525.Az

Azərbaycan folklorunda Çevrilmə motivi: şimal-qərb bölgəsinin söz saxlancına bir baxış


 

Azərbaycan folklorunda Çevrilmə motivi: şimal-qərb bölgəsinin söz saxlancına bir baxış<b style="color:red"></b>

Azərbaycanın şimal-qərb bölgəsinin folkloru ümumazərbaycan folklorunun zəngin bir tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Həmçinin bölgənin folklorunun mifoloji rakursdan da tədqiqi elmi yeniliyi ilə səciyyələnir. Xüsusilə, şimal-qərb bölgəsinin folklorunda çevrilmə motivinin ilkin araşdırılması müasir folklorşünaslıq elmi üçün maraq doğuran məsələlərdəndir.

Ümumazərbaycan folklorunun formalaşmasında region folklor nümunələrinin müstəsna əhəmiyyəti var. Xüsusilə, Azərbaycanın şimal-qərb bölgəsinə aid olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarından toplanmış folklor örnəklərində özünəməxsus spesifik cəhətlər, elmi - tədqiqat üçün yenilik daşıyan məqamlar diqqətçəkəndir.

Şimal-qərb bölgəsinin folklorunda ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanının boyları ilə paralellik bu bölgənin özünəməxsus və orijinal səciyyə daşıyan cəhətlərindən biridir. Bundan başqa bölgənin folklorunun mifoloji aspektdən də araşdırılması, toplanan folklor örnəklərində mifik düşüncənin, arxetiplərin, kultların, mifik süjet və motivlərin tədqiqat müstəvisinə gətirilməsi də elmi-tədqiqat üçün yenilik daşıyan məqamdır.

Azərbaycan folklorunda mifoloji şüurun, mifik düşüncənin araşdırılması son illərdə folklorşünaslığımızın məşğul olduğu ən maraqlı sahələrdəndir. Professor Seyfəddin Rzasoy "Mifologiya və folklor: nəzəri-metodoloji kontekst" kitabında mif-folklor-ədəbiyyat münasibətlərinin dialektik strukturuna toxunaraq yazır: "Mifdən folklora, folklordan ədəbiyyata inkişaf prosesində mif və folklor ədəbi düşüncənin struktur səviyyələrinə çevrilir. Bu baxımdan ədəbiyyatın milli özünüifadə kodlarından biri kimi dəyərləndirilməsi onun mif və folklor kontekstində öyrənilməsini zərurətə çevirir".

Mənbələrə görə, Azərbaycan folklorunda mifoloji axın iki istiqamətdə özünü göstərmişdir. Birinci istiqamət mifik dövrün ilkin təsviri öz ifadəsini nağıl, əfsanə, əsatirlərdə tapıb. İkinci mifoloji qaynaq isə Azərbaycan folklorunun özülünü təşkil edən "Avesta"dır. İlk insan haqqında miflər, totemlə bağlı miflər, o cümlədən "Div" kultunun ilkin rüşeymi məhz "Avesta" kitabında qeyd edilib.

Azərbaycanın şimal-qərb bölgəsinin folklorunun mifoloji aspektdən araşdırılması tədqiqat işimizin qarşısında duran əsas məsələdir. Tədqiqat işində bölgənin folklor örnəklərində mifik motivlərdən çevrilmə motivi tədqiqata cəlb olunub.

Türk mifoloji obrazlar sistemində Çevrilmə motivi - Çevrilmə paradiqması xüsusi önəm daşıyır. Professor Cəlal Bəydili (Məmmədov) "Türk mifoloji sözlüyü" kitabında yazır: "Dönərgəlik (çevrilmə) demonik varlıqların görünüşü və təbiətində özünü göstərməklə yanaşı, mifoloji strukturlu personajın öz cildini magik yolla dəyişdirməsi şəklində təzahür edir".

Azərbaycan folklorunda çevrilmə motivinin struktur-semantikasını daha geniş şəkildə folklorşünas alim Əsmər Əliyeva araşdırıb. O, "Azərbaycan folklorunda çevrilmə motivi" monoqrafiyasında bu motivi mifik yaradılış formulu kimi dəyərləndirir.

Azərbaycanın şimal-qərb bölgəsinin folklor örnəklərində də çevrilmə paradiqması orijinallığı ilə səciyyələnir. Şimal-qərb bölgəsindən toplanmış folklor nümunələrində  çevrilmə motivinin daşa, ağaca, quşa çevrilmə invariantlarına rast gəlirik. Şimal-qərb bölgəsinin folklorunda ağac kultunun iki çevrilmə invariantıyla qarşılaşırıq. Ağaca çevrilmənin bölgənin folklorunda iki struktur xüsusiyyəti görünür: ağacın antropomorflaşması, ağacın reantropomorflaşması. Ağacın antropomorfizmi onu inkarnasiya və reinkarnasiya prosesinə yaxınlaşdırır, belə ki ağac insana və insan ağaca çevrilə bilir. Ağac kultu antropomorflaşanda o insana aid xüsusiyyətləri qəbul edir, yəni ağac doğur, ağac ağlayır vəs.

