525.Az

Əmək bazarı: problemlər və reallıqlar


 

Əmək bazarı: problemlər və reallıqlar<b style="color:red"></b>

Bu gün təkcə Azərbaycanda yox, ümumiyyətlə, bütün dünyada əmək bazarına  nəzər yetirsək, ali təhsil məktəblərini bitirən bir çox gənclərin potensialının bu sektorun tələblərinə uyğun gəlmədiyini görərik. Müasir dövrdə əksər müəssisə və şirkətlərdə kompüter texnologiyalarının ən son nailiyyətlərindən istifadə olunur. Bu səbəbdən İT sahəsini və internetdən istifadəni ən aşağı səviyyədə olsa belə, bilmək çox vacibdir. Yalnız bu hallarda müasir dövrün standartlarına uyğun işlə təmin olunmaq mümkündür. Qeyd edək ki, bundan əlavə, xarici dil bilmək də hər bir məzun üçün əlavə üstünlük hesab olunur. Bir çox mütəxəssislər və işəgötürənlər hesab edirlər ki, 50 yaşdan sonra işçilərə nəyisə öyrətmək çətindir. İş adamları öz iş yerlərində gənc, aktiv, əmək bazarının müasir tələblərinə cavab verən gəncləri görmək istəyirlər. Bəzi müəssisələr isə  əgər təcrübəsi yoxdursa, işə nəinki yaşlıları, hətta cavanları da qəbul etmir.

İşsizlik müxtəlif səbəblərdən meydana gələn mühüm problemlərdən biri olmaqla yanaşı, həm də cəmiyyətin həyat səviyyəsinə birbaşa təsir göstərən başlıca amillərdəndir. Bunu nəzərə alaraq dövlət tərəfindən işsiz vətəndaşlar üçün işsizlikdən sığorta ödənişi tətbiq edilib. Bu ödəniş qanunla nəzərdə tutulan hallarda ödənilir. Yəni, əgər vətəndaşın əmək müqaviləsi olan dövlət orqanı və ya hüquqi şəxs ləğv olunubsa, ştat ixtisar edilibsə, yaxud da əmək müqaviləsinin müddəti bitibsə, o vaxt işsizlikdən sığorta ödənişi verilir. Belə hallarda vətəndaş DOST mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinin Regional Məşğulluq filiallarına müraciət etməlidir.

İqtisadçı Nazim Bəydəmirli  "525"ə açıqlamasında bildirib ki,  302 min nəfərdən çox işsiz vətəndaşın cəmi 6333 nəfərinə işsizliklə bağlı sığorta ödənilib: "Detalları araşdırsaq, görərik ki,  işsizlikdən sığorta  pulunu qeyri-qanuni olaraq işsizlərə verilmir. Hökumət müxtəlif agentliklər, mərkəzlər, fondlar yaradır, onların arasında  bəzi müəssisələr yer alır ki, özləri üçün PR aparır. Mən bu məsələləri dəfələrlə qaldırmışam, amma baxan yoxdur".

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi almaq hüququ olan işsiz şəxslərin himayəsində 18 yaşa çatmamış uşaq olduqda əsas sığorta ödənişinə əlavə almaq hüququ da var. Sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. 

Onu da qeyd edək ki, iş tapa bilməməyin bir səbəbi də iş axtaranlarda peşə-ixtisas hazırlığının olmaması və yaxud zəif olmasıdır. Bu problemləri aradan qaldırmaq məqsədilə dövlət tərəfindən dərzilik, toxuculuq, bərbərlik, mebel ustası  kimi peşələr üzrə ixtisas kursları təşkil olunur. Təhsil Nazirliyinin, Məşğulluq mərkəzlərinin bazasında təşkil olunan kurslar iş axtaranların psixoloji xüsusiyyətləri və bacarıqları nəzərə alınmaqla 2-3 aylıq müddəti əhatə edir.

Havar ŞƏFİYEVA

 





06.06.2023    çap et  çap et