525.Az

Xalq yazıçısı Anarın 85 illik yubileyi Türkiyədə silsilə tədbirlərlə qeyd edildi


 

Xalq yazıçısı Anarın 85 illik yubileyi Türkiyədə silsilə tədbirlərlə qeyd edildi<b style="color:red"></b>

31 may-2 iyun tarixlərində Türkiyənin İstanbul şəhərində Xalq yazıçısı Anarın 85 illik yubileyi Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə müxtəlif ədəbi birliklərdə qeyd edilib.

İlk tədbir Türk Ədəbiyyatı Vəqfinin tarixi binasında keçirilib. Tədbirdə Türk Ədəbiyyatı Vəqfinin sədri, şair Sərhat Kabaklı giriş sözü ilə çıxış edərək Azərbaycanın və Türk dünyasının böyük yazıçısı Anarın yubileyinin əsl ədəbiyyat bayramı olduğunu qeyd edib: "Beş il öncə ustadımız Anarın 80 illik yubileyini qeyd edəndə ona "Yaşayan Dədə Qorqud" mükafatı təqdim etdik. Ustadımız həyatı və yaradıcılığı ilə bütün yüksək adları haqq etdi. O zaman Ustadın 85 illiyini qeyd edəcəyimizi niyyət etmişdim. İndi isə 90, 95, 100 illiyini qeyd edəcəyimizi arzu edirəm".

Daha sonra "Türk ədəbiyyatı" dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar Anar haqda Türkiyədə yayımlanmış son kitablardan danışıb: "Fəaliyyətimiz boyu ustadımız Anarın əsərləri və bioqrafiyası üzərinə bir çox işlərimiz olub. Amma bu yubiley ərəfəsində vəqfimiz yeni kitabların nəşrini çox vacib hesab etdi. Türk dünyasının ünlü imzaları ustad Anar haqqında qələmə aldığı yeni yazılardan və Azərbaycan alimlərinin məqalələrindən ibarət "İki əsrin qovşağında bir yazar" kitabını yubileyə sanballı töhfə hesab edirəm. Həmçinin Anarın tədqiqatçısı Pərvin Nurəliyevanın yeni işıq üzü görən "Çağının önündə bir yazar" kitabı ustadın yaradıcılığını çağdaş türk oxucusuna anlatmaq üçün faydalı olacaq".

Vəqfin əməkdaşı, qeyd olunan kitabların redaktoru, tərcüməçi Səadət Örməçi geniş audiovizual təqdimatla Anarın son illərdə Türkiyədə yayımlanan kitabları haqqında geniş söz açıb.

Türk ədəbiyyatı araşdırmaçısı, professor Ramazan Qorxmazın moderatorluğu ilə Anarın yaradıcılığı ətrafında məruzə və çıxışlar olub. Dr. Sakin Önər, prof. Mehti Ərgözəl, prof. Mətin Qaraöz, dr. Erol Ülgən, general Əsad Arslan və başqaları Anarın türk dünyası qarşısında xidmətlərindən söz açıblar.

Tədbirdə iştirak edən məşhur türk şairi Ataol Bəhramoğlu uzun illərdir dostluq etdiyi Anarın  yerinin özəl olduğunu bildirib: "Elə mövzular var ki, onları sadəcə dilə gətirmək yox, onlardan qəlbinlə danışmaq vacibdir. Mən min illik dostum Anar haqda bu cür - qəlbimin diktəsi ilə danışıram hər zaman. Anarın bu yaşda yazıb-yaratması məni çox sevindirir. Əziz dostuma cansağlığı, uzun ömür diləyirəm".