Şimal-qərb bölgəsindən əldə olunmuş bir folklor örnəyində ağacın antropomorflaşmasının şahidi oluruq. "Söyüd ağacı"  əfsanəsində qardaşlardan biri o birini ədavət üstündə vurub öldürür və ağacın altında quyu qazıb meyidi basdırır. Bunları seyr edən söyüd ağacı ağlayaraq o gündən özünü lənətləyərək deyir: Allah, məni yaradan yerdə daş yaradaydın, qardaş öz qardaşının qanını üstümə tökdü. Söyüd xəcalətli qalır, o vaxtdan həmişə başını aşağı salır. Əfsanədə biz ağacın sosial funksiyasını (şahidlik) görmüş oluruq. Ağacın digər xüsusiyyəti reantropomorflaşmasıdır. Adətən əfsanələrdə qızlar ən çətin məqamlarda ağaca dönməyi arzulayırlar. Bölgədən toplanmış "Yalqız ağac"  [əlyazma] əfsanəsində qız onu təqib edən bəy oğlundan xilas olmaq üçün ağaca çevrilir. Yeri düşmüşkən qeyd edək ki, şimal-qərb bölgəsinin folklorunda ağac kultunun  "Oğuz Kağan " dastanı və Altay mifologiyası ilə paralelliyi maraq doğuran məsələdir və elmi yeniliyi ilə seçilir.

Şimal-qərb bölgəsinin folklor örnəklərində çevrilmənin daha iki semantik  xüsusiyyətini görürük: insandan heyvana çevrilmə, heyvandan insana çevrilmə.

İnsandan heyvana çevrilmə motivində quşa çevrilmə və digər heyvanlara, cansız varlıqlara çevrilmə obyektlərinə nəzər salaq. Adətən daha çox əfsanələrdə çətin vəziyyətdən xilas olmaq üçün quşa çevrilməyə rast gəlinir. Bölgədən toplanmış "Səxavətli qız" nağılında insandan heyvana (göyərçinə) çevrilməyə təsadüf edirik. Nağıldakı nümunəyə diqqət edək: "Sərdarın göndərdiyi adamlar dükanın qabağında yeşindilər. Oğlan gələndə yüyürüf unu tutmax istədilər. Oğlan bir göyərçin oluf qundı dükənin aqoşqasına ma didi: ay allaxın bedbaxtı, mən səni varrandırmax istiyirdim sən bilmədin".

Bölgədən əldə olunmuş "İlan oğlan", "Şahzadə oğlan və onun 40 yaşlı ilan arvadı",  "İsax və Musax", "Nohur göl" kimi nümunələrdə insandan heyvana və digər cansız varlıqlar çevrilmənin şahidi oluruq. "İlan oğlan" mifində:  "Oğlan tamahkar əmisindən xilas olmaq üçün Allaha yalvarır ki, onu  elə bir şeyə döndərsin ki, əmisi həm ondan qorxsun, həm də o, qızılları qoruya bilsin. Allah oğlanı ilana döndərir. O vaxtdan el arasında bir söz gəzir ki, ilan qızıl üstə yatır" . "Şahzadə oğlan və onun 40 yaşlı ilan arvadı" nağılında nəql olunur:  "Şahzadənin gözəl arvadı var, o, əslində qırx yaşında qadın görüşündə ilandır. Şahzadə bir gün onu yoxlamaq qərarına gəlir. Axşam yeməyində duzlu plov yeyən gözəl həqiqətən güclü susuzluq hiss edərək ərini çağırır, o isə özünü yuxululuğa vurur. Qadın ərinin yuxuda olduğuna inanıb ilana dönərək qapının dəliyindən qonşu otağa keçir, burada su içdikdən sonar öz otağına qayıdaraq yenidən qadın olur . Birinci nümunədə ilana dönən oğlandırsa, ikincidə qadındır. İkinci folklor örnəyində həm də reinkarnasiya ilə birgə inkarnasiya (heyvandan insana çevrilmə) prosesi də baş verir.

