525.Az

Hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu var


 

Hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu var<b style="color:red"></b>

Hər insanın həyatında keçid mərhələsi olur. Bəzilərində bu, ömür boyu sürür. Ancaq ən çətini insanları saf-çürük etmə mərhələsidir. Yəqin ki, bu, hər kəs üçün çox yorucudur. Amma hamının mütləq şəkildə keçməli, öyrənməli olduğu bir mərhələdir. Yəqin ki, sizin də həyatınızda qarışqa qədər adamları böyüdüb fil boyda eləmək olub. Yəqin ki, sizin də dünya qədər çəkisi olan ciddi və mənalı kəlmələri o adamların adlarının yanında vergül qoya-qoya sıralayanda əlləriniz titrəməyib. Yəqin ki, siz də cümlələri ölçüb, sözləri biçib üstlərinə geyindirmisiniz. Ən eybəcərinə belə necə yaraşdırmısınızsa, sonra özünüz də çaşıb qalmısınız. Ötüb gedən zaman içində isə görmüsünüz ki, sən demə, ölçüb-biçdiyiniz, tikib əyinlərinə geyindirdiyiniz o cümlələr "sıfır ölçülü" həmin adamlara on-on beş ölçü böyük imiş. Təbii ki, hər şeyi zaman müəyyənləşdirir, zaman nələrin nə, kimlərin kim olduğunu isbat edir.

Zamanın gücünü muzeylərdə daha çox öyrənirsən. Şahların, imperatorların, sinəsinə döyənlərin, özünü zirvə sananların, hər kəsə meydan oxuyanların yerində indi yellər əsdiyini görə-görə dərk edirsən. Anlayırsan ki, nələrisə, ya da kimlərisə gözdə çox da böyütmək lazım deyil. Nəticədə hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu var!

Acı hökmün, mütləq sonun yaşandığı yerdir Ulduz sarayı. İstanbulun "incilərindəndir". Osmanlı dönəmində tikilən son böyük saraydır. II Abdulhəmidin hökmdarlıq etdiyi, ömrünün ən gözəl və ən ağır dönəmini yaşadığı, yaratdığı, devrildiyi, ardınca xalq tərəfindən yağmalanan Ulduz sarayı...

Tarix amansızlıqlarla doludur. Ümumiyyətlə, harada insan varsa, oranın cəhənnəmə çevrilməsi qaçılmazdır. Ancaq bu yazıda saraydan yox, sarayın ərazisində yerləşən Şalə köşkündən bəhs edəcəyəm.

 

İsraf, yoxsa jest?

 

II Abdulhəmid qonaqpərvərliyi ilə məşhur idi. "Xoş gəldin, beş gəldin" səviyyəsində deyildi bu qonaqpərvərlik, o dərəcədə idi ki, İstanbula ziyarətə gələcək olan Almaniya imperatoru II Vilhelm üçün xüsusi köşk tikdirmişdi. Hətta köşkün inşasına birbaşa özü nəzarət etmiş və qısa müddətdə başa çatdırılmasına nail olmuşdu.

Yaşadığı sarayın bağında belə bir köşk tikdirməsi bir az qəribə görünə bilər. Hətta sırf bir nəfər qonağın iki-üç gecə qalmağına görə belə bir addımın atılmağı israfçılıq hesab edilə bilər. Əslində isə bu, böyük bir jest, bir təşəkkür, bir minnətdarlıq idi.

O dönəmlər II Abdulhəmid Qərb tərəfindən təklənmişdi. Hətta Qərb Osmanlı İmperatorluğunun çöküşünü gözləyirdi. Vəziyyətin bu həddə çatdığını görən sultan, təklənmə siyasətindən qurtulmaq üçün hərəkətə keçir və alman imperator II Vilhelmlə möhkəm dostluq əlaqəsi qurur. Başda İngiltərə olmaqla digər ölkələr Osmanlı İmperatorluğunun bölüşdürülməsi üçün hazır dayanmışdılar. Hətta bunu dilə gətirməkdən belə çəkinmirdilər. Lakin Sultan Abdulhəmidin məntiqli siyasəti ilə əllərini ovuşduraraq pusquda durub gözləyənlərin bütün gözləntiləri buxar olur.

 

Heyranlıq da "ünvan" dəyişə bilir

 

Vilhelm ilk dəfə 1889, növbəti dəfə isə 9 il sonra - 1898-ci ilin oktyabr ayları olmaqla İstanbulu iki dəfə ziyarət edir. Hər iki gəlişində də II Abdulhəmid tərəfindən təntənəli şəkildə qarşılanır. Tezliklə şəhərdə alman məktəbləri və xəstəxanaları açılır. Türk əsgərlər Almaniyada təhsil almağa başlayırlar. XVIII əsrə qədər memarlıq və sənət başda olmaqla bir çox sahədə güclü təsiri olan Fransa heyranlığı yavaş-yavaş Almaniya heyranlığına çevrilir. Vilhelm Abdulhəmidin ölümündən sonra I Dünya müharibəsinin axırlarına yaxın Sultan Rəşadın dəvətlisi olaraq 1917-ci ilin oktyabrında üçüncü dəfə İstanbula gəlir. Padşah qonağını Sirkəçi stansiyasında qarşılayır. Həmin vaxt Vilhelmin əynində türk forması və türk şapkası olur. Bu, onun dostluğa verdiyi dəyərin, sədaqətin göstəricisi idi.

