525.Az

Məzmunun aliliyi - Aytac Sahəd yazır


 

Məzmunun aliliyi - <b style="color:red"> Aytac Sahəd yazır</b>

- Çoxdan burda yaşayırsınız?

- Hə.

- Əvvəl mən də bu tərəflərdə qalırdım, sonra atamgilə köçəsi oldum. Burdakı evimi də bir gənc ailəyə kirayə verdim. Elə oldu ki, oğlanı müharibədə öldürdülər.

- Öldürdülər yox, şəhid oldu (Dərhal müdaxilə edirəm, ancaq o, məni eşitmirmiş kimi söhbətinə qaldığı yerdən davam edir).

- Daha mən də ailəni evdən çıxarmadım, körpə uşaqları vardı. İki ilə yaxın həmin evdə qaldılar, bir qəpik də pul götürmədim. Bu yaxınlarda köçüblər, hətta onlar gedəndən sonra qalan kommunal borclarını da ödədim.

Həqiqətən də müdaxiləm yersiz imiş. Əgər söhbət belə davam etməsəydi, sürücüyə "şəhid" sözünün mahiyyəti haqqında uzun bir monoloq söyləyəcəkdim.

Ancaq söhbətimizin sonunda nə uyğunsuz ifadəsinin, nə də başqa adamlarda görəndə xeyli əsəbləşdiyim, etdiyi yaxşılığı danışmasının məni daha qıcıqlandırmadığını hiss etdim. Çünki niyyətinin mahiyyətini duydum. Bəlkə də, o adam şəhid adının aliliyini çoxlarından daha yaxşı anlayır.

Taksi sürücüsü ilə bu qısa dialoqumuz "forma, yoxsa məzmun" sualını mənim üçün bir daha aktuallaşdırdı.

Nə yalan deyim, mən həmişə forma adamı olmuşam - nizamın xaotiklikdən, inkişafın mahiyyətdən daha vacib olduğuna inanlardan yəni. Məsələn, həmişə çevrəmdə qalaq-qalaq kitablar oxuyan, bütün günü sərgilərdə yatıb-duran adamların olmasını istəmişəm. Çox vaxt da elə onlar olub və haqqına deyim ki, belə adamlardan xeyli şey öyrənmişəm. Son dövrlərdə isə adamları oxuduqları kitabların sayına görə dəyərləndirməyin nə qədər mənasız kriteriya olduğunu, əslində, insani münasiblətlərin gec-tez ürəyin diktəsinə məhkumluğunu anlamağa başlamışam. Son dövrlər dediyim də, iki təhsili olub, dörd dil bilən rəfiqəmin mənə etdiyi vəfasızlıqdan sonrakı dönəmdir. Əlbəttə, hər düşüncənin insanı vəfasızlıq da edər, adamı yarı yolda da qoyar. Amma bir neçə dəfə oxşar hal yaşadıqdan sonra bəlkə dəyər anlayışımı yanlış adamlarda şaxələndirmişəm deyə düşünürəm. Sən demə, yaxşı dostluq, yoldaşlıq üçün təkcə eyni kitabları oxuyub eyni filmlərə baxmaq kifayət eləmirmiş. İnsanı insana bağlayan şeylər hər nədirsə, yalnız fitrətdən gəlir. Bir sözlə, ürəyinin hökmü ilə hərəkət edən mərd adamlarla daha yaxşı yaşanar bu həyat, nəinki insanın sonradan uydurduğu ölçü-biçiyə görə seçdikləri ilə.

Təqdimat önəmlidir, fəqət mahiyyət ondan da önəmlidir. Əgər forma yaxşı təqdimatdırsa, məzmun yaxşı mahiyyətdir. Mahiyyəti gözəl olmayan nəsnələr hansı formada zühur edir-etsin, özünü doğrulda bilməz, yaxud da əksinə. İnsan məzmunun məharətinə güvənib formadan tamamilə imtina edərsə, sahib olduğu gözəllikləri göstərmək də çətinləşər. Çünki bəzi gözəllikləri görüb mahiyyətini anlamaq üçün gözdən ziyadə yetişkinlik lazımdır. Vay o günə, sən formadan imtina edib, yalnız məzmun adamı olasan, qıraq-bucaqındakılar da yetişməmiş adamlar. Gəl indi yaşa görüm necə yaşayırsan?

Odur ki, ən yaxşısı məzmunu gözəlləşdirmək üçün öz üzərində işləmək, özünü, mahiyyətini daha yaxşı ifadə etmək üçün formanın qanunlarından bəhrələnməkdir. Yoxsa mən açıqsözlüyəm deyib, ağlına gələni danışmaq, niyyətin təmizliyinə sığınıb nəticənin məsuliyyətindən boyun qaçırmaq - öz aramızdır, bu da haqq işi deyil axı.

İstənilən halda mən həmin taksi sürücüsü kimi adamların sayəsində anlamışam ki, həqiqətən də feil isimdən daha önəmli məfhumdur. Həyat isimin işıltısından daha çox, feilin etdiyidir. Çünki Xədicənin zəhərini ancaq Qaraca qızın ürəyini daşıyanlar sovura bilər. Yox, mən fədakarlığı romantikləşdirmirəm, yoldaşlıq birtərəfli təmənnaya kölə olmamalı. Yeri gələndə sən özün də həmdəm damarındakı qanı sovura bilməlisən. Məsələ ondadır ki, bilmirsən o ilan səni harda sancacaq, amma ən azından bilə bilərsən ki, yanında Qaraca qızın ürəyini daşıyan adamlar var. Çünki çox vaxt bizim ikinci bir şansa zamanımız olmaya bilir. İlan səni bir divar dibində yaxalayır və hər şey də orda bitir. Yoldaş yolda tanınar deyiblər, ancaq tanışlığı da tək yolun ümidinə buraxmaq ağlabatan deyil. Onsuz da ömür özü uzağı 60-70 illik yoldur. Guya nə qədər vaxtımız var ki, üstəlik, bir də yanlış adamlarla çıxdığımız yollarda ləngiyək?

Əgər forma ilə məzmun arasında konkret seçim edə bilmisənsə, həyata da, insanlara da baxışın o yöndə olacaq. Məsələn, məzmun qibləm olandan sonra Novruzəlinin cəhalətinə gülməkdən çox, sədaqətini alqışlayıram.

Yaşasın, məzmunun aliliyi!..

 

 

 





05.06.2023    çap et  çap et