525.Az

Azərbaycan telekanallarının uşaq proqramları - Sevda Sultanova yazır


 

Azərbaycan telekanallarının uşaq proqramları - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Azərbaycanın televiziya məkanında və milli kinomuzda ən böhranlı vəziyyət uşaq audiovizual məhsulları ilə bağlıdır. "Uşaqlar üçün bədii və animasiya filmləri niyə istehsal olunmur", "uşaq verilişləri tələblərə nədən cavab vermir" sualları təəssüf ki, daha çox iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiə, yaxud 11 dekabr - Beynəlxalq  Uşaq Televiziya və Radio günündə səslənir.

Bugünkü yazıda da mən televiziyada yayımlanan uşaq proqramları haqda qeydlərimi bölüşəcəyəm. Uşaq kinosu və animasiyası mövzusu isə ayrıca bir yazı tələb edir.

Sovet dönəmində Azərbaycan televiziyası və radiosunda uşaq verilişlərinin zəngin ənənəsi olmasa da, populyar bir neçə uşaq proqramı vardı: "Biləyən", "Piri babanın nağılları". Müstəqillik illərində isə "Sehrli güzgü", "Hər birimiz bir çiçək" adlı verilişlər populyarlıq qazanmışdı. Xüsusən də Ələkbər Hüseynovun apardığı "Hər birimiz bir çiçək" proqramı... Proqramın sevilməsinin səbəblərindən biri Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru işləmiş aktyor Ələkbər Hüseynovun peşəkarlığı, uşaq dünyasına bələdçiliyi, balacalarla dil tapmaq bacarığı idi.

Hazırkı vəziyyətə gəlincə. 2015-ci ildən yayımlanan "ARB Günəş" Azərbaycanda fəaliyyətə başlayan ilk uşaq televiziya kanalıdır. Kanalın efirini yerli verilişlər, həmçinin, əcnəbi cizgi filmləri doldurur.

Həftəiçi hər gün yayımlanan "Mərcangildə" proqramının efir müddəti 9-10 dəqiqəni əhatə edir. Məzmun ölkəmizin müxtəlif bölgələrindən göndərilən videoların təqdimatından ibarətdir. Mərcan adlı kuklanın aparıcı Aysel Qəhrəmanlı ilə birlikdə təqdim etdiyi həmin görüntülərdə uşaqlar əsasən şeir deməklə kifayətlənir, az hallarda fərqli bacarıqlarını (rəsm çəkmək, gimnastik hərəkətlər kimi) göstərirlər. Çox güman ki, məqsəd ucqarlarda yaşayan balacaların bacarıqlarını üzə çıxarmasına fürsət yaratmaqdır. Müəlliflər Tik-Tok estetikası sayağı bəsit, asan üsuldan istifadə eləməsələr, "Mərcangildə"nin əslində keyfiyyətli, faydalı verilişə çevrilməsi mümkündür. Amma yuxarıda dediyim kimi, videoların əksəriyyəti uşaqların bir küncə qısılaraq eyni pafosla, eyni jestikulyasiya və üz ifadələrilə şeir deməsindən ibarətdir. Uşaqların özünüifadə formasının imitativ, qeyri-səmimi formada təzahürü həm də məktəblərdə ana dilinin, ədəbiyyatın tədrisinin keyfiyyətinin müəyyən mənada göstəricisidir. Hərçənd, televiziya stimullaşdırmaq yolu ilə (məsələn, müsabiqə) uşaqları qəlibdən çıxararaq, yaradıcı videolar çəkməyə təşviq edə, istiqamətləndirə bilər. Videoların arasında yaradıcı baxımdan seçilənlər təəssüf ki, barmaq sayı qədərdir.

Digər veriliş yenə də həftəiçi hər gün efirdə yer alan "Çərpələng"dir. İlahə Osmanovanın aparıcısı olduğu "Çərpələng"in strukturunu "bu mənəm" rubrikası və musiqi istedadına malik uşaqların iştirakı təşkil edir. "Bu mənəm" rubrikası ölkənin hər tərəfindən göndərilən uşaq fotolarının nümayişi ilə məhdudlaşır. Ada uyğun olaraq rubrikanın məqsədi uşaqların özünü təqdimat vərdişlərini formalaşdırmaq olmalıydı. Amma uşaqların adi, sıradan fotoları efirdə göstərilir. Yaradıcılıq tələb etməyən belə kütləvi yanaşma şou proqramlarındakı ad günü təbriklərinin təkrarından başqa bir şey deyil. Nəticədə üslubsuz, formasız, məzmunsuz proqram meydana çıxır. Studiyaya qonaq qismində gələn uşaqların istedadı isə özünü ən çox musiqi sahəsində göstərir. Qonaq seçimində çətinlik çəkdiklərindən, yaxud sponsor faktoru olduğundan bura daha çox eyni mərkəzin uşaq rəqs qrupu dəvət olunur. Yeri gəlmişkən, yutubda verilişin 2017-ci il buraxılışı qarşıma çıxdı. Viktorina formatında olan o vaxtkı "Çərpələng"də məktəblilərə müxtəlif mövzularda suallar ünvanlanır. Müqayisədə bu, əlbəttə ki, maarifləndirici və faydalıdır.

