525.Az

Ürəyi azad və bütöv Vətən eşqi ilə çırpınan şair


 

"XALQ ƏMANƏTİ" LAYİHƏSİNİN 23-CÜ NƏŞRİ  - HÖKUMƏ BÜLLURİNİN ƏDƏBİ İRSİNƏ HƏSR EDİLMİŞ KİTAB  TƏQDİM OLUNUB

Ürəyi azad və bütöv Vətən eşqi ilə çırpınan şair<b style="color:red"></b>

28 May Müstəqillik Günü ərəfəsində - mayın 26-da "Xalq Bank"ın sənət qalereyası tanınmış ədiblərin, alimlərin, rəssamların, jurnalistlərin, ümumən poeziyasevərlərin şəxsində Azərbaycan mədəni mühitinin layqincə təmsil olunduğu daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Ölkədə ən mühüm mədəni-ictimai layihələrdən sayılan "Xalq Əmanəti" çərçivəsində yeni nəşrin - Xalq şairi Hökumə Billurinin poeziyasını əks etdirən kitabın təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirdi ki, "Xalq Əmanəti"nin hər nəşri Azərbaycanın mədəni həyatında gözəl bir hadisəyə çevrilərək milli mədəniyyətimizin təbliğ və tərəqqisinə xidmət edir: "Bu kitabın nəşri, sözün əsl mənasında, milli-tarixi mahiyyət daşıyır, çünki Hökumə Billurinin bioqrafiyasında o taylı-bu taylı Azərbaycanın gerçək taleyi əks olunub.  Onun həyat və yaradıcılığının elə bir səhifəsi yoxdur ki, öz xalqının, doğma vətəninin taleyi ilə sıx bağlı olmasın".

Akademik qeyd etdi ki, 1943-46-cı illərdə Cənubi Azərbaycanda baş verən inqilabi-demokratik proseslər nəticəsində orada bu proseslərin arzulanan sonluqla nəticələnəcəyinə ürəkdən inanan böyük bir qrup insan - tərəqqipərvər ədiblər, ziyalılar, ictimai-siyasi xadimlər - meydana çıxmışdı. Lakin sonra hərəkat uğursuzluğa düçar oldu və həmin insanların böyük bir qismi həbs olundu, edam edildi, bir qismi isə məcburən Sovet Azərbaycanına pənah gətirdi. Bu sonuncuların arasında qəlbi azadlıq eşqilə çırpınan Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Əli Tudə və gənc şair Hökumə Billuri kimi qələm adamları da vardı: "Hökumə xanım Bakıda filologiya üzrə, Moskvada isə ictimai-siyasi istiqamətdə yüksək təhsil aldı. Ədəbi yaradıcılıqla yanaşı, Şərqşünaslıq İnstitutunda elmi fəaliyyətlə məşğul oldu.

İkiyə bölünmüş vətənin dərdi, Cənubi Azərbaycandakı soydaşlarının ağrılı taleyi Hökumə Billurinin poeziyasında qırmızı xətt kimi keçir".

N.Cəfərov vurğuladı ki, şairin tərcüməçilik fəaliyyəti də Cənubda yaranan ədəbiyyatın təbliğinə, xüsusən ustad Şəhriyarın farsca əsərlərinin ana dilimizə çevrilməsinə həsr olunub. Eyni zamanda, Səməd Vurğun, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Nəbi Xəzri yaradıcılığından nümunələri farscaya tərcümə edib: "Xalqımızın Ümummilli lideri Heydər Əliyev Hökumə Billurinin ədəbi istedadını və xidmətlərini yüksək qiymətləndirib, onu Xalq şairi fəxri adına layiq görüb".

Akademikin fikrincə, H.Billurinin yaradıcılığının belə əhatəli nəşri onun ədəbi irsinin gələcəkdə daha dərindən tədqiq edilməsi üçün əlverişli imkandır.

Kitabın tərtibçisi, redaktoru və önsöz müəllifi olan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu ədəbi ictimaiyyəti bu dəyərli nəşrin işıq üzü görməsi münasibətilə təbrik etdi. O, kitabın məzmun və mündəricatı, əhəmiyyəti barədə fikirlərini bölüşməklə bərabər, nəşr üzərində iş prosesi, onun hazırlanma prinsip və meyarları haqqında da məlumat verdi. S.Babullaoğlu diqqətə çatdırdı ki, Azərbaycan dilinin sərhədləri kifayət qədər geniş arealı, təxminən, 50-60 milyon insanı əhatə edir: "Ona görə də ədəbi həyatımızdakı hər bir yenilik, istər müstəqil ölkəmizdə, istərsə də Güneydə baş vermiş olsun, bütün bədii nümunələri nəzərdən keçirməyimizi zərurətə çevirir. Güney Azərbaycandan gələrək vətənin bu tayında sığınacaq tapmış Güney Azərbaycan şair və yazıçıları öz yaradıcı potensiallarını reallaşdırmaq üçün daha geniş imkanlar qazanıblar. Bu isə, öz növbəsində, milli ədəbiyyatımızın bir bütünləşmə imkanı əldə etməsinə yol açıb".

