525.Az

Meqapolisdə süpürgə ilə yer süpürmək - Sosial şəbəkədə yazılanlar


 

Meqapolisdə süpürgə ilə yer süpürmək - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Sara Əzimova, sosial şəbəkə istifadəçisi:

- Naxçıvanda səhiyyənin ən böyük problemlərindən biri  tibb işçilərinin pasiyentlərlə rəftarında olan nöqsanlardır. Mənim özüm də nə zaman müraciət etsəm, narazı qalmışam. Bəzi tibb işçilərimiz insanlarla elə kobud davranır ki, adam xəstəliyini unudub nə müayinə, nə də müalicə olunmaq istəyir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nazirin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov Naxçıvan Televiziyasına müsahibəsində bu məsələyə toxunaraq deyib: "Tibb işçiləri qarşısında qoyulan tələblərdən biri də odur ki, vətəndaşla ünsiyyətdə gülərüz, vətəndaşın ağrısını-acısını başa düşə biləcək şəkildə  rəftar etsin. Düzdür, bəzən tibb işçilərimizi də qınaya bilmərəm. Elə həkimlərimiz var ki, gün ərzində onlarla vətəndaşı müayinə edir. Həkim də insandır. Amma  bununla bağlı xüsusi diqqət göstərməyi də onlardan istəyirəm. Mən onlara bildirirəm ki, başa düşürəm xəstəxanadır, çətindir, hərə bir psixologiya ilə gəlir, sizə sözlər də deyə bilər. Amma bizim işimiz nədir? Biz onlara yaxşı xidmət göstərməliyik. Qeyd etməliyəm ki, bütün tibb müəssisələrinin ilkin xəstə qeydiyyat sisteminin yenilənməsinə başlamışıq. Ümumiyyətlə, sistem yenilənəcək, ancaq vətəndaşla ünsiyyət qura bilən insanların fəaliyyəti təmin olunacaq".

Samiq Sadıxov onu da əlavə edərək deyib ki, biz səhiyyə könüllülərinin fəaliyyətinə başlayırıq. Hansı ki, tibb müəssisələrində bəzən laboratoriya hansı tərəfdədir, hansı həkim hardadır, vətəndaşlar tapa bilmir. Bunu da gəlib tibb işçisindən soruşduqda tibb işçisi laqeyd də cavab verir. Yaxud işi də ola bilər, yəni onu da qınaya bilmərik. Buna görə biz bu layihəyə başlamışıq.  Yekunlaşmaq üzrədir. Hər tibb müəssisəsində səhiyyə könüllüləri olacaq və onlar ilin sonunda və yaxud könüllülük proqramının sonunda əmək qabiliyyəti qiymətlədirilərək səhiyyə sistemində işlə təmin olunacaqlar.

 

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:

- Bakı bulvarında (Dənizkənarı Milli Park) təmizliyin təmin edilməsinə ciddi diqqət yetirilir. Sağ olsunlar - idarəçilər və işçilər - yuxularına haram qatıb sübh tezdən əraziyə çıxırlar, isti, soyuq, yağış-yağmur bilmədən ərazini qaydaya salırlar ki, gələnlər rahat olsunlar. Çalışanların əziyyəti küləkli havalarda 2 qat artır. Süpürüb topladıqlarını külək sovurub dağıdır, onlar da ardınca qaçıb yenidən yır-yığış edirlər. Anlamağa çətinlik çəkdiyim məqam da işin bu hissəsi ilə bağlıdır. Meqapolislərdə süpürgə ilə yer təmizləmək vərdişi çoxdan aradan qalxıb. Biliyimiz tozsoranların küçə, meydan və parklar üçün uyğunlaşdırılmış versiyasından istifadə edilir. Bahalı olmayan bu avadanlıq əlçatandır, Bakı bulvarında tətbiq edilməsi həm çalışanlar, həm idarəçilər, həm də ərazidə gəzişənlər üçün rahatlıq yaradardı. Niyə tətbiq edilmir? Anlamaq olmur.