Aktrisa Günəş Mehdizadənin aparıcısı olduğu "Günəşin nağılı" verilişi isə bir aktyorun tamaşasına oxşayır. 2-3 dəqiqəlik proqramda aparıcı uşaqların dövrəsində yığcam nağıllar oxuyur. Uşaqlar dinləməkdən çox, yerində qurcalanır, vurnuxur və bu, ona görə baş verir ki, uşağa canlı varlıq kimi yox, dekor, görüntü kimi yanaşılır. Aparıcı studiyadakı uşaqlarla ünsiyyətə girmir, onlara fikir vermir və ancaq kameraya oynayır.

Hər üç proqramın tərtibatı, dizaynı pinti, yoxsul estetikada hazırlanıb, studiyada ətalət hökm sürür, halbuki əlvan,  göz oxşayan dekorasiya ilə dinamik fon yaratmaq olardı. Yaradıcı axtarışlar olmadığından verilişlər efiri doldurmaq təəssüratı yaradır. Ötən yazılarımda dediyim kimi, bu, əsasən, verilişlərin konsepsiyasının dəqiq konturlarının müəyyənləşməməsi ilə bağlıdır. Digər problem aparıcıların obrazlarındakı oxşarlığıdır ki  (bədən dilindən tutmuş geyimlərə, intonasiyaya kimi), bu, yenə də aydın konsepsiyanın yoxluğundan qaynaqlanır.

"ARB Günəş" kanalında izlədiyim verilişlər arasında seçilən 2-3 dəqiqəlik "Hava necə olacaq" proqramı oldu. Toplanın təqdimatındakı proqram sadəcə hava haqqında məlumatla məhdudlaşmır. O, hava ilə bağlı maarifləndirici şərhləri, gündəlik həyatından müxtəlif situasiyaları sadə, maraqlı dildə anladır.

"Xəzər" kanalında Oksana Rəsulovanın təqdimatında həftədə bir dəfə yayımlanan "Xoşbəxt sabahlar" verilişi miksdir - yəni həm valideynlər, həm uşaqlar üçün nəzərdə tutulub. Lakin proqramın böyük hissəsi daha çox böyüklərə məsləhətdən ibarətdir. "Doya-doya" rubrikasında uşaq menyusu, "Gedək oppalara"da əyləncəli məkanlar təklif olunur, "Göz dəyməsin" həkim, psixoloq, pedaqoqların məsləhlətləri üzərində qurulub. Uşaqlara maraqlı ola biləcək tək bölmə bacarıqlı, yaradıcı yaşıdlarıyla tanışlıq xarakteri daşıyan "Çoxbilmiş"dir. Uşaq verilişlərinin ümumi problemi yaradıcı heyətin təsəvvüründəki istedad anlayışının musiqi və idmanla sərhədlənməsidir. "Xoşbəxt sabahlar" bu mənada rəngarəngliyə çalışır, memarlıq istedadı olan, texnologiyalara həvəs göstərən balacaları tanıdır. "Öz eviniz" bölməsində isə tanınmış şəxslər uşaqlarıyla bağlı təcrübəsini, tərbiyə metodlarını bölüşürlər. Amma bu hissədə təkcə aktyor, müğənnilərin yox, fərqli sahələrdə çalışan mütəxəssislərin təcrübəsini də dinləmək daha faydalıdır. Aktrisa Oksana Rəsulovanın aparıcılığına gəlincə, nitqində rus dili vurğuları sezilsə də, o, konkret obraz formalaşdırmağa çalışır və rubrikaları səhnəciklərlə təqdim edir. Bununla belə, ümumən teleməkanda uşaq verilişlərinin azlığını nəzərə alsaq, "Xoşbəxt sabahlar" proqramının sırf balacalara hesablanması boşluğu az da olsa doldura bilir.

ATV kanalının efirində yer alan "Bir balaca oyun" əyləncəli maarifçi proqramdır və nisbətən yuxarı yaş qrupu üçün nəzərdə tutulub. Veriliş dinamikdir, əyləncə və maarifçi xətlər uzlaşır. Bir neçə turdan ibarət proqramda böyüklər uşaqlar tərəfindən sınağa çəkilir və onlara suallar ünvanlanır. Qonaqlar əsasən televiziya, incəsənət sahəsində tanınan şəxslərdir. Kəmalə Piriyevanın aparıcılığını - savadını, çevik reaksiyalarını isə ümumən müsbət dəyərləndirmək olar.

