525.Az

Azərbaycan-İsrail münasibətlərində yeni dinamika 


 

STRATEJİ TƏRƏFDAŞLIQ DAHA DA GÜCLƏNƏCƏK

Azərbaycan-İsrail münasibətlərində yeni dinamika <b style="color:red"></b>

Azərbaycanla İsrail arasında bənzərsiz münasibətlər mövcuddur. Bu münasibətlərin kökü tarixə gedir. İlk növbədə, iki xalq - Azərbaycan və yəhudi xalqları arasındakı bağlantı, dostluq münasibətlərin əsasını təşkil edir. Yəhudilər əsrlər boyunca azərbaycanlılarla dinc şəraitdə, əmin-amanlıq içində təhlükəsizlikdə yaşayıblar. Hər hansı ayrı-seçkiliyə, zorakılığa məruz qalmayıblar. İki xalq qaynayıb-qarışaraq, bir-birinin ən gözəl dəyərlərini, ənənələrini mənimsəyib, eyni zamanda birgəyaşayışın unikal formasını ortaya qoyub. Azərbaycanda dinc, öz vətənlərində olduğu kimi rahat şəkildə yaşayan yəhudilər Avropada, dünyanın digər nöqtələrində zaman-zaman təqiblərə, zorakılıqlara, qırğınlara məruz qalıblar. Yəhudi xalqı azərbaycanlıların bu münasibətini heç vaxt unutmur. Bu gün Azərbaycandan İsrailə köçmüş yəhudilər güclü Azərbaycan diasporu deməkdir. Onlar hər zaman Azərbaycanın yanındadır və ölkəmizə öz dəstəklərini göstərirlər.

Bu gün İsrail dünyada az sayda qeyri-müsəlman ölkəsidir ki, hər zaman Azərbaycanın yanında olub, İkinci Qarabağ müharibəsində ölkəmizin haqq işini dəstəkləyib. Dərin tarixi köklərə malik olan münasibətlərimizin irəli aparılması, inkişafı istiqamətində son aylarda həyata keçirilən tədbirlər, xüsusilə İsraildə Azərbaycan səfirliyinin açılması, Prezident İsxak Hersoqun ölkəmizə səfəri tərəfdaşlığın gücləndirilməsi üçün atılan mühüm addımlardır. Onu da qeyd edək ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. 1993-cü ilin avqustundan bu ölkənin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Azərbaycan isə bu ilin mart ayında İsraildə səfirliyini açdı. Təbii ki, İsrail Prezidentinin ölkəmizə səfəri münasibətlərimizdə yeni mərhələnin əsasını qoydu. Səfər zamanı iki ölkə prezidentlərin birgə bəyanatları göstərdi ki, əlaqələrimiz dinamik inkişafdadır.

Azərbaycan Prezidenti İlham Əliyevin öz bəyanatında İsraildə yaşayan azərbaycanlıların ölkələrimiz arasında körpülərin qurulmasındakı rolunu xüsusi vurğuladı.

Sitat: "İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir".

İsrail Prezidentinin isə "Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir", fikirləri bir daha xalqlar arasındakı əlaqələrin dərinliyini göstərir. Prezident Hersoq əlavə edib ki, bizim ortaq baxışımız var, Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görür.

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, İsrail Prezidentinin Azərbaycana səfəri yalnız siyasi deyil, eyni zamanda iqtisadi-strateji münasibətlərin inkişafı baxımdan da vacibdir: "Qeyd etmək lazımdır ki, son illər iki ölkə arasındakı iqtisadi əlaqələrin də güclənməsi müşahidə olunur. İsrailin Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdən olduğunu nəzərə aldıqda, bu münasibətlərin dərinləşməsi üçün hər zaman geniş imkanlar olub.

Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 85.0 faiz artaraq 1 milyard 718 milyon dollara çatıb. Son iki ildə ölkələr arasında ticarət dövriyyəsi 3.7 dəfə artıb".

Deputat İsrail Dövlətinin Vətən müharibəsində Azərbaycanın haqq işinə dəstək verən ölkələrdən olduğunu deyib: "Strateji tərəfdaşlığımız müharibədən sonrakı quruculuq mərhələsində də davam edir. Dostluğumuz və əməkdaşlığımız daimi olsun".

Millət vəkili Sevinc Fətəliyeva isə hesab edir ki, İsrail Prezidentinin Azərbaycana səfəri iki dövlətin münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisidir. O bildirib ki, Azərbaycanın xarici siyasətində İsrail Dövləti ilə əlaqələrin inkişafı mühüm yer tutur. Ötən illər ərzində bu münasibətlər dinamik şəkildə inkişaf edib. Son illər isə bu dinamika əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarında Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qərar qəbul olunub. Bu ilin əvvəlində isə səfirimiz həmin ölkədə rəsmən fəalyyətə başlayıb.

Deputat hesab edir ki, İsrail Prezidentinin rəsmi səfəri ikitərəfli əlaqələri daha da gücləndirəcək: "Prezidentlərin mətbuata bəyanatlarında dövlət başçısının dediyi kimi ölkələrimiz arasında çox fəal siyasi dialoq var Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Nisbətən yeni əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq. Ölkələrimiz, həmçinin müdafiə sənayesi sahəsində də fəal əməkdaşlıq edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir texnikalarından istifadə edərək müdafiə qabiliyyətini artırır. İsrail Prezidenti çıxışında əlaqələrimizin dərin köklərinin olduğunu vurğuladı. Bütövlükdə, İsxak Hersoqun ölkəmizə səfəri münasibətlərimizin inkişafında yeni səhifə açır. Bu, hər iki dost ölkə üçün faydalıdır".

 

 





02.06.2023    çap et  çap et