"İsax və Musax" əfsanəsində iki yetim qardaş İsax və Musax varlı bir adamın mal-qarasını otarırmış, kişi qəddar, paxıl, xəsis imiş, oğlanlar varlının zülmündən qurtulmaq üçün son məqamda allaha yalvarırlar ki, onları quşa döndərsin, bu zülmdən xilas olsunlar. Çətin vəziyyətdən xilas olmaq üçün quşa çevrilmə bu əfsanədə də ana xəttdir. "Nohur göl" əfsanəsində belə nəql olunur: "Əfsanənin sonunda şahzadə Nohur sevgilisi dəmirçioğlundan qara xəbər alır, atası oğlanın gecə ikən başını kəsdirir. Qız dəmirçioğlunun cəsədi önündə diz çöküb ağlamağa başlayır, Nohurun gözlərindən axan yaş o qədər çoxalır ki, göl əmələ gəlir. Gözəllər gözəli Nohur öz göz yaşlarında batıb boğulur".  Bu folklor mətnində isə insandan cansız varlığa çevrilmə xüsusiyyəti vardır. Şimal-qərb bölgəsindən toplanmış digər folklor örnəklərində təbiət hadisələrinə və təbiət obyektlərinə çevrilmənin dağa, daşa dönmə invariantlarına da rast gəlirik. Türk mifoloji düşüncəsində dağa, daşa dönmə əcdada qayıdış kimi də xarakterizə edilir.

Bölgədən əldə edilmiş "Ana daş",  "Beşik daşı", "Daş" əfsanələrində reinkarnasiya prosesinin daşa dönmə çevrilməsiylə qarşılaşırıq. "Ana daş" əfsanəsində deyilir: "Ana düşmən qoşunundan qorunmaq üçün beşiyi sinəsinə qısıb dağlara doğru qaçır. Qoşun onun ardına düşür. Gəlinin yolunu dərə ağzına dirənir. Sənubər görür ki, dağlara sığına bilməyəcək. Hər tərəfdən düşmənlə əhatə olunub. Üzünü göylərə tutub yalvarır: - Ulu Günəş, məni bu itdərə yem etmə, daşa döndər! Düşmən atlıları bir də görürlər ki, gəlin qeyb oldu yerində iri bir daş əmələ gəldi. Atları saxlaya bilmədilər, hamısı daşa çırpılıb dərəyə yuvarlandı".  Əfsanədə diqqəti çəkən məqam reinkarnasiya hadisəsi baş verərək insan daşa çevrilir, əslində bu türk mifik düşüncəsində daşa dönməklə əcdada, ilkinə qayıdış prosesidir.

Digər maraqlı məqam ana Allaha yox, Ulu Günəşə müraciət edir. Bu da əski türk düşüncəsində Günəşin inamlar sistemində böyük rol oynadığını əks etdirir. Azərbaycan folkorunda Günəş kultunun xüsusi yeri var. Şumer folklorunda Günəş tanrısı Utunun adı çəkilir. Bu əfsanədə də Günəş tanrı, sığınacaq rolunda çıxış edir. Azərbaycan folkorunda Günəşlə bağlı daha bir maraqlı faktı da demək yerinə düşərdi. Azərbaycanda tikilən evlərin qabaq tərəfinin gündoğana baxmasıdır. Burada digər səbəblərlə yanaşı, hər səhər Günəşi-əcdadı üfüqdə görmək, onu salamlamaq inamı da var.

Qeyd edək ki, bu gün türk xalqlarının mifologiyasında daş kultunun önəmli yeri var. Qədim türklərdə hətta daşın insan ruhunu daşımaq xüsusiyyəti də vurğulanır. Məhz bu cəhətdən qədim türklərdə insanın daşa çevrilmə inamı daha güclüdür. Buna görə də həm ümumazərbaycan folklorunda, həm də türk mifologiyasında daşa çevrilmə ilə bağlı çoxlu əfsanə və rəvayətlər yaranmışdır. Şimal-qərb bölgəsinin folklorunda da məhz daşa çevrilmə ilə bağlı çoxlu əfsanə və rəvayətlərin toplanması bu bölgənin genetik cəhəti ilə, əski türk düşüncəsinə əlaqəsiylə bağlıdır.

Bölgədən əldə olunmuş "Beşik daşı" əfsanəsində də daşa çevrilmə motivi maraqlı əksini tapıb. "Ana daş" əfsanəsində ana və uşağı birgə daşa dönürsə, "Beşik daşı"nda ana uşağını düşmən hücumundən qorumaq üçün dağlara qaçır. Düşmən ona yaxınlaşanda ana beşiyi qoyub qaçmağa məcbur olur, Allaha yalvarır ki, Allah, balama qılınc batmasın, balamı səndən istəyirəm. Beşik uşaq qarışıq daşa dönür. Elə o vaxtdan daş ziyarət yerinə çevrilir, uşaqsız analar daşın üstünə gələrək dilək diləyərmiş. Gördüyümüz kimi, dağa, daşa, suya, ağaca inam türk xalqlarının ən geniş yayılmış əski dini dünya görüşlərini təşkil edir. Bölgə nümunələrində ağacdan övlad istəmə ənənəsi olduğu kimi, daşdan da övlad istəmə düşüncəsi geniş əksini tapıb.

 

 





01.06.2023    çap et  çap et