"Space" kanalı və AzTV-nin proqramlarında isə uşaq verilişlərinə rast gəlmədim. 

"Mədəniyyət" kanalında həftəiçi hər gün yer alan "Nağıl vaxtı" format etibarilə klassik verilişlərdən biridir. Balacalara nağıl oxunur, sonra isə cizgi filmi göstərilir. Aparıcı Səriyyə Mansurova Azərbaycan Dövlət Kukla Teatrının aktrisası olduğundan təcrübəsi, peşəkarlığı dərhal nəzərə çarpır və hər buraxılışda özünü maraqlı obrazlarda təqdim edir. Amma verilişdəki aparıcı kuklalar zövqsüz, qeyri-estetik, ifadəsizdir. Eyni sözü "Mərcangildə" verilişindəki Mərcan kuklası haqda da demək olar.

İctimai Televiziyada isə uşaqlar üçün iki  - "7 şüşə" və "Biləndər" verilişləri hazırlanır.

"7 şüşə" hərəkətli, uşaqların fiziki imkanlarını, çevikliyini ortaya çıxaran yarışmadır. Geniş yayılmış bu komanda oyunu uşaqlarda rəqabət hissini, mübarizliyi gücləndirir.

"Biləndər" verilişinin aparıcısı Fərid Rzayevin yorğun, bezgin görkəminin düşünülmüş obraz olub-olmadığını başa düşə bilmədim. Amma uşaqlarla ünsiyyəti səmimidir, onları danışdıra bilir, yumoru təmkinlidir. Uşaqların həyat, fəlsəfə, məişət haqda suallara gözlənilməz reaksiyaları verilişin xarakterik cəhətlərindəndir.

Ümumi mənzərəyə baxanda isə, telekanallarımız uşaq proqramları sarıdan rəngarəng deyil, bütün yaş kateqoriyaları əhatə olunmur. Uşaq verilişləri teleməhsulların uzağı 10 faizini təşkil edə, ya etməyə. Və elə buna görə də, uşaqların verilişlərə tələbatı ödənilmədiyindən, onlar xarici, xüsusilə də Türkiyə kanallarına meyllənirlər.

Dövlət büdcəsindən maliyyələşən kanallarda uşaq proqramları önəmli yer tutmalıdır. "Mədəniyyət" kanalında yalnız bir proqramın fəaliyyəti, AzTV-də isə heç olmaması ciddi qüsurdur. Özəl kanallarda uşaq verilişlərinin azlığı, reytinq gətirməməsi ilə əsaslandırılması isə bəhanə kimi səslənir. Hansısa uşaq proqramı reytinqli deyilsə, bu, orijinal, yaradıcı layihələrin düşünülməməsiylə bağlıdır. Uşaq verilişlərinə bütün dünyada xüsusi diqqət ayrılır və bu, milli ideologiyanın mühüm hissəsi sayılır. Təsadüfi deyil ki, Almaniyada 1971-ci ildən efirə gedən, 4-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan, ən müxtəlif mövzulardan bəhs edən  "Telesiçan" verilişi "millətin məktəbi" adlandırılır.

Əlbəttə, indi alternativlərin olduğu dövrdə televiziyanın internet resursları ilə rəqabəti çətinləşsə də, çıxış yolu həmişə var. Uşaq layihələri ilə bağlı tenderin elanı problemi qismən həll edə bilər. Və ən azı xarici televiziyaların təcrübəsinə müraciət etmək olar. 1969-cu ildə yaradılan, 3-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan Amerika istehsalı "Sezam küçəsi" dünyada ən populyar uşaq verilişlərindəndir. Burada uşaqlar yazıb-oxumağı, dünyanın dərki yollarını, ünsiyyət qurmağı, konfliktin sülh yoluyla həllini öyrənirlər. Balacaları həyata hazırlayan verilişin Avropadan tutmuş Latın Amerikasınadək hər yerdə yerli versiyası hazırlanır. Yeri gəlmişkən, veriliş ilk illərdə kasıb ailələlərin uşaqlarının təhsilinə kömək məqsədilə yaradılıb.

Amma bu o demək deyil ki, uşağın tərbiyəsini, dünyagörüşünün formalaşmasını tamamilə televiziyaların üstünə yıxmalıyıq. Yeri gəlmişkən, Fransanın Teleradio Məsələləri üzrə Ali Soveti telekanalların üç yaşınadək uşaqlar üçün proqram hazırlanmasını qadağan edib. Bəzi tibbi araşdırmalara görə, bu yaşda televiziyaya baxmaq uşaqda yuxu və nitq problemi, asılılıq, passivlik yaradır və əsəb sisteminə ziyan verir.

Söhbət, sadəcə, televiziyanın cəmiyyət qarşısındakı öhdəliyini yerinə yetirməsindən gedir.

 





05.06.2023    çap et  çap et