525.Az

Azərbaycanın "Avropa siyasi birliyi"nin sammitlərində iştirakının əhəmiyyəti 


 

Azərbaycanın "Avropa siyasi birliyi"nin sammitlərində iştirakının əhəmiyyəti <b style="color:red"></b>

Moldovanın paytaxtı Kişineuda iyunun 1-də "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. "Avropa siyasi birliyi" Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. Azərbaycan liderinin toplatıya dəvət edilməsi ölkəmizin artan nüfuzundan xəbər verməklə yanaşı, həm də onu göstərir ki, Avropa ölkələri təmsil olunduqları platformalar çərçivəsində keçirilən toplantılarda Azərbaycanı da görmək, qlobal çağırışlar, ən aktual məsələlərlə bağlı onu eşitmək istəyirlər. Bu mənada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin fikirləri də maraqlıdır: "Avropa İttifaqı özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır. Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır".

Xatırladaq ki, "Avropa siyasi birliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Bundan əvvəl ilk Zirvə toplantısı ötən ilin oktyabrında Praqada baş tutub. Azərbaycan lideri həmin Zirvədə də iştirak edib. Toplantı çərçivəsində, həmçinin Azərbaycan Prezidenti, Ermənistanın baş naziri, Avropa İttifaqı Şurasının Prezidenti və Fransa Prezidentinin iştirakı ilə dördtərəfli görüş baş tutub. Burada yadda qalan məqamlardan biri Azərbaycan və Ermənistan liderlərinin görüşündə tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaları oldu.

Eyni zamanda, "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev ikitərəfli və çoxtərəfli münasibətlər, yeni geosiyasi reallıqlar, sülh, təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın aydın və prinsipial yanaşmasını, qətiyyətli mövqeyini ortaya qoydu.

 "Avropa siyasi birliyi"nin birinci Zirvə toplantısında 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. Onların 27-si Aİ-yə üzv dövlətlər, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla) - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri - Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları olub.

Azərbaycan liderinin həm Praqada keçirilən birinci, həm də Moldovadakı ikinci toplantıya dəvət edilməsi həm də onu göstərir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir.

Kişineudakı sammitdə ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları təmsil olunublar. İştirakçı dövlətlərin sayının artması bu platformaya olan marağın göstəricisidir. Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparıblar.  Prezident İlham Əliyev enerji təhlükəsizliyinə həsr olunmuş dəyirmi masada iştirak edib. Bu platforma çərçivəsində, həmçinin liderlər müxtəlif ikitərəfli görüşlər keçirir, bir sıra mühüm məsələləri müzakirə edirlər.

Qeyd edək ki, birinci sammitdə olduğu kimi, Moldovanın ev sahibliyi etdiyi Zirvə çərçivəsində də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması diqqətdə olub. Belə ki, gözlənildiyi kimi, Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında üçtərəfli və beştərəfli qeyri-rəsmi görüş keçirilib. "Avropa siyasi birliyi"nin növbəti iki toplantısının İspaniyada və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulub ki, İspaniya sammiti çərşivəsində də Azərbaycan-Ermənistan nizamlanması diqqətdə olacaq.

Bu platformanın əhəmiyyəti və Azərbaycanın onun sammitlərində iştirakının önəmini şərh edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov deyib ki, Prezident İlham Əliyevin "Avropa siyasi birliyi"nin növbəti Zirvə toplantısında iştirak etməsi ölkəmizin artan nüfuzundan xəbər verir. Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa səy göstərməsi də bunun bir nümunəsidir: "Şübhəsiz ki, bu gün dünyada mühüm transformasiyalar baş verir. Belə ki, ənənəvi təsir metodları, beynəlxalq hüququn fundamental norma və prinsipləri çox çətin dövrünü yaşayır. Yəni, dünya nizamının formalaşmasında müxtəlif geosiyasi aktorların rolu, çəkisi, geopolitik gücü və resursları nəzərə alınır. Azərbaycan da Vətən müharibəsi zamanı öz gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qazanılan tarixi qələbə ilə yanaşı, yeni geosiyasi reallıqlar da müxtəlif strateqlər, siyasi ekspertlər üçün xüsusi mahiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Prezidenti böyük nüfuza malikdir. Digər tərəfdən, ölkəmizin artan gücü və potensialı, təşəbbüskarlığı və müasir innovasiyalar əsasında dövlət idarəçiliyi modeli hər kəsin diqqətini çəkir".

Politoloq əlavə edib ki, Azərbaycanın artan gücü ilə yanaşı, geostrateji və geosiyasi əhəmiyyəti sayəsində biz öz milli maraqlarımızı bütün beynəlxalq platformalarda diktə edə bilirik.

 

 





05.06.2023    çap et  çap et