525.Az

Poetik yaddaşın Qərbi Azərbaycan ağrısı


 

Poetik yaddaşın Qərbi Azərbaycan ağrısı<b style="color:red"></b>

Bütün dünya bilir ki, bu gün Ermənistan adlanan ərazi tarixən bütövlükdə Azərbaycan torpaqları olub. Ermənilər Azərbaycan torpaqlarını qəsb edərək burada yerləşiblər, adından tutmuş mədəniyyətlərinə qədər Azərbaycan xalqından oğurlayaraq zülm əlilə yaradıblar. Ümumiyyətlə, hayların yaratdığı Ermənistan adlı saxta bir dövlət Qafqazın bağrında bir qan çanağıdır. Qonşulara qarşı əsassız ərazi iddiaları, mədəniyyət, mənəviyyat oğurluqları ermənizm xisləti olaraq müəyyənləşib. Ermənistan bəlkə də dünyada yeganə yerdir ki, erməni olmayan heç bir millət, xüsusilə azərbaycanlı-türk milləti burada yaşamır. Nəinki yaşamır, azərbaycanlılar öz dədə-baba torpaqlarından, min bir zəhmətlə qurub-yaratdıqları evlərindən zorla, işgəncə, zülmlə didərgin salınıblar. İndiki Ermənistan özünün saxta tarixi, qonşulara qarşı əsassız ərazi iddiaları, təkmillətçi görüşləri və terrorist əməlləri ilə dünyanın bağrında yenifaşizmin mərkəzi olaraq çıxış edir. İki əsrdən artıq bir zamanda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlar isə tarixin yaddaşından heç zaman silinməz.

Əsrin əvvəllərində köməksiz, tək-tənha qalmış bir xalq olaraq azərbaycanlılar öz torpaqlarından qovulmağa məcbur edilsələr də, əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan artq düyanın ən güclü, inkişaf etmiş ölkələrindən biri kimi tanınır. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi konsepsiyası ilə irəliləyən Azərbaycan müasir inkişafı, güclü ordusu, sabit iqtisadi inkişafı ilə səciyyələnir. Bunun nəticəsidir ki, müdrik və uzaqgörən qərarlar qəbul edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi altında 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz Ermənistanı həm hərbi, həm də siyasi cəhətdən darmadağın edərək böyük qələbə qazandı. Qarabağa, ümumən işğal edilmiş Azərbaycan ərazilərinə azadlıq gətirildi və işğal problemi kökündən həll edildi. Azərbaycanın qazandığı böyük qələbə həm də digər qayğı və problemlərin də həllinə yeni perspektivlər açdı. Bu gün azərbaycanlıların öz ata-baba torpaqları, doğma od-ocaqlarına qayıtmaq ehtiyacı gündəlikdə dayanan həlli vacib məsələlərdəndir. Hər bir azərbaycanlı Qərbi Azərbaycanda qalmış yurd-yuvalarına dönməyin zamanını gözləyir. 

Qərbi Azərbaycandan didərgin düşən insanlarımızın acı fəryadları, fəlakətləri yaxın tarixin erməni zülmündən qaynaqlanan acı bir xatirəsidir. Qərib eldə qalan qərib yurdumuzun - Qərbi Azərbaycanımızın gözəl günləri, erməni zülmünün xarabaya çevirdiyi insan həyatları, bir millətin toplu faciəsi, işğal altında qalan yer-yurdları və sair mövzular bu barədə yazılan əsərlərdə, qoşulan şeirlərdə, aparılan araşdırmalarda, deyilən xatirələrdə əks olunaraq yaşadılmaqdadır. Bizim çox əziz müəllimlərimizdən olmuş əvəzsiz elm xadimi, professor Həsən Mirzəyevin  min bir zəhmətlə ərsəyə gətirdiyi və çap etdirdiyi "Qərbi Azərbaycanın Dərələyəz mahalı" irihəcmli əsəri bu yurd yerimizin tarixini, toponimikasını, etnoqrafiyası, mədəniyyəti və ədəbiyyatını öyrənmək baxımından misilsiz, çox qiymətli əsərdir. Təxminən 860 səhifəlik irihəcmli bir kitab olan bu əsərdə müəllifin oxucularına müraciəti, "Dərələyəz həqiqətləri", o cümlədən, azərbaycanlıların müxtəlif illərdə öz torpaqlarından deportasiyası, azərbaycanlılara qarşı soyqırımı haqqında Azərbaycan Respublikası Przidentinin fərmanı, habelə bütün bu xain düşmənlikləri eləmiş, yeni əsrin yeni faşistləri olan ermənilər barədə əhatəli, sanballı məlumatlar verilib. Səkkiz fəsil daxilində müəllifin uzun illərin tədqiqatlarına dayanan dəyərli tapıntıları, fikir, mülahizə və qənaətləri yer alıb. Alimin ayrıca bəhs olaraq təqdim etdiyi "Aşıq, şair və şairtəbiətli adamların şeirlərində Dərələyəzin, Vətən və yurd həsrətinin tərənnümü" adlı beşinci fəsil öz maraqlılığı ilə nəzər-diqqəti cəlb edir. 

