Əzizə İsmayılova, jurnalist:
- Dünəndən (1 iyun) bulvarda skuter sürmək qadağan olunub. Bu gün də skuter sürməyə icazə verilməyibmiş. Nə gözəl, nə qəşəng!
Nəhayət ki, Dənizkənarı Bulvar İdarəsi çoxsaylı şikayətləri nəzərə alıb səhvini düzəltmək qərarı verə bildi.
Skuter və velosiped əlindən bulvarda hərəkət, xüsusən də yaşlılar və uşaqlar üçün az qala mümkünsüz olmuşdu. Bulvara uşaq apar, sonra da əlini buraxma ki, ya üstünə skuter çıxacaq, ya velosiped. Yaşlılar da qorxudan rahat hərəkət edə bilmirdilər. Ancaq əsəb, ancaq stress.
Niyə bulvar idarəsinin səhvi? - desəniz, çünki gətirib bulvar ərazisində, az qala hər addımda skuter icarəyə verib pul qazanmaq qərarını vermişdilərsə, istifadənin bu cür xaotikliyini də nəzərə almağa borclu idilər.
Skuter də, velosiped də xüsusi zolaqlarda hərəkət etməlidir, kimsə üçün təhlükə olmalı deyil. Əvvəlcə o şəraiti yaratmaq, sonra icarəyə verib pul qazanmaq olar.
Qərar gecikmiş olsa belə təqdirəlayiqdir. Ümid edək ki, qərarın tətbiqi 3-5 günlük olmasın.
P.S. Bir də hörmətli Bulvar İdarəsi, o gözəllikdə Venesiyanın arkaları arasındakı zibilliyi niyə təmizlətmirsiniz? Ərazidə restoran və 2-cə addım o tərəfdə isə aylardır hökm sürən baxımsızlıq, elə bil keçmiş Balaxanı zibilliyidir. O ərazinin yiyəsi yoxdur, ya necə?..
Sevil Nuriyeva, jurnalist:
- İlham Əliyevin Türkiyənin könlünü qazandığı doğrudur! Salon ona olan sevgini özəl olaraq alqışlayaraq göstərdi. Paşinyan da buradadır, qonaqdır. Biz qonağa əsla xor baxmarıq.
İlhamiyyə Rza, jurnalist:
- Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan Beynəlxalq Astronavtika Konqresi ikinci dəfə Azərbaycanda keçiriləcək. Dünyanın böyük və nüfuzlu ölkələri sırasında Azərbaycan, Bakı 2 -ci dəfədir ki, tədbirə ev sahibliyi edir. Uzaq 73-cü ildə və indi, 50 il sonra. Vaxtilə sovet, indi də postsovet ölkələrindən yalnız Azərbaycan, konqres keçirilən ölkələrin uzun siyahısında yer alıb.
Qəşəm Nəcəfzadə, Əməkdar mədəniyyət işçisi:
- Qoşaqala qapısında, məşhur "La quzu" restoranının qarşısında ardıcıl olaraq bir neçə gün Milli Kitab sərgisinə qatıldım. Sağımdakı çayxanada bir çaynik çay 22 manat, restoranda bir adamın yeməyi orta hesabla 50 manat, kitablar isə 2, 3, 4, ən uzağı 5-6 manat idi...
Asif Nərimanlı, jurnalist:
- Türkiyənin "Yüz ilin kabinəsi" adlandırılan yeni hökuməti açıqlandı: Azərbaycanda məşhur olan xarici işlər naziri Mövlud Çavuşoğlunun yerinə Milli İstihbarat Təşkilatının sədri Hakan Fidan, müdafiə naziri Hulusi Akarın yerinə Baş qərargah rəisi Yaşar Gülər gətirildi.
Ərdoğanın "O, mənim sirr küpüm, Türkiyə dövlətinin sirr küpü, Türkiyənin gələcəyinin sirr küpü" adlandırdığı Hakan Fidan xarici siyasətin müəyyənləşməsində ciddi rola malik olub. Obamanın "gözüm üzərində" dediyi, MOSSAD-ın ən çox çəkindiyi kəşfiyyatçı olduğu haqda məlumatlar var. Vaxtilə Azərbaycanda da TİKA-nın nümayəndəsi kimi işləyib.
Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə yüksək münasibətləri var.
lll
Paşinyan sərhədinin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması razılığının olduğunu iddia edir.
Bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər, lakin Ermənistan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən, Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndləri istəyir. Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır. Ermənistan bu kəndlər üzərindəki nəzarəti "bütün sərhəd xətti boyunca delimitarizasiya zonasının yaradılması" ilə aradan qaldırmaq niyyətindədir.
Demilitarizasiya zonasının yaradılması müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki Azərbaycan Ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.
Mümkündür ki, masada "barter" məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün "dəhliz yaratmaq" probleminə görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür, digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var;
Və yaxud tərəflər "29,8 - 86,6" prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər.
Masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik, xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda.
Hərçənd, Azərbaycanın iki məsələdə öz mövqeyinin olduğunu deyə bilərik:
Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;
İkincisi, sərhəddə "demilitarizasiya zonası"nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi.
Bu baxımdan, Paşinyanın iddia etdiyi "menyu" üzərində razılaşmanın reallığı sual altındadır.
Əliyevin mayın 28-də Laçında səsləndirdiyi "Delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq" sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır. Azərbaycan məsələni masada yox, sahədə həll edə bilər.
Fərid Pərdəşünas, texnobloger:
- Deməli, Azərbaycanda qəbirlərdən insanların qızıl dişlərini oğurlayanlar saxlanılıb. Bu hadisə qalsın bir yana, rəydə bu əməli törədənlərə haqq qazandıranlar çoxdur. "Qınamalı deyil, sosial vəziyyət pisdir", "Gör camaat nə həddə çatıb", "Ehtiyacı olmasa, etməzdi" və s.
