525.Az

Rusiyanın itkiləri - Xaqani Cəfərli yazır


 

Rusiyanın itkiləri - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukraynaya qarşı müharibənin geridə qalan 15 ayı ərzində Rusiyanın itkiləri qorxunc miqyas almaqdadır. Bu ay ərzində Rusiyanın təsdiqlənmiş tank itkilərinin sayı 2000-i ötüb. Müharibə ərəfəsində Rusiyanın döyüşə hazır 3000-dən bir qədər artıq tankı var idi. Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, 2021-ci ildə Rusiya silahlı qüvvələrinin istifadəsində 3330 tank var idi ki, onlardan 2840-ı quru qoşunlarında, qalanları hava-desant, dəniz piyadaları və sahil müdafiə qüvvələrinin istifadəsində idi.

Hərbi əməliyyatlarla bağlı açıq mənbələrdən bilgilər toplayan "Oryxspioenkop"un ("Oryx") açıq mənbələrdən video və foto görüntülərlə təsdiqlədiyi məlumata görə, Rusiya 31 may 2023-cü il tarixinə qədər 2001 tank itirib. Bu tankların 1238-i məhv edilib, 106-sı zədələnib. Rusiyanın itirdiyi tankların dörddə birindən çoxunu Ukraynanın ələ keçirdiyi "dəmir at"lar təşkil edir. Müharibənin 15 ayı ərzində Ukrayna ordusu 544 tankı ələ keçirib. Ukraynalılar istehza ilə Ukrayna ordusunun silahlandırılması üçün ən böyük "Lend-liz" proqramının Rusiya tərəfindən həyata keçirildiyini bildirirlər. Beləliklə, Rusiya Ukraynada gündə orta hesabla 4.3 tank itirir. Lakin onu da nəzərə almaq lazımdır ki, "Oryx" yalnız foto və videolarla sənədləşdirilmiş itkiləri qeydə alır. Halbuki reallıqda Rusiya daha çox texnika itirir. Hərbi ekspertlər Rusiya ordusunun bu cür fəlakətli itkilərini "işğal planı"nın bərbad olması, Ukrayna silahlı qüvvələrinin tank əleyhinə silahlardan, minalanmış sahələrdən və artilleriyadan səmərəli istifadə etməsi ilə izah edirlər. Digər səbəb kimi Rusiya ordusunun rəhbərliyinin dəhşətli nəticələr verən səhv qərarları göstərilir. Məsələn, 2023-cü ilin fevralında Uqledar yaxınlığında general-polkovnik Rüstəm Muradovun iki elit dəniz piyada briqadasını minalanmış sahələrin üzərindən hücuma göndərməsi və artilleriya atəşinin altında məhv olmasına baxmayaraq, üç gün ərzində geri çəkməməsi nəticəsində Rusiya ordusu çox ağır itkilər verdi. Təsdiqlənmiş məlumata görə, həmin əməliyyada Rusiya ordusu 103 hərbi texnika, o cümlədən, 36 tank itirdi. Rüstəm Murdaovun döyüş meydanına göndərdiyi iki elit briqada demək olar ki, məhv edildi.

Rusiya bu itkilərini ehtiyatda saxlanılan 4000-ə yaxın tankla kompensasiya etməyə çalışır. Onların bir çoxu 1960-1970-ci illərdə istehsal edilib. Mart ayında isə 1940-1950-ci illərdə istehsal olunmuş T-54 və T-55 tanklarını Ukrayna istiqamətə daşıyan qatarların fotoşəkilləri yayılıb. Həmin texnikalar tank əməliyyatları üçün uyğun olmasa da, Rusiya ordusu onlardan atəş vasitəsi kimi istifadə edir.

Müharibənin geridə qalan 15 ayı ərzində Ukrayna ordusu cəmi 506 tank itirib. Rusiyanın "Lend-liz"i nəticəsində Ukrayna bu itkisini tam kompensasiya edib.

Rusiya ordusu çox böyük itkilər verdikdən sonra səhvlərdən müəyyən nəticələr çıxarılıb. Tankları qorumaq üçün termal kamuflyajdan istifadə etməyə başlayıblar. Bunun nəticəsində də onların aşkarlanma təhlükəsi xeyli azalıb. Digər tərəfdən Uqledar yaxınlığındakı faciədən sonra Rusiya ordusu tanklardan hücum üçün daha az istifadə etməyə başlayıb.

