununla o serialların rejissorları, sənətçiləri və tamaşaçıları qürur da duyub. Heç kim "ölkəmiz aşağılandı, pis təqdim olundu" deməyib. Ancaq içlərindən biri həmin obrazlardan birinə görə mükafat alıb həqiqəti söylərkən oldu "xalq düşməni". Bu situasiyada səmimiyyətdən, vətən təəssübündən söhbət gedə bilərmi? Fikrimcə, yox!

Mərvə Dizdar çox istedadlı, peşəkar və səmimi aktrisadır. Bu mükafat onun tam haqqı idi və arxasında nələrin olmasından asılı olmayaraq, haqqını aldı. Sadəcə, o, nitqində qadınların gördüyü zülmü təkcə Türkiyə ilə məhdudlaşdırmamalı, bütün dünyaya şamil etməli idi. Axı bu həyata qadın kimi gəlmək dünyanın çox yerində ömür boyu çətinliklər, müsibətlər yaşamaq deməkdir!

 





01.06.2023    çap et  çap et