525.Az

Təşəkkürlər, Çavuşoğlu və Akar - xoş gəldiniz, Fidan və Gülər


 

Təşəkkürlər, Çavuşoğlu və Akar - <b style="color:red">xoş gəldiniz, Fidan və Gülər</b>

Türkiyənin 67-ci hökumətinin tərkibi bir neçə gün əvvəl elan olundu. Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və səhiyyə naziri Fəxrəddin Koca istisna olmaqla hökumətdəki digər bütün vəzifəli şəxslər yeniləri ilə əvəz edildi. Bunun əsas səbəbi keçmiş nazirlərin bir çoxunun 28-ci parlamentdə təmsil olunmasıdır. Belə ki, mövcud qanunvericiliyə görə, bir siyasi fiqur eyni vaxtda həm nazir, həm də deputat ola bilməz. 

Yeni dönəmdə hökumətin tərkibindən istefaya göndərilən şəxslər sırasında Azərbaycanda da çox sevilən keçmiş xarici işlər Mövlud Çavuşoğlu ilə sabiq milli müdafiə naziri Hulusi Akar da var. Onlardan ikisi də fəaliyyət göstərdikləri illər ərzində rəsmi Ankaranın xarici siyasət kursuna uyğun olaraq Cənubi Qafqazdakı vəziyyətə xüsusi həssaslıqla yanaşmış, daim Azərbaycanın yanında olmuşlar.

M.Çavuşoğlu 2014- cü ildən etibarən ölkənin xarici işlər naziri vəzifəsini icra edib. O, bu illər ərzində özünü bütün dünyada mahir diplomat və eyni zamanda istedadlı natiq kimi tanıdıb. Türkiyənin uğurlu xarici siyasətinin arxasında duran əsas məqamlardan biri də məhz budur. Mövlud Çavuşoğlu balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursu ilə Türkiyənin dünyada vasitəçi güc kimi tanınmasına ciddi töhfə verib. Təsadüfi deyil ki, planetdə qütbləşmənin sürətlə davam etdiyi bir vaxtda keçmiş nazir həm NATO, həm də Rusiya ilə münasibətlərin qorunmasında rol oynayıb. Suriyanın terrorçulardan təmizlənməsində, ABŞ - la Türkiyə arasındakı "buzların əriməsində", habelə Rusiya ilə Ukrayna arasında bir neçə məsələdə razılığın əldə olunmasında, o cümlədən əsir mübadiləsində, "Taxıl sazişi" nin imzalanmasında rəsmi Ankaranın, o cümlədən M. Çavuşoğlunun payı danılmazdır.

Azərbaycanla Türkiyə arasında əlaqələrin inkişafı,  münasibətlərin müttəfiqlik səviyyəsinə qalxması üçün M.Çavuşoğlu əlindən gələni edib. Onun Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla ünsiyyəti kifayət qədər uğurlu idi. Məhz bunun nəticəsində Bakı və Ankara xarici siyasətdə, xüsusilə regionla bağlı məsələlərdə daim koordinasiyalı davranırdı. Bu isə, əlbəttə, öz məqsədyönlü nəticəsini verirdi.

İstər 2020-ci ildə baş vermiş Vətən müharibəsinə qədər, istərsə də ondan sonrakı dövrdə Türkiyənin sabiq baş diplomatı Azərbaycanın haqlı səsinin beynəlxalq aləmdə edilməsi üçün ürəkdən mübarizə aparırdı. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında da M.Çavuşoğlunun töhfələri danılmazdır.

Türkiyə Ermənistanla diplomatik münasibətlərin bərpası üçün uzun illərdir eyni şərtlə çıxış edir: Rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Məhz bu tezisə görə Ermənistan hərbi- siyasi hakimiyyəti Azərbaycanla münasibətlərdə qismən loyal davranmağa məcbur olub. 
M.Çavuşoğlunun vəzifədə olduğu illərdə regionun gələcəyi baxımdan bir çox tarixi addımlar atıldı. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 2022- ci ildə Antalyada keçirilən diplomatiya forumunda iştirak etmək üçün Türkiyəyə getdi. Bu addım İrəvanla- Ankara arasında münasibətlərin normallaşması istiqamətində ciddi addım oldu. Daha sonra tərəflər arasında hava daşımalarına başlanıldı.

Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün xüsusi nümayəndələrin təyin olunması da bu dövrə təsadüf etdi. Xüsusi nümayəndələr indiyədək 50 dəfədən çox görüşüblər ki, bu də məhz hər iki tərəfdən xarici işlər nazirlərinin birbaşa nəzarəti ilə həyata keçirilib.

Ümumiyyətlə, M.Çavuşoğlunun Azərbaycan üçün xidmətlərini saymaqla bitirmək olmaz. Hər çıxışında, hər müsahibəsində "Can Azərbaycan" deyən diplomatın "Türkün yolu Qarabağdan, Zəngəzurdan keçir", "Bizim nəyimiz varsa, həm də Azərbaycanındır" kimi onlarca fikri qardaşlığımızın tərənnümü olmaqla yanaşı, həm də gələcək nəsillər üçün çox güclü yol xəritəsidir.