Azərbaycandan tədbirə qatılan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid bildirib ki, hələ sovet dövründən böyük bir nəsil Azərbaycan oxucusunda Türkiyə sevgisi Anarın əsərləriylə aşılanıb: "Anar müəllimin "Kitabi-Dədə Qorqud" dastanı əsasında yazdığı ssenari və çəkilən film əvəzsizdir. Daha sonralar "Min beş yüz ilin Oğuz şeiri", "Min ilin yüz şairi" antologiyaları türk dünyasını bütöv görməmizə vəsilə oldu. Son illərdə qələmə aldığı "Yaşamaq haqqı" traktatı isə Azərbaycandan öncə Türkiyədə işıq üzü gördü. Bu da təsadüfi deyil. Çünki burada türkün tarixinə bütöv yanaşılır". Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin sədri Sərhat Kabaklıya, təqdim edilən kitabların tərcüməçisi İmdat Avşara təşəkkürlərini bildirib.

Pərvin Nurəliyeva çıxışında Türkiyə sevgisinin Anarın həm həyatının, həm də yaradıcılığının əsas aparıcı mövzularından olduğunu qeyd edib: "Hələ sovetlər dönəmində, Türkiyə adının və türkçülüyün yasaq olduğu bir vaxtda Anarın ailəsinin burayla bağlı olması, həmçinin Türk ədəbiyyatına, incəsənətinə sevgi yazıçının əsərlərinə də misilsiz mövzular bəxş edib".

Sonra Türk Ədəbiyyatı Vəqfi Anarı "Türk dünyasına üstün hizmət" ödülü ilə mükafatlandırıb.

Sonda Anar çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını bildirib: "Yubileylər həm kədərli işdir, həm də sevindirici. Kədərlidir ona görə ki, hər yubiley səni qaçılmaz sonluğa yaxınlaşdırır. Sevinclidir, çünki belə tədbirlər düzənlənir və çoxdan görmədiyim dostlarımla görüşürəm. Ona görə də mən son illərdə yubileylərimi Bakıda yox, Türkiyədə qeyd edirəm ki, çoxdan görmədiyim dostlarımla görüşüm. Bugünkü gözəl tədbir və yüksək ödül üçün əziz dostlarımız Türk Ədəbiyyatı Vəqfinə, Sərhat Kabaklıya və tərcüməçim İmdat Avşara dərin təşəkkürlərimi bildirirəm".

Tədbirdən sonra təqdim edilən kitabların - P.Nurəliyeva "Anar: Çağının önündə bir yazar", İ.Avşar "Anar: İki əsrin qovşağında bir yazar" imza mərasimi baş tutub. Türk sənətçisi Bünyəmin Ağsunqur qopuzla türk dünyasından musiqi örnəkləri ilə çıxış edib, Azərbaycan mahnıları ifa edib.

Axşam Xalq yazıçısı Anarın şərəfinə Üsküdar bələdiyyəsi "Validə Sultan" gəmisində konsert və ziyafət verib. Yazıçının ailəsi - akademik Zemfira Səfərova və yazıçı Günel Anarqızı çıxış edərək bu qonaqpərvərliyə görə türk qardaşlarımıza təşəkkürlərini çatdırıblar.

Növbəti gün İstanbul Universitetində "Anar: Həyatı, əsərləri və ədəbi şəxsiyyəti" adlı konfrans keçirilib. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin dekanı, professor Hayati Dəvəli tədbiri giriş sözü ilə açaraq Azərbaycandan gələn qonaqları salamlayıb: "Tələbəlik illərimiz Azərbaycanla sınırlarımızın qapalı olduğu dönəmə düşdü. O zaman kiril əlifbasını öyrənmişdik ki, Azərbaycan ədəbiyyatını oxuya bilək. Heç şübhəsiz ki, qardaş xalqın ədəbiyyatından ən sevdiyimiz məhz Anar bəyin əsərləri oldu. Bu gün Universitetimizdə belə bir böyük söz adamının yubileyini qeyd etməkdən məmnunuq".

Konfransda professor Yaqub Çəlik, yazıçı Orxan Araz, Azərbaycanın Əlcəzairdəki fövqəladə və səlahiyyətli səfiri, yazıçı Tural Anaroğlu, AvrasiyaBir Vəqfinin sədri Şaban Gülbahar, İmdat Avşar, Pərvin Nurəliyeva çıxış edərək yazıçının həm ictimai fəaliyyətinin, həm də yaradıcılığının mühüm məqamlarını dilə gətiriblər.

