525.Az

"Kvazimodo sindromu"


 

"Kvazimodo sindromu"<b style="color:red"></b>

Feysbukda üç paylaşımından ikisi üzündə, bədənində, görünüşündə tapdığı fərqli-fərqli qüsurlardan ibarətdir. Xüsusən, öz dediyinə görə, düz 4 ildir üzündəki bir problemlə bağlı həkim-həkim gəzir, cürbəcür analizlərə, iynə-dərmana bir evin pulunu töküb. Bütün həkimlər də eyni şeyi deyirlər: səndə heç nə yoxdur! O isə inanmaq istəmir, keçmiş şəkillərini bütün həkimlərə göstərir, sosial şəbəkədən göndərir ki, baxın, keçmişlə indiki arasında nə qədər fərq var, mənim xəstəliyimi tapın. Düzü, bununla bağlı bütün paylaşımına digər insanlar da eyni sözü yazırlar: səndə heç nə yoxdur! O isə israr etməkdə, özünü xəstə çıxarmaqda qərarlıdır. Bir neçə gündür izlədiyim bu xanımda, düzü, mən də özünün dediyi problemi görmədim. Bu yerdə "kvazimodoluq" sözü yadıma düşdü. Bu söz insanın xarici görünüşündəki eybəcərlikləri, eləcə də kvazimodo sindromundan əziyyət çəkənləri bildirir.

Psixologiyada Kvazimoda sindromu və ya Dismorfobiya adlandırılan bu sindrom özünü bəyənməmə xəstəliyidir. Bədən dismorfik pozğunluğu kimi də tanınır. "Kvazimodo sindromu" insanın özündə əslində var olmayan xəstəliklər, çatışmazlıqlar, qüsurlar tapması və davamlı bu düşüncənin yaratdığı çətinliklərlə yaşamasıdır. Yəni bu cür insanlar görünüşləri ilə bağlı əslində, olmayan bir qüsur tapır və həmişə o qüsurla məşğul olurlar. Onlar vaxtlarının çox hissəsini güzgüyə baxıb üzlərini, bədənlərini son dərəcə diqqətlə izləməklə keçirirlər. Bu qüsurlar isə, adətən, başqaları tərəfindən fərq edilməz, çünki ya fərq edilməyəcək qədər kiçikdir, ya da heç yoxdur. Bu insanların ən çox qüsurlu gördükləri bölgələr üz, burun, dəri, göz və saçlardır. Bu cür xəstələr özlərini bəyənmədiklərindən, eybəcər olduqlarını düşündüklərindən evə qapanır, özündən utanır, qüsurlu gördükləri bölgələri başqaları ilə müqayisə edir, çox böyük daxili narahatlıq keçirir, paltar seçməkdə, insanlarla ünsiyyət qurmaqda çətinliklər çəkir və hətta bəziləri ciddi şəkildə intihara meyilli ola bilirlər.

Adını məşhur yazıçı Viktor Hüqonun "Paris Notrdam Kilsəsi" əsərinin baş qəhrəmanı Kvazimodadan alan sindromu ilk dəfə 1886-cı ildə italyan psixiatr Enriko Morelli tərəfindən kəşf edilmişdir.

Qadınlar qədər kişilərdə də rastlanan bu sindrom müasir dövrümüzdə sosial medianın həyatımıza, düşüncələrimizə təsiri nəticəsində daha da yayılıb. Bu xəstəlikdən hər yaşda insanlar əziyyət çəkə bilərlər, amma daha çox yeniyetmələr və gənclərdə görülür. Lakin onlar psixoloji xəstə olmadıqlarını, həqiqətən də qüsurlarının varlığını, hansısa müalicəyə və ya estetik müdaxiləyə ehtiyacları olduqlarını israr etdiklərindən ilkin etapda psixoloji dəstək almaq haqqında düşünmürlər.

Sindroma nəyin səbəb olduğu dəqiq bilinməsə də, genetika, beyindəki müəyyən problemlər, travmatik təcrübə kimi səbəblərin bu xəstəliyə gətirib çıxardığı deyilir. Həmçinin, sindromun yaranma səbəblərindən ən əsası sosial mediadakı mükəmməllik anlayışı və ictimai normalardır.

Göründüyü kimi, adətən, insanda başqalarından tərif eşitmək ehtiyacı yaradan, özgüvən əskikliyinə səbəb olan sindromun da günümüzdəki əsas səbəbi süniliyi, bayağılığı daha çox təbliğ edərək "qüsursuz görünmə" trendi yaradan sosial mediadır. Təbii ki, aydın fikrə, güclü iradəyə sahib, özünü olduğu şəkildə qəbul etməyi bacaran insanlar bu təsirlərdən uzaq durmağa da nail olurlar.

 





06.06.2023    çap et  çap et