 

Asif Nərimanlı, jurnalist:

- Kişinyov görüşü reallıqla uzlaşm

asa da, "sülh sazişi imzalanacaqmı" gözləntisini yaradıb. Bu sual fonunda görüşdən öncə tərəflərin ritorikasının dəyişməsi diqqət çəkdi:

- Paşinyan hələ Vaşinqton görüşündən dərhal sonra "1 iyunda sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən" danışırdı;

- Bakı həmin vaxt susqunluq nümayiş etdirdi, görüşə təxminən bir həftə qalmış sülh sazişinin imzalana biləcəyini açıqladı.

Bu dəfə Ermənistan fikrini dəyişdi, görüşə iki gün qalmış Paşinyan Kişinyovda "sülh sazişinin imzlanması planı yoxdur" açıqlamasını verdi.

İrəvanın və Bakının ritorikası niyə dəyişdi?

Beştərəfli görüşə bu sual üzərindən baxdıqda müəyyən nəticələr çıxarmaq mümkündür.

Vaşinqtonda XİN rəhbərlərinin üç günlük müzakirələrində tərəflər razılaşdırılmayan məsələlərlə masadan qalxdı: Qarabağdakı ermənilərin "hüquq və təhlükəsizliyinin" təmin edilməsində "beynəlxalq mexanizmin" yaradılması, qondarma "Bakı-Xankəndi" formatı və anklavlar da daxil olmaqla sərhədlərin delimitasiyası;

Nikol Vaşinqton müzakirələrindən dərhal sonra Fransanın moderatorluğu ilə keçiriləcək Kişinyov görüşündə mövqelərini gücləndirməyə nail olacağı ümidi ilə 1 iyun tarixini sülh sazişinin imzalana biləcəyi təqvim olaraq işarə edirdi. Hərçənd, o vaxt da yazırdıq: Bakı Kişinyova gedib-getməmək qərarını Brüssel görüşünün nəticəsinə uyğun olaraq verəcək.

Brüssel görüşü Fransanın Qərb platformasında təşəbbüsü ələ almasına qarşı atılmış addım idi və burada Əliyevlə Mişelin birgə gediş etdiyini deyə bilərik. Nəticə Bakının istədiyi kimi oldu:

1. Ermənistan Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdı;

2. Şarl Mişelin də Kişinyov görüşündə iştirakı dəqiqləşdi: bu, Makronun təsir rıçaqlarını zəiflətməklə yanaşı, Brüsseldəki gündəliyin də Moldovaya daşınması qərarından irəli gəlir.

Proseslər göstərir ki, İrəvan Vaşinqton müzakirələrindən sonra ümid etdiyi Kişinyov görüşünə qədər gündəliyi dəyişə bilmədi, əksinə, Bakının gedişləri daha effektiv oldu. Və Paşinyan beştərəfli görüşdə "Qarabağ Azərbaycandır" bəyanatının əksini irəli sürə bilməyəcək, Parisdən səs çıxmasa da, Vaşinqton və Brüsselin açıqlamaları da bu yöndədir. Nikolun mayın əvvəlində sülh sazişi ilə bağlı dediklərini indi dəyişməsi də bundan qaynaqlanır.

Ən mühüm məqam beştərəfli görüşdən öncə Əliyevin Qarabağdakı separatçılara amnistiya çağırışı etməsi, Vaşinqtonun da bunu dəstəkləməsi idi. Bakı bununla Fransa və Ermənistanın irəli sürəcəyi qondarma "Bakı-Xankəndi" formatına qarşı mövqeyini elan etdi və beynəlxalq müstəvidə dəstək əldə etməklə bu məsələnin müzakirəsini arxa plana keçirdi.

Bütün bunlara baxmayaraq, beştərəfli görüşdə sülh sazişinin imzalanacağı ehtimalı yenə azdır. Mümkündür ki, masaya Vaşinqtonda müzakirə edilən "sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsi, yaxud Vaşinqton və Brüssel görüşünün yekun nəticəsini özündə əks etdirən hansısa bəyannamə qoyula bilər. Lakin Ermənistanın öncədən bəyan etdiyi kimi, Qarabağa dair "beynəlxalq mexanizm"in yaradılması iddiasını irəli sürərək, razılaşmayacağı aydın görünür.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycan dünya startap reytinqində 1 pillə  irəliləyib.