Rusiya ordusunun mərmi və patron qıtlığı ilə üzləşdiyi də artıq təsdiq olunmuş məlumatdır. Elə bir vəziyyət yaranıb ki, mərmi və patron ixracına qadağa qoyulub. Üstəlik, Rusiyanın İran və Şimali Koreyadan mərmi və patron idxal etdiyi haqqında məlumatlar var. Rusiyanın mövcud hərbi-sənaye kompleksinin hazırkı vəziyyətdə ordunun tələbatlarını ödəmək imkanında olmaması vəziyyəti daha da ağırlaşdırır. Ən nəhayət, üç günə Kiyevi almaq iddiasında olan Rusiya ordusu artıq hər hansı hərbi əməliyyatlar ssenarisinə hazır deyil. Birincisi, bunun üçün heç bir resurs yoxdur. İkincisi, Rusiyanın siyasi və hərbi rəhbərliyi bu vəziyyətdə yeni nəsə qura biləcək gücdə deyil.

Dalana dirənmiş bu vəziyyətdən çıxış yolu kimi kütləvi səfərbərlik və ölkədə hərbi vəziyətin elan olunması təklif olunur. "Vaqner" Özəl Hərbi Şirkətin qurucusu Yevgeni Priqojin bəyan edib ki, Rusiya müharibəni davam etdirmək istəyirsə, kütləvi səfərbərlik həyata keçirilməli, planlı iqtisadiyyata keçilməli, ölkədə hərbi vəziyyət elan olunmalı və ölüm hökmü tətbiq olunmalıdır. Rusiya siyasətində aparıcı şəxslərdən birinə çevrilən Yevgeni Priqojinin bu təkliflərinə nə qədər əməl olunacağı məlum deyil. Amma Rusiyanın hərb meydanında olduğu kimi, iqtisadiyyatda ağır itkiləri qeyd alınmaqdadır. Rusiya İqtisadi İnkişaf Nazirliyinin mayın 30-da yaydığı məlumatın təhlilindən aydın görünür ki, sanksiyalar və müharibə nəticəsində zədələnmiş Rusiya iqtisadiyyatı çökməkdə davam edir. 2023-cü ilin ilk dörd ayında Rusiya Ümum Daxili Məhsulu daha 0.6 faiz azalıb. Ötən ilki iqtisadiyyatın 2.1 faiz kiçilməsinin ardınca bu ilin ilk dörd ayında 0.6 faiz azalma iqtisadiyyatın çöküşünü göstərir. Halbuki hərbi sənayedəki 30 faizlik artım olmasa, vəziyyət daha ağır olacaq. Digər tərəfdən "yeni regionlarda", işğal olunmuş Ukrayna torpaqlarında həyata keçirilən tikinti işlərinin Rusiyanın ÜDM-nə daxil edildiyini nəzərə alanda, iqtisadiyyatın real sektorundakı çöküşün gerçək mənzərəsini təsəvvür etmək çətin deyil. 

Hərbi və iqtisadi sahələrdəki uğursuzluqla yanaşı, xarici siyasətdə də Rusiya uğursuzluqdan çıxa bilmir. Xarici işlər naziri Sergey Lavrov Ukraynaya qarşı müharibədə Burundinin dəstəyini qazanmağa çalışsa da, uğursuzluğa düçar olub. Burundinin xarici işlər naziri Albert Şinqiro Lavrovla qapalı görüşdən sonra bəyan edib ki, Burundi münaqişənin tərəfdarı olmaq istəmir və sülhün tərəfdarıdır. "Dünyanın bütün ölkələri bizim dostumuzdur".

Burundidən öncə Lavrov Keniyaya səfər edib və burada prezident Uilyam Ruto, Milli Assambleyanın spikeri Moses Vetanqula və xarici işlər naziri Alfred Mutua ilə görüşüb. Bundan öncə isə Rusiya xarici işlər naziri Cənubi Afrika, Anqola, Eritreya, Mali, Mavritaniya, Sudan və qitənin digər ölkələrində olub. Lavrovun cəhdlərinə baxmayaraq, Afrika ölkələri Rusiya-Ukrayna münaqişəsində neytrallıqlarını qorumağa çalışırlar. Onların bir çoxu isə BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının iclaslarında Rusiyanın əleyhinə səs verir. Mərakeş kimi dövlətlər isə ümumiyyətlə, Ukrayna hərbi yardım edir.

Müharibənin 15 ayının geridə qaldığı bir zamanda Rusiyanın qorxunc itkilərinin tam olmayan mənzərəsi bundan ibarətdir.

 

 





05.06.2023    çap et  çap et