 

"Bütün gözəlliklərin" memarı

 

Şalə köşkü günümüzə gəlib çıxan görkəmli memarlıq abidələrindən biridir. Adı fransızca "dağ evi" mənasına gələn "chalet" sözündən alınıb. Daha əvvəl Osmanlı memarlığında bu qədər fərqli və diqqət çəkən bir tikili olmayıb. Köşkün birinci bölümü 1880-ci ildə inşa edilir. Doqquz il sonra İstanbuldakı ən gözəl abidələrin memarı olan Sarkis Balyan tərəfindən genişləndirilərək otaq və salonlar da əlavə edilir. Mərasim köşkü adı ilə tanınan və italyan əsilli saray memarı De Aranconun inşa etdiyi üçüncü bölümü isə 1898-ci ildə tamamlanır.

 

Osmanlı memarlığında bir ilk

 

Şalə köşkü zirzəmisi ilə birlikdə üç mərtəbədən ibarətdir. İnşasında taxta və kərpicdən istifadə edilib. Osmanlı ənənələrində olan "hərəm və salamlıq" bu memarlıq abidəsində görülməməkdədir və bu imperatorluq üçün bir ilk hesab edilir. Pəncərələri taxta jalüzlərlə açılan Şalənin mərtəbələr arasındakı pilləkənləri De Aranco tərəfindən italyan mərmərindən hazırlanıb. Bura altmış otaq, dörd dəbdəbəli salonu ilə köşkdən daha çox kiçik saraya bənzəyir. Avropa memarlığının izlərinin güclü şəkildə hiss edildiyi, hətta görüldüyü köşk insanı valeh edir. Divarların və tavanların zərif, bir qədər də cəzbedici qızılı işləmələri içəri girən hər kəsi valeh edir.

 

Qumarxanaya çevrilən köşk

 

Köşkdəki bir-birindən zərif çini qablar, vazalar, xüsusi işləməli yataq dəstləri, dolablar və çox sayda digər əşyalar Avropadan gətirilib. Özünə məxsus qonaq otaqları ilə tanınan Şalə köşkü Cümhuriyyətin ilk illərində İstanbul bələdiyyəsi tərəfindən Mario Serra adlı bir italyan tərəfindən kirayəyə götürülür və qumarxana kimi işlədilməyə başladı. Atatürkün göstərişi ilə 1930-cu ildə Milli saraylar idarəsinə verilir və muzey kimi ziyarətə açılır.

 

Dörd tonluq xalça

 

Abdulməcidin dönəmində sultanın ağlına Dolmabağça sarayını dünyanın ən yaxşı xalçaları ilə döşəmək fikri düşdü. Buna görə, Dolmabağça sarayının bağında "Hərəkə xalça və ipək toxuma" adlı fabrik açılması əmrini verdi və Hərəkədəki ən yaxşı ustalar buraya gətirildi.

Dolmabağçadakı bütün xalçalar burada toxunulub və bu xalılar sadəcə saray üçündür, başqa yerdə istifadəsi qəti qadağan idi. Bəylərbəyi, Çırağan sarayındakı pərdələr burada tikilmiş, xalçalar da burada toxunmuşdu. Şalə köşkünün də xalçası burada toxunur. Ancaq xalça o qədər böyük və ağır olur ki, onu köşkün içərisinə salmaq mümkün olmur. Məcbur qalıb divarları uçurub xalçanı içəri bu şəkildə salırlar. Xalça nə az-nə çox, düz 468 kvadratmetrlik otaq üçün nəzərdə tutulub. Ağırlığı 4 tondur. Dünyadakı ən böyü xalçalardan biridir.

 

Sultanın əl işi

 

Köşkün bir digər təsirləndirici bölümü Sədəfli salondur. Gələn qonaqlara yemək burada verilirdi. Otağın qapısı, stol, stullar sədəf işləmələrdən ibarətdir. Dizayn tamamilə II Abdulhəmidə məxsusdur. Hətta stullardan biri sırf öz əl işidir.

 

Yağmalanma və talanla bitən son

 

II Abdulhəmid Ulduz sarayına rəngli tutuquşular, itlər, hin heyvanları aldırırdı. Sarayın hər tərəfi bu heyvanlarla dolu idi. Yeri gəlmişkən, Türkiyədə toyuqçuluqla bağlı ilk əsəri də II Abdulhəmid yazmışdı. Bu heyvanlara baxan xüsusi insanlar vardı. 1909-cu ildə sultan taxtdan salındıqdan sonra saray yağmalanır. Burada saxlanılan nadir heyvanlar da yağmanın qurbanı olurlar. Bir xeyli heyvan isə qarışıqlıqda tələf olur. Qeyd edim ki, bu hadisədən öncə sarayda Həşərat muzeyi, nadir ağacların, bitkilərin əkildiyi Botanika bağı vardı. Eləcə də, ən uzun ağaclardan olan Sekoya da burada əkilmişdi, həmin ağac hələ də durur. Bilənlər bilir, II Abdulhəmid silah istifadəsində mahir olub. Ona görə də, sarayda Silah muzeyi də qurmuşdu. 31 mart hadisələrində üsyanı yatırmaq üçün Salonikidən gələn "Hərəkat ordusu" sarayı yağmalayaraq talan etmişdi. Möhtəşəm memarlığa ciddi zərər dəymişdi. Mücəvhəri, zinət əşyalarını, dəyəri milyonlarla hesablanan qiymətli əşyaları oğurlamışdılar.

Hər sarayın, qəsrin, köşkün bu və bənzər keçmişi var. Tarixə boylananda görürsən ki, nələrisə, kimlərisə gözdə böyütmək qədər mənasız bir iş yoxdur. Nəticədə hər dəqiqənin bir hökmü, hər kəsin bir sonu var!..

 





05.06.2023    çap et  çap et