Sonra AvrasiyaBir Vəqfi, Yeni Üfüqlər dərnəyi Anarın 85 illik yubileyi münasibəti ilə diplom və mükafatları yazıçıya təqdim ediblər. Sonda yazıçı çıxışlar boyu toxunulan mövzulara ayrı-ayrılıqda münasibət bildirib: "Kitabi-Dədəm Qorqud" dastanı haqda danışıldı və mən xüsusi qeyd etmək istəyirəm ki, dastanın 1300 illiyinin qeyd edilməsi Ulu öndər Heydər Əliyevin xidməti oldu. Dastanda Dədə Qorqudun həzrəti Məhəmmədin müasiri olduğu qeyd edilir və mən bu məqamdan yola çıxaraq təklif etdim ki, dastanın 1300 yaşını qeyd edək. Öncə Heydər Əliyevin sərəncamı ilə Bakıda, daha sonra Türkiyədə və başqa türk dövlətlərində qeyd edildi". Daha sonra yazıçı çox müzakirələrə səbəb olan, Türk şairi Nazim Hikmətə həsr etdiyi "Kərəm kimi" romanını qələmə almasında niyyətinin gerçək Nazimi anlatmaq olduğunu dilə gətirib: "Məncə, iki Nazim Hikmət olub dünyada. Türkiyədə məhbəslərdə romantik kommunist ideyaları ilə yaşayıb yaradan və Sovetlər Birliyinə gedib ordakı xəyal qırıqlığından sonra mənəvi məhbəs yaşayıb Türkiyə həsrəti ilə yaşayan şair. Türkiyədə müxtəlif yönlü, ideologiyalı oxucuların fərqlidi Nazimə münasibəti. Mən istədim ki, obyektiv və hərtərəfli yanaşım Nazimə və onun əsərlərinə". Çıxışının sonunda Anar uşaqlığından üzü bəri oxuduğu və sevdiyi türk şairləri - Yunis İmrə, Nədim, Əhməd Haşım, Tofiq Fikrət, Yəhya Kamal, Faruq Nafiz, Nazim Hikmət və başqalarından sevdiyi şeirlərdən misraları yada salıb. Sonda iştirakçılar xatirə fotosu çəkdiriblər. Yazıçı Universitet əməkdaşları və tələbələr üçün kitablarını imzalayıb.

Həmin gün Xalq yazıçısı Anar Türkiyənin "Yeni Şəfəq" qəzetinin mədəniyyət səhifəsi yazarı Sevda Dursuna, TvNet telekanallnın "Ketebe-Kitab" TV proqramına geniş müsahibə verib. Daha sonra "Ketebe" nəşriyyatının "Qırmızı Kitabxanası" adlanan konfrans zalında yazıçının yeni çapdan çıxmış "Ağ liman, Beşqatlı apartmanın altıncı qatı, Təhminənin son sirri" kitabının təqdimatı və imza günü baş tutub. Qeyd edək ki, bu əsərlər İmdat Avşar tərəfindən yenidən çevrilib və nüfuzlu yayım evi olan "Ketebe"də işıq üzü görüb. Yayım evinin yazıçı ilə müqaviləsinə əsasən, bundan sonra da digər əsərləri silsilə şəkildə türk oxucusuna, yeni tərcümədə təqdim ediləcək.

"Ketebe" kitabxanasında yazıçı təqdim edilən əsərləri ilə bağlı oxucuların suallarını cavablandırıb, kitablarını imzalayıb.

Qeyd edək ki, iyunun 3-də Ankara şəhərində, TÜRKSOY-da yazıçı Anarın 85 illiyi ilə bağlı tədbir keçiriləcək.

 

 





05.06.2023    çap et  çap et