525.Az

Nikahdan öncə psixoloji müayinə


 

Nikahdan öncə psixoloji müayinə<b style="color:red"></b>

Bu gün dünyanın bir çox ölkələrində ailə quran cütlüklərdən psixoloji test tələb olunur. Bu, gələcəkdə boşanmaların, ailədaxili şiddətin qarşısını mümkün almaq məqsədi güdür. Azərbaycanda isə ailə quracaq şəxslərdən  tibbi arayış tələb olunsa da, psixoloji test istənilmir.

Psixoloqlar hesab edirlər ki, ölkədə hər il boşanmaların sayında kəskin artım müşahidə olunduğundan psixoloji testə ciddi ehtiyac var. Bir çox insanlar yeni mühitdə qarşılaşdıqları sıxıntılara psixoloji hazır olmadığından ailə münasibətlərinin gərginliyinə tab gətirə bilmirlər. Əvvəlki dövrlərdə cəmiyyətdə adət-ənənə, qadın haqlarının tələb edilməməsi kimi məsələlər öz təsirini göstərirdi deyə, indiki qədər boşanmalar müşahidə olunmurdu.

Mütəxəssislər bildirir ki, Azərbaycanda cütlüklərin boşanmalarının başlıca səbəbi tərəflərin bir-birini başa düşməməsi, qısqanclıq, ailədaxili zorakılıq, maddi və psixoloji problemlərdir. Boşanmaların sayının artması vaxtaşırı olaraq nikahdan əvvəl psixoloji testdən keçmək məsələsini də gündəmə gətirir. Psixoloq Günay Əhməd də "525"ə açıqlamasında nikah öncəsi psixoloji dəstəkdən söz açaraq bildirib ki, son illər artan boşanmalar, evlilikdə ortaya çıxan  problemlərin qarşısını almaq üçün qabaqcadan görüləsi zəruri olan bir çox tədbirlər var: "Sağlam şəkildə ünsiyyət quran, bir-birinin gözləntilərini və ehtiyaclarını reallaşdıran cütlüklər gələcəkdə  sağlam və xoşbəxt evliliklərə sahib olurlar. Şüurla düşünən cütlüklər gələcək qərarlarından əmin olmaq və onları daha möhkəm evliliyə çatdırmaq üçün ilk növbədə psixoloqa müraciət edirlər. Evlilik öncəsi psixoloji dəstək cütlüklərin bir-birlərini  daha yaxından tanımalarına fürsət yaradır. Nikahdan əvvəl psixoloji dəstək tərəflər arasında ünsiyyəti gücləndirir, baş verə biləcək qarşıdurmaları öncədən üzə çıxardır, problemləri mədəni surətdə qiymətləndirməyə şərait yaranır və münasibətlərdə etibar amilinin önə çıxmasını gücləndirir. Eyni zamanda, nikahdan əvvəl mübahisələrin öhdəsindən gəlmək üçün sədaqətin artmasına imkan yaradır".

Araşdırmalara görə, yeni evliliklərdə əsasən qadınlar ilk vaxtlarda ailə həyatına öyrəşməkdə çətinlik çəkirlər. Mütəxəssislər bildirir ki, ailə quran gəncləri tələsdirmək lazım deyil. Buna onlar özləri hazır olmalıdır. Gənclər bəzən nişanlanmağa, nişanlı qalmağa etinasız yanaşırlar. Lakin bu dövrdə nişanlı gənclər bir-birilərini daha yaxşı tanıya bilirlər. Bu müddət ərzində onların  psixoloji olaraq bir-birinə uyğunlaşmasına da imkan yaranır.  Qeyd edək ki, Amerikada 200 min psixoloq fəaliyyət göstərir və hər 4 ailəyə 1 psixoloq düşür. Həmin psixoloqlar evlənməzdən öncə bu ailələri müşayiət edirlər. Psixoloq cütlüklərin hər birinin xasiyyətini təyin edir və gələcəkdə yarana biləcək hadisələrə cütlükləri əvvəlcədən hazırlayır.

Havar ŞƏFİYEVA

 





05.06.2023    çap et  çap et