"Global StartupBlink" qurumu 2023-cü il üçün  növbəti hesabatını açıqlayıb.

"Global Startup Ecosystem" Reytinqinə  görə Azərbaycan 2023-cü ildə bir pillə irəliləyərək 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb.

Bakı şəhəri isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib.

Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 4 pillə irəliləmişdi, 2021-ci ildə 19 pillə geriləmişdi.

Azərbaycan bu reytinqdə hələ də 3-4 il öncəki vəziyyətini (70-ci yer) bərpa edə bilməyib.

Hesabatdan görsənir ki, artıq iki ildir ki,  "ASAN StartupBlink" qurumu ilə partnyorluq edir. Adı çəkilən Hesabatda da Azərbaycanda ekosistemin inkişafında ASAN-ın xüsusi rolu qeyd edilib.

Azərbaycandan bir xeyli startaplar və ekosistem iştirakçıları bu qurumun bazasına daxil edilib.

Amma buradan görmək olar ki, Azərbaycanın ən böyük startap xəritəsi olan STARTUP.AZ  bazasındakı bir çox startaplar, o cümlədən, startap şəhadətnaməsi alanların bir çoxu "StartupBlink"də yoxdur.

Adı çəkilən reytinqdə qonşu ölkələrin vəziyyəti bizimlə müqayisədə daha yaxşıdır

Məsələn, startap ekosistemin inkişafına görə cari ildə Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıblar.

Maraqlıdır ki, müharibə şəraitində olan Ukrayna da bir pillə irəliləyə bilib və reytinqdə bizə nisbətən xeyli öndədir.

Belarus 10 pillə geriləsə də, bizdən öndədir.

"StartupBlink" şirkətinin "Global Startup Ecosystem" Hesabatı hər il hər bir ölkə üzrə  ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət, Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.

Ötən bir il ərzində sektorda ekosistemin inkişafına təkan verəcək bir neçə mühüm addımlar atılıb.

Düşünmək olar ki, son zamanlarda ölkəmizin startap ekosistemində həyata keçirilən bəzi müsbət addımlar bu reytinqdə nəzərə alınmayıb.

Bununla belə, güman ki, qonşu ölkələr, digər ölkələr də "yatmayıblar" və bu sahəyə ciddi yatırımlar edirlər.

Beləliklə, Azərbaycanın reytinqdə 1 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe regionda ən aşağı göstəricidir və potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz.

Səlahiyyətli qurumlar səylərini birləşdirərək daha ciddi proqramlara diqqət yetirməli, investisiya mühitini yaxşılaşdırmalı və startaplara dəstəyi gücləndirməlirlər.

Ümid edirəm ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh olan RİNN, ASAN və KOBİA bu Hesabatla  bağlı rəsmi açıqlamalar verəcəklər.

 

Fazil Mustafa, millət vəkili:

- İçərişəhərdə yeni kitabımın imza törəni çox maraqlı keçdi. Həm də uzun müddət sonra Şəxsimizə dəyər verən insanların çoxu ilə ilk görüşümüz oldu. Əziyyət çəkib gələn hər kəsə təşəkkür edirəm. Allaha şükür edirəm ki, çətin şərtlər altında da olsa, bu faydalı kitabı yazıb ərsəyə gətirə bildim.

 

Mir Səməd, bloger:

- Maşallah, xaricə ezamiyyətə və gəzməyə gedənlərin sayı artır.

İndi Parisə birbaşa uçuşlar yenə bərpa olunub. İnşallah, quru sərhədlər də açılar.

İmkan düşəndə Parisdə, Ankarada, yaxınımızda Tiflisdə olanda Cümhuriyyət qurub, tarix yazmış görkəmli şəxslərimizin qəbirlərini ziyarət edin.

Çalışıram hər il bu şəkilləri təkrar paylaşım.

Azərbaycan Parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacibəylinin qəbirləri Parisin Sen Klu qəbiristanlığındadır.

Tiflisdə isə Baş nazir Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin məzarlarıdır.

Ziyarət edib, qərib yerdə uyuyan Cümhuriyyət fədailərinin ruhlarını şad edək.

 





02.06.2023    çap et  çap et