H.Akara gəldikdə isə deməliyik ki, bu general da Azərbaycana kifayət qədər bağlı olub. Azərbaycanla Türkiyə arasında hərbi əlaqələrin gücləndirilməsində, habelə Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə keçməsi istiqamətində keçmiş müdafiə naziri çox işlər görüb. Azərbaycanla Türkiyə arasında hər il birgə hərbi təlimlər keçirilir. H. Akar bir qayda olaraq həmin təlimlər zamanı hərbçilərimizlə xüsusi maraqlanır, onlarla söhbət edirdi. H. Akarın şəhid Valeh Məmiyevlə dialoqu çoxlarına məlumdur. Sabiq nazir çıxışlarında həmin söhbəti tez - tez xatırlayırdı. Belə ki, Türkiyədə keçirilən bir təlimdə H. Akar Məmiyevə deyir: təlimlərdən uğurla keçmək yaxşıdır, amma ən böyük məqsəd işğal altındakı torpaqları azad etməkdir. Hərbçimiz döyüş zamanı yaralandıqdan sonra aparıldığı xəstəxanada söyləyir ki, Hulusi Paşaya deyin, sözümün üstündə durdum. Türkiyənin keçmiş naziri bu epizodu həmişə kövrələrək danışırdı.

H.Akar Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunmasına ürəkdən sevinirdi. H.Akar Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla tez-tez danışırdı. Hərbçilərə yaxşı məlumdur ki, hər bir ölkə sülhü təmin etmək üçün müharibəyə hazır olmalıdır. Bu mənada H.Akarın gördüyü işlər təkcə öz ölkəsi üçün yox, həm də region və bəlkə də, dünya üçün əhəmiyyətlidir. Belə ki, məhz onun fəaliyyəti dövründə Suriya və İraqın şimalı terrorçulardan əhəmiyyətli dərəcədə təmizləndi. Bundan başqa, Yunanıstanla Türkiyə arasındakı mövcud gərginlik idarə olunan səviyyədə saxlanıldı. Yunanıstan rəsmiləri bəyanatlarına daha diqqətli yanaşmağa, daha ehtiyatlı addımlar atmağa məcbur oldular. Bunun əsas səbəbi isə Türkiyənin çəkindiricikik gücüdür. Belə ki, məhz H. Akarın dövründə Türkiyənin müdafiə gücü dəfələrlə artırıldı. Təsadüfi deyil ki, bəzi hallarda tərəflər arasında ziddiyyətin olmasın baxmayaraq, NATO rəhbərliyi üçün Türkiyə ən vacib müttəfiqlərdən biridir. Bu, bir daha Türkiyənin dünyadakı rolunu göstərir.

Eyni zamanda Rusiya - Ukrayna müharibəsində də H.Akar səylərini əsirgəmədi. O, həmkarları - Rusiya müdafiə naziri Sergey Şoyqu və Ukrayna müdafiə naziri Oliksiy Reznikovla müntəzəm əlaqə saxlamaqla rəsmi Ankaranın durumu daim nəzarətdə saxlamasını təmin etdi.

Ermənistandakı revanşist düşüncəli insanların azalmasında və bu dövlətin "intiqam" arzusunun öləziməsində də Türkiyənin rolu çox böyükdür. Çünki rəsmi İrəvan başa düşür ki, Türkiyə hər an Azərbaycana dəstək verməyə hazırdır. Birgə təlimlər, qarşılıqlı səfərlər və telefon danışıqları bunu deməyə əsas verir.

M.Çavuşoğlu və H.Akarın dünya üçün, Azərbaycan üçün gördüyü işləri saymaqla bitirmək olmaz. Heç şübhəm yoxdur ki, onlar deputat kimi qardaşlığımızın daimi olması üçün çalışacaqlar.

Yeni nazirlər barədə isə onu deyim ki, hər ikisi kifayət qədər təcrübəli kadrdır. Həm H. Fidan, həm də Y. Gülər artıq həmkarları ilə danışıblar. Yəqin ki, yaxın gələcəkdə onlar Azərbaycana səfərə gələcəklər.

H. Fidanın keçmiş fəaliyyəti, onun xarici kəşfiyyat idarəsinin rəisi olması ciddi məqamdır. Yəni hazırkı nazir lazımi qədər məlumatlıdır. Onun Türkiyə diplomatiyasına ciddi töhfələr verə biləcəyinə, M. Çavuşoğlunun uğurlarını davam etdirəcəyinə şübhə yoxdur.

Y. Gülər isə indiyədək daim H. Akarın yanında olub. Bir neçə dəfə Azərbaycana gəlib. Cənubi Qafqazdakı duruma, həmçinin Bakı - İrəvan münasibətlərinə bələddir. Deməli, yenə də arxayın olmalıyıq. Necə deyərlər, postlar əmin əllərdədir.

Beləliklə, çox sağ olun, cənab M. Çavuşoğlu və H. Akar, xoş gəldiniz H. Fidan və Y. Gülər.

Türkiyə yüz ilini birlikdə başladaq, qardaşlığımızla Türkiyə əsrinə möhür vuraq...

 





06.06.2023    çap et  çap et