Dərələyəz tarix boyu azərbaycanlıların yaşadıqları Qərbi Azərbaycanın bir hissəsidir. Adıgedən əsərdə də Dərələyəz ədəbi mühiti kontekstində həm aşıq mühitinin nümayəndələri, həm də şair və yazıçıları barədə məlumatlar, əsərlərindən nümunələr təqdim edilib. Təqdim edilən əsərlərdə müəlliflərin Dərələyəzə vətən sevgisi, el-oba məhəbbəti, yurd nisgili, torpaq həsrəti, qayıtmaq ümidləri yer alıb. Aşıq Cəlil, Aşıq Mehdi, Aşıq Qəhrəman, Aşıq Fətulla, Aşıq Bəhman, Aşıq Qulu və başqa saz-söz sənətinin davamçılarının haqlarında danışılmaqla bərabər əsərlərindən örnəklər verilib. Ustad aşıqların uğurlu, ləyaqətli davamçısı olan Aşıq Cəlil bütün keşməkeşli həyatı, taleyi və əsərlərinin ruhu ilə Qərbi azərbaycanlıların başına gətirilən müsibətlərin təqdimatçısına çevrilib. Dərələyəz mahalının məşhur Sallı kəndində doğulan, "Cəlili" və "Naxçıvani" havalarının müəllifi olan Aşıq Cəlil 1918-ci il erməni zülmü və müsibətlərinin nəticəsi olaraq öz doğma torpağından didərgin düşərək Şərur rayonuna pənah gətirmiş, burada vətən nisgili yaşamış, yurd həsrəti ilə dünyasını dəyişmişdi. Aşıq "Hardasan" rədifli qoşmasında doğma vətənindən didərgin düşməyinin acı kədərini belə ifadə etmişdi:

 

Üzülübdür doğma yurddan ayağım,

Gecələr zülmətdir, sönüb çırağım.

Alınmaz səngərim, arxam-dayağım.

Dilim, ağzım, söhbət-sözüm, hardasan?

 

Aşıq Mehdinin "Dığa", "Düşdü" kimi  şeirlərində, müəllifli bayatılarında insanlıqdan uzaq, vandal ermənilərin etdiyi zülmlər, tərk edilərək boş qalan vətən torpaqları və  yurd həsrəti poetik əksini tapıb. Şair sinəsinin nisgil və harayını əks etdirdiyi yanıqlı bayatılarında da dərin vətən kədərini:

 

Əzizim, əlim çıxıb,

Vətəndən əlim çıxıb.

Bulaqlar haya qaldı,

Susuzdan dilim çıxıb,

 

- deyə dilə gətirərək hayqırırdı. "Dərələyəzin güvəndiyim Torpağına zəhər düşdü" deyən nisgilli şair qorxaq və mənfur erməni dığalarının cavablarının veriləcəyinə inamını da ifadə edərək:

 

Qarabağdan əl çək, əlin kəsilər,

"Papa, mama" deyən dilin kəsilər.

Xacozur, Vartazar əlin kəsilər,

Leşiniz itlərə pay olar, dığa,

 

- hayqırmaqla bərabər:

 

Doğma yerlərindən perik düşənlər

Vətənə qayıdın, Göyçə sizindir!

 

- deyə də çağırış edirdi.

 

"Oğulluq etmədim sənə, bağışla, Vətən, günahımdan keç keçə bilsən" deyən dərələyəzli şair Vahid Əziz də:

 

Gör nələr əkmişdim, nələr göyərdi?

Gör kimlər ömrümün barını dərdi?

Hər yanda boy atıb tikan cücərdi,

İndi bu "zəmini" biç, biçə bilsən.

 

və yaxud:

 

Ölürəm, ölə bilmirəm,

Qalıram, qala bilmirəm.

Pərən-pərən pərdələri

Çalıram, çala bilmirəm,

 

- deyə özünün vətəndaşlıq duyğularını, giley və kədərini ifadə edib.