Cəmiyyətimizdə hər cür cinayətə haqq qazandıran zehniyyət tapa bilərsən.
"Görəsən, kimə nə etmişdi ki, öldürdülər", "Gör nə həddə çatdırıbsa artıq". Belə təfəkkür, belə düşüncə ilə yaşayanlar ətrafımızdadır. Onlar potensial cinayətkarlardır. Ehtiyac və zərurət yarananda edəcəkləri ilk işdir.
Ona görə də qadın haqları, göyqurşağı kimi mövzular bizim cəmiyyətə yaddır, ziddir. Biz hələ cəmiyyətə təməl şeyləri öyrətməliyik. Cinayət nədir? Adam öldürmək olmaz. Oğurluq olmaz.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- DİN-də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin yaradılması nələri dəyişəcək?
Ötən gün Prezidentin fərmanı ilə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.
Belə bir qurumun vacibliyi ətrafında uzun illərdi ki, fikirlər səslənirdi. Bizim tərəfimizdən də bu istiqamətdə xeyli təkliflər verilib.
Xatırlayıram ki, 2009-cu ildə ölkəmiz "Kibercinayərkarlıq haqqında" konvesiyaya qoşulandan dərhal sonra belə bir qurum yaradılmışdı.
Lakin düşünürəm ki, o zaman bu səlahiyyətləri daha çox öz əlində cəmləşdirməyə meylli olan MTN faktoru belə bir qurumun fəaliyyətə başlamasına imkan vermədi və xatırlayıram ki, bizə də "məsləhət" bilinmişdi ki, DİN nəzdində belə bir qurumun varlığını unudaq.
Beləliklə də, kiber sahədə cinayətkarlıqla mübarizə səlahiyyəti o zaman əsasən MTN-ə qaldı.
2015-ci ildən sonra kibercinayətkarlıq sahəsində DİN bir xeyli səlahiyyətlər, ibtidai istintaq işlərini aparmaq səlahiyyəti əldə etmişdi.
İndiyədək DİN-də bu işlərin kurasiyası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində olub.
Xatırlayıram ki, qurumun bu istiqamətdə bir neçə uğurlu əməliyyatları da olub.
Ümumiyyətlə, son zamanlar baş verənlər onu deməyə əsas verir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki-texnoloji- proqram təminatı, "təhlükəsiz şəhər" infrastrukturu xeyli inkişaf edib.
Bu günədək Azərbaycanda kibercinayətkarlıqla bağlı əsas səlahiyyətlər DTX-da, qismən də DİN-də olub.
İndiyədək ən ciddi problem də ondan ibarət idi ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı konkret səlahiyyət bölgüsü yox idi.
Necə deyərlər, kim qabağa düşüb hansı kibercinayətlə bağlı iş müəyyən edirdisə, elə o da bu işi aparırdı.
Bəzən müşahidə olunurdu ki, kibercinayət milli təhlükəsizlik mahiyyəti daşımasa da, adi bir kiber dələduzluq olsa da, onunla DTX məşğul olmalıydı.
Güman ki, son dövrlər regionda, dünyada və ölkəmizdə baş verən kiber təhdidlər və kibercinayətlər, bu istiqamətdə müasir çağırışlar, rəqəmsal bankçılıqla bağlı və qarşıdan gələn 5G təhdidləri, yəni əşyaların internetə inteqrasiyası fonunda baş verə biləcək cinayətlərin artma ehtimalı hökuməti də narahat edib və nəhayət ki, DTX və DİN arasında kibercinayətlərlə bağlı səlahiyyət bölgüsünü müəyyənləşdirməyə qərar verilib.
Düşünürəm ki, Prezidentin bununla bağlı fərmanı ölkəmizdə kiber sahədə cinayətkarlığa qarşı mübarizədə xeyli irəliləyiş və dönüş yaradacaq.
Son zamanlar kritik infrastrukturun təhlükəsizliyinin təmin edilməsi sahəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yanaşı, DTX da əlavə xeyli səlahiyyətlər əldə edib.
Fikrimcə, bundan sonra DTX-nın qeyd olunan sahədə rolu gücləndiriləcək, milli təhlükəsizlik mahiyyəti daşımayan kibercinayətlər sahəsində səlahiyyətləri məhdudlaşdırılacaq. Bu tip işlərin hamısı DİN-ə veriləcək.
Gözləmək olar ki, DİN-nin bütün rayon və şəhər şöbələrində kibercinayətkarlıqla bağlı strukturlar formalaşdırılacaq. Bu addımlar isə regionlarda da bu tip cinayətlərin qarşısının zamanında alınmasında mühüm rol oynayacaq.
Düşünürəm ki, bu istiqamətdə kadr hazırlığının artırılmasına, beynəlxalq təcrübənin mənimsənilməsinə diqqəti artırmaq çox vacibdir. Universitetlərdə, xüsusilə də Polis Akademiyasında, DTX-nın Heydər Əliyev adına Akademiyasında kibercinayətkarlıqla bağlı ixtisaslı kadrların hazırlığını daha da gücləndirmək lazımdır.
Beləliklə, hazırda ölkəmizdə kibertəhlükəsizlik və kibercinayətkarlıqla bağlı məsələlərlə DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, RİNN-nin Elektron Təhlükəsizlik Xidməti və DİN -nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məşğul olacaq.
Sektorda Prezident fərmanı əsasında formalaşdırılan, XRİTDX-nin rəhbərliyi altında İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası da fəaliyyət göstərir.