525.Az

"Taksi fəaliyyəti sahəsində nəzarət mexanizmi tətbiq olunmalıdır"


 

"Taksi fəaliyyəti sahəsində nəzarət mexanizmi tətbiq olunmalıdır"<b style="color:red"></b>


Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xaotik vəziyyətin hökm sürdüyü heç kimə sirr deyil. Bu xidmətlə bağlı narazılıqlar günü-gündən artmaqdadır. Həm sərnişinləri, həm də taksi sürücülərinin özlərini narazı salan ciddi səbəblər var. Həmin səbəblərə nəzər saldıqda, yaranmış mənzərə onu deməyə əsas verir ki, problemin köklü həlli, bu sahədə təkmilləşdimə aparmaq üçün konkret addımlar atılmalıdır. Sərnişinləri narazı salan əsas səbəblər arasında ilk növbədə keyfiyyətin çox aşağı olması, təhlükəsizlik məsələsi, eyni zamanda ödənişlə bağlı qarşılaşdıqları problemdir. Əgər sərnişin kartla ödəniş edirsə, sürücü əksər halda onun sifarişini yerinə yetirməkdən imtina edir. Yaxud da, təyinat yerinə gəlsə də, sifarişçini deyil, daha artıq pul təklif edən vətəndaşı taksiyə götürür.  

Məsələn, paytaxt sakini Tural Əliyevin başına eyni hadisə gəlib. Otellərdən birinin qarşısında sifariş etdiyi taksini gözləyən T.Əliyev deyir ki, taksi artıq pula görə digər vətəndaşı götürüb: “Tələsdiyim üçün artıq taksi sifariş edib, gözləməyə vaxtım yox idi. Ona görə otelin qarşısındakı taksilərdən birinə əyləşməyə məcbur oldum. Bu, sərnişinə qarşı hörmətsizlik, taksi şirkətinə isə etimadın itməsidir”. 
Eyni zamanda sərnişin taksi xidmətindən istifadə edərkən mənzil başına təhlükəsiz şəkildə, sağ-salamat çatmasından əmin deyil. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin hər hansı standartlar olmadan, tibbi yoxlanış və s. aparılmadan kimi gəldi işə götürməsi vətəndaşın həyatı ilə oynamaq deməkdir. Dəfələrlə narkotikin təsiri altında taksi idarə edən, xanımlara əxlaqsız təkliflər edən sürücülərlə bağlı müvafiq rəsmi qurumlar tərəfindən faktlar açıqlanıb. Elə ötən həftə Daxili İşlər Nazirliyi Bakıda qadın sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun olaraq ciddi tədbirlər görülməsi barədə məlumat yayıb. Həyata keçirilən sonuncu tədbirlər nəticəsində qeyd olunan əməlləri törədən həmin şirkətlərin 69 sürücüsü müəyyən edilərək saxlanılıb. 

Başqa bir problem isə taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin texniki göstəricilərinin çox aşağı səviyyədə olmasıdır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin məsuliyyətsiliyindən irəli gəlir. Görünən odur ki, “Avtomobilin varsa, taksi sürücüsü ola bilərsən”, “şüarı”nı əsas tutan bu şirkətlər üçün sürücünün sağlamlıq durumu, psixoloji vəziyyəti, sürücülük təcrübəsi maraqlı olmadığı kimi, avtomobilinin texniki göstəriciləri, yararlı olub-olmaması da əhəmiyyətli deyil. Təki qazanc olsun.  Paytaxtı bürümüş “Prius”lar bu gün ölüm saçır. Demək olar ki, taksi fəaliyyəti ilə məşğul olan bu avtomobillərin iştirakı ilə hər gün qəza törədilir. Sistemsiz taksi fəaliyyəti həm də paytaxtda uzun tıxaclara səbəb olur. 

Gələk taksi sürücülərinə. Onlar da qazanclarının azlığından, normadan artıq iş saatında çalışmalarından narazıdırlar.

Qeyd edək ki, bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində (RİNN) Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.

Görüşdən əsas məqsəd vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və ekoloji tələblərə riayət olunmasıdır. Həmçinin, haqsız rəqabət və inhisarçılığın, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasıdır.Taksi şirkətlərinə qısa müddət ərzində çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək barədə tapşırıq verilib.

Göründüyü kimi, taksi fəaliyyəti sahəsindəki problemlərin həlli artıq diqqət mərkəzindədir. Yəqin ki, qarşıdakı dönəmdə bu istiqamətdə müvafiq addımların atılacağına şahidlik edəcəyik. Problemin həlli üçün millət vəkilləri, ekspertlər tərəfindən də təkliflər irəli sürülür. 
Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, bu sahədə nəzarətin olmaması bir sıra xoşagələməz hallara gətirib çıxarıb. Onun sözlərinə görə, taksi sürücülərinin davranışları da narazılıq yaradır:

“Taksi sürücülərinin bəziləri sərnişindən soruşmadan belə siqaret çəkirlər. Yaxud ödənişin nağdsız olduğunu biləndə sifarişə gəlmirlər. Sağlamlıq vəziyyətinin taksi idarəetməyə yol verməyən sürücülərlə də qarşılaşırıq. Elə hallarla rastlaşırsan ki, sifariş etdiyin taksiyə əyləşəndə, artıq peşman olursan. Yəni, taksi xidməti sahəsində özbaşınalıq davam edir. Bu halların davam etməməsi üçün bu sahədə nəzarət mexanizmi tətbiq olunmalı, taksilər üçün ciddi tələblər müəyyənləşməlidir".

Deputat düşünür ki, bütün taksilərdə taksometrlər quraşdırılmalıdır. Sərnişin taksometrinin göstəricisinə görə ödəniş etməlidir: “Həm də taksilərdə posterminallar quraşdırılmalı və sərnişinin istəyinə uyğun nağd və ya nağdsız qaydada ödəniş edilməsinə şərait yaradılmalıdır. Taksi xidməti ilə məşğul olan həm sürücü, həm də avtomobil hər gün baxışdan keçirilməlidir. Düzdür, taksilərin şəhərdə çox olması rəqabəti gücləndirir və qiymətlərin aşağı səviyyədə  qalmasına imkan yaradır. Digər tərəfdən xoşagəlməz hallar baş alıb getdiyini müşahidə etdikcə bu sahədə mütləq şəkildə yeni qaydaların və tələblərin müəyyənləşdirilməli olduğunu hesab edirəm".

PƏRVANƏ
 

 





05.06.2023    çap et  çap et