Dərələyəzli şairlərdən Əli Əkbər Dərələyəzli də "Vətən hey" şeirində vətən həsrətini, ürəyinin vətən qubarını yanğı ilə dilə gətirib:

 

Nə vaxtdır ki görəmmirəm üzünü,

Gəzəmmirəm yaylaqların düzünü.

Söndürən yox ürəyimin közünü,

Mən qalmışam yana-yana, Vətən hey!

 

Şair el ağsaqqalı Həsən Mirzəyevə müraciətlə yazdığı şeirində də qəlbinin vətən qubarını əks etdirib:

 

Çıxmır xəyalımdan doğma yurdumuz,

Axır gözlərimdən çay, Həsən müəllim.

Gəzsən yer üzünün bütün hər yerin,

Tapılmaz yurduma tay, Həsən müəllim!

 

Ümumiyyətlə, Dərələyəz mahalının şairlərindən olan Rəhman Mustafayev, Şair Rzaqulu, Alim Dərələyəzli, Valeh Şahquliyev, Alı Dərələyəzli, Umud İsmayılov, Şəkil Dərələyəzli, Xırda xanım Dərələyəzli, Ballı Dərələyəzli, Mənsurə Dərələyəzli, Narıngül Dərələyəzli, Əli Qozulcalı və başqalarının yaradıcılığında Qərbi Azərbaycanımızdan didərginlik kədəri, vətəndən uzaq salınmanın müsibət və nisgili dərdli poetik dillə əks olunub. Həm də gözəl şair olan el ağsaqqalı, professor Həsən Mirzəyev də vətən həsrəti və nisgilini, elin vətən dərdini dilə gətirmiş, poetik yaddaşa çevirmişdi. Şair Həsən Mirzənin "Dərələyəz", "Dağlar" rədifli şeirlərində, "Dərdimi" qoşmasında, Aşıq Mehdi ilə olan deyişmələrində vətəndən uzaq düşmənin ağrılı, kədərli, nisgilli əhvalını görür, ədəbi dilin üsyankarlığı ilə vətəndaş mübarizəsinin şahidi oluruq. "Dərələyəz" rədifli şeirində şair Həsən Mirzə el hayqırtısını ümumiləşdirərək deyir:

 

Ey ana torpağım, ey can diyarım,

Hanı o səndəki el, Dərələyəz?

Ey cənnət məkanım, ey dağ vüqarım,

Pərən-pərən olub el, Dərələyəz!

Yaram göz-göz olub bil, Dərələyəz!

 

Düşmən əlindəsən, gələ bilimirəm,

Axan göz yaşını silə bilmirəm.

Dərd məni öldürür, ölə bilmirəm.

Aylarım olubdu il, Dərələyəz!

Sənsiz lal olubdur dil, Dərələyəz!

 

Şair başqa bir "Dərələyəz" rədifli şerində:

 

Doğranıbsan dilim-dilim,

Elin itib ilim-ilim.

Qərib yerdə zülüm-zülüm

El ağlayır, Dərələyəz!

 

- deyə vətəndən didərgin düşmənin kədərli halını ifadə etmişdi.

Sinəsi dərdli olsalar da, dərələyəzli el şairlərimiz həm də ümidli, inamlıdırlar. Onlar hər zaman inanıblar ki, qəhrəman və urd məhəbbətli elimiz mütləq oraya - öz elinə, obasına dönəcək, müxənnətdən, qarı düşməndən yurdunu  təmizləyəcək. Bir də o ellərə bahar gələcək, ağaclar çiçək açacaq, təbiət güləcək, sakinsiz illər keçirmiş evlər doğma sikinlərinin gəlişinə sevinəcək,   el də, oba da dirçələcək, həyat yenilənəcək. Buna görə də şairlər əsərlərində də dönələrlə bu ümid dolu inamlarını dilə gətirmişlər. Dərələyəz mahalının el ağsaqqalı şair Həsən Mirzənin  dediyi kimi:

 

Mütləq gələcəyəm, bil, Dərələyəz,

Çox ötüb keçsə də il, Dərələyəz!

Həsən səninlədir, bil, Dərələyəz!

 

Əminik ki, cənnət Qarabağa, işğaldan təmizlənən digər əzəli yurd yerlərimizə olduğu kimi, tezliklə Qərbi Azərbaycan elimizə, həmçinin Dərələyəzə də möhtəşəm qayıdış başlanacaq!

 

 

 





05.06.2023    çap et  çap et