525.Az

İqlim dəyişikliyinin törətdiyi fəsadlar


 

İqlim dəyişikliyinin törətdiyi fəsadlar<b style="color:red"></b>

İnsan yarandığı gündən təbiətdən nəsə almaqla, dolayısı ilə onu məhv etməklə məşğuldur və bu şüurlu varlığın birbaşa iştirakı ilə bəşər sivilizasiyası mürəkkəbləşdikcə, planetin ekoloji durumu da sürətlə dəyişir.

Bu gün təbiətin qorunmasına böyük diqqət yetirilsə də, itirilmiş resursları tam bərpa etmək çox zaman mümkün olmur. Avropanın əksər böyük şəhərlərində suyu əhalinin istifadəsinə verməzdən əvvəl onu hərtərəfli təmizləmək lazım gəlir. İnsan öz ehtiyacları naminə canlı yaşayış mühitini məhv edir, meşələr qırılır, su ehtiyatları azalır, çayların məcrası dəyişdirilir, törədilən süni yağışlar floraya ciddi ziyan vurur. Sirr deyil ki, son onilliklər ərzində faydalı qazıntıların sayı demək olar, iki dəfə azalıb. Bu, bütün resursların vaxtından əvvəl məhv olması və enerji mənbələrinin tükənməsi təhlükəsi yaradır.

Son illər ölkəmizdə ekologiya ilə bağlı 20-dən çox qanun qəbul olunub. Azərbaycan ətraf mühit və təbiətdən istifadə ilə bağlı təxminən bir o qədər beynəlxalq layihəyə qoşulub. Qısa müddətdə xüsusi qorunan təbii ərazilərin sahəsi ölkənin ümumi ərazisinin 10 faizinə çatdırılıb.

İqlim dəyişmələri üzrə ekspert Məhərrəm Mehtiyev "525"ə açıqlamasında ölkəmizdə iqlim dəyişikliyinin bir çox sahələrə öz təsirini göstərdiyini bildirir: "İstiləşmə, quraqlıq, su resurslarının azalması təhlükəli təbiət hadisələrinin artmasına mənfi təsir göstərir. Yağıntı prosesindəkı dəyişikliklər, buzlaqların əriməsi, su təchizatının azalması kimi məsələlər ciddi problemlər yaradır. İsti hava şəraitinin uzun müddət davam etməsi xəstəlikləri artırmasına şərait yaradır. Ekosistemdəki dəyişikliklər turizm məkanlarının cəlbediciliyini azaldır. Azərbaycanda iqlim dəyişikliyinə təsir edən faktorlar artmaqdadır. İqlim dəyişikliyinin qarşısını almaq üçün alternativ və bərpa olunan enerjidən istifadənin artırılması, ağac zolaqlarının, meyvə bağlarının salınması, sənayedə istixanaları azaltmaq üçün təmiz texnologiyaların tətbiqi, enerji effektivliyinın və tullantıların idarə olunması kimi məsələlərin diqqətdə saxlanılması çox vacib və zəriridir".

İqlim dəyişikliklərinin qlobal səbəblərdən biri də əhalinin sayındakı artımdır. Nəzərə alsaq ki hələ 80-ci illərdə Azərbaycan əhalisi 5 milyon idi və bu gün artıq 10 milyonu keçib, bu, həm də ətraf mühitə olan təsirin iki dəfə artması deməkdir.

"Biosfer" İctimai Birliyinin sədri Qorxmaz İbrahimlinin sözlərinə görə, hazırda üç yüz ildən çoxdur müşahidə olunan isinmə - yəni hava hərarətinin yüksəlməsi prosesi gedir: "Cəmiyyət bunun qarşısını almağa çalışır. Lakin proses yüz illərdir sənayeləşmə, atmosferin plansız şəkildə istismarı, böyük müharibələr və digər səbəblərdən karbon emissiyasının yüksəlməsi ilə müşayiət olunmaqdadır. Beynəlxalq təşkilatların səyi nəticəsində G-20 ölkələri daxil, keçirilən qlobal tədbirlər belə qarşıya qoyulmuş 1.5 dərəcə artımın qarşısını almaqda aciz görünməkdədir. Qlobal istiləşmənin ölkəmizə təsiri quraqlıqların artması, yağıntıların qeyri-bərabər paylanması kimi hallarla özünü büruzə verir. İqlim dəyişikliyi ilkin olaraq, kənd təsərrüfatında özünü açıq şəkildə göstərməkdədir. İqlim dəyişikliyinin quraqlıqla özünü göstərməsi su qıtlığının yaranmasına səbəb olur. İçməli və suvarma suyunda gələcəkdə daha ağır problemlər yaşanmaması üçün hökumətin təməlli proqramlar hazırlaması vacibdir".

İqlim dəyişikliyinə səbəb olan ilkin amil qlobal istiləşmə nəticəsində havaların quraq keçməsi, mövsümlərin yerlərinin qismən dəyişməsidir. Q.İbrahimlinin sözlərinə görə, bunların qarşısının alınmasının tək yolu Milli İbtidai Təhsil Konsepsiyasının hazırlanmasından keçir: "Bu problemlərin qadağa və cərimələrlə həlli mümkün deyil, problem yalnız mədəniyyət yolu ilə həll oluna bilər.

İqlim dəyişikliyinə səbəb olan ən böyük problemlərdən biri də avtomobillərin sayının çoxalmasıdır. Get-gedə artmaqda olan avtomobillərin sayında elektrik avtomobillərinə üstünlük verilməsi vacib sayılır. Ekspertlərin sözlərinə görə, ictimai nəqliyyatın fəaliyyəti genişləndirilməli və xidmət səviyyəsi yüksəldilməlidir ki, insanlar şəxsi avtomobillərdən və taksilərdən az istifadə etsinlər".

Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli açıqlamasında hibrid avtomobillərin aksiz vergisindən azad olunması ilə bağlı qərar qəbul edildiyini bildirib. Onun sözlərinə görə, bu proses məqsədli şəkildə həyata keçirilir ki, sözügedən avtomobillərdən istifadə çoxalsın: "Bununla atmosferin çirklənməsinin qarşısını qismən də olsa almış oluruq.

Dünyanın bir çox ölkələri ilə müqayisədə bizim ölkədə atmosferə buraxılan zərərli qazlar daha çoxluq təşkil edir. Burada yol infrastrukturunun da müəyyən rolu var. Yollarda tıxacların yaranması uzunmüddətli yanacaq sərfinə və onun atmosferə paylanmasına gətirib çıxarır".

Havar ŞƏFİYEVA

 





05.06.2023    çap et  çap et