Tərtibçi və redaktorun qənaətinə görə, kitabda toplanan əsərlər aydın göstərir ki, H.Billuri hansı mövzuda - məhəbbət, təbiət, dostluq və sair  - yazsa da, Azərbaycanın ikiyə bölünməsinin ağrı-acısı onun əsərlərinin əsas motivi kimi çıxış edir.

O bildirdi ki, kitab Güney Azərbaycanda ötən əsrin ilk yarısında baş vermiş önəmli hadisələri, oradakı azadlıq və demokratikləşmə hərəkatını, eləcə də H.Billurinin həyat və yaradıcılığının Bakı dövrünü əks etdirən maraqlı fotolarla zəngindir. Nəşrdə həmçinin ustad Şəhriyarın vaxtilə Billuriyə ünvanladığı "Hökumə can" şeirinin nadir əlyazmasına yer verilib.

"Dünya ədəbiyyatı" jurnalının baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli tədbirdəki çıxışında dedi ki, ədəbi-mədəni sferada meydana gələn əksər layihələr, çox təəssüf, davamlılıq qazana, ənənəyə çevrilə bilmir: "Bu baxımdan, mədəni mühitimiz üçün çox sevindirici haldır ki, "Xalq Əmanəti" 2010-cu ildən bəri davamlı, planlı qaydada həyata keçirilir. Layihə çərçivəsində yüksək peşəkarlıqdan xəbər verən nəşrlərin hazırlanması, maraqlı sərgilərin və təqdimat mərasimlərinin təşkili artıq son dərəcə dəyərli bir ənənəyə çevrilib. İndiyə qədər hazırlanmış, rəssamlığa, ədəbiyyata, xalçaçılığa, numizmatikaya dair bu nəfis, sanballı nəşrlər - ümumilikdə 23 kitab - mütəxəssislərin böyük rəğbətini qazanmaqla bərabər, sənətsevərlərin də dərin məmnunluğuna səbəb olub. İndi təqdimatına toplaşdığımız kitab - Xalq şairi Hökumə Billurinin yaradıcılıq toplusu da bu xoş ənənənin növbəti bəhrəsidir".

S.Hüseynlinin fikrincə, layihə üzrə yeni nəşr üçün müəllif seçimi kifayət qədər uğurludur, ilk növbədə ona görə ki, zamanın ruhu, dövrümüzün çağırışları ilə birbaşa səsləşir: "Xüsusən də bu cəhətdən ki, Hökumə Billurinin ciddi istedad və zəhmətinin məhsulu olan yaradıcılığı, ilk növbədə, vətənin azadlığına, bütövlüyünə təşnəlik, ana dilinə sonsuz sevgi, milli mövqeyə möhkəm bağlılıq, doğma xalqın azadlıq mücadiləsinə tərəddüdsüz sadiqlik, sülhə, dostluğa, xeyirxahlığa səsləyiş kimi mühüm keyfiyyətlərin daşıyıcısı, tərənnümçüsüdür".

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli yeni nəşrin əhəmiyyətindən, Xalq şairinin yaradıcılığının məziyyətlərindən söz açdı, H.Billurinin, eləcə də onun kimi bu taya pənah gətirmiş digər ədiblərimizin olduqca qiymətli bədii, elmi və tərcümə irsi yaratdıqlarını diqqətə çatdırdı.

Kitabın tərtibatçı-rəssamı olan Əməkdar incəsənət xadimi Tərlan Qorçu nəşr üzərində xüsusi zövqlə, məmnunluqla işlədiyini bildirərək, bunun bir mühüm səbəbinin də  Cənub mövzusunun ona xeyli yaxın olmasını, yaradıcılığına Təbriz miniatür rəssamlıq ənənələrinin də güclü təkan verməsini önə çəkdi: "Çox istərdim ki, dünya mədəniyyətinə möhtəşəm töhfələr vermiş Təbriz sənət mühiti, onun görkəmli nümayəndələri ilə bağlı ayrıca nəşr hazırlansın. Biz onları layiqincə öyrənib tanımalı və təbliğ etməliyik".

Xalq şairinin ailəsi adından çıxış edən Hökumə xanımın qızı Elnaz Qəmbəri dedi ki, H.Billurinin bədii irsinin "Xalq Əmanəti"nə daxil edilməsi sənətkarın yaradıcılığına və şəxsiyyətinə yüksək diqqət və ehtiramın təzahürüdür. Anasının ömrü boyu vətən, söz və sənət eşqilə yaşadığını vurğulayan, bu qənaəti şairin "Mənim şeirim" əsərindən bir parçanı səsləndirməklə də əsaslandıran E.Qəmbəri, layihənin təşəbbüskarlarına və təşkilatçılarına, yaradıcı heyətə dərin minnətdarlığını ifadə etdi.

 





05.06.2023    çap et  çap et