525.Az

Ərdoğanın yeni komandası


 

"FİDAN-KALIN TANDEMİ ÖLKƏNİN GƏLƏCƏK XARİCİ SİYASƏTİNİ MÜƏYYƏN EDƏCƏK"

Ərdoğanın yeni komandası<b style="color:red"></b>

Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda qələbə qazanan Rəcəb Tayyib Ərdoğanın açıqladığı Nazirlər Kabinetinin yeni tərkibi böyük maraqla qarşılanmaqla yanaşı, beynəlxalq mediada əsas müzakirə mövzularından biri oldu. Buna səbəb isə kabinetdə mühüm postların yeni adlarla əvəzlənməsi oldu. Yeni tərkibi analiz edən xarici ekspertlər daha çox ona fokuslanır ki, kabinetdə Qərbdə təhsil almış və fəaliyyəti dövründə daha çox qərbyönümlü baxış sərgiləyən şəxslər yer alıb.  Amma bu, yeniliklər ilk növbədə qardaş ölkənin özünün maraqları, qarşıdakı yeni hədəfləri, daha güclü Türkiyə üçün lazımdır. Ərdoğanın andiçmə mərasiminin əsas mesajı da "Türkiyə əsri"nin başlanğıcı oldu.  Kabinetdə ən çox maraq doğuran adlardan biri MİT rəhbəri Hakan Fidanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi oldu. 13 il Türkiyə kəşfiyyatına rəhbərlik etmiş Hakan Fidan Prezident Ərdoğanın ən güvəndiyi şəxslərdən biridir. O, ilk dəfə 2015-ci ildə Türkiyənin xarici siyasətində fəal iştirak edib. 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevriliş cəhdindən sonra Fidanın təsiri daha da artdı. Xüsusən də bu zamandan Milli Kəşfiyyat Təşkilatının Suriya və İraqda terrorla mübarizədə rolu daha da artdı. Onun dövründə MİT Liviya, Suriya, Ukrayna daxil olmaqla bütün regional proseslərdə, həmçinin Türkiyənin münasibətlərini kəsdiyi ölkələr, o cümlədən BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və İsraillə dialoqun normallaşmasında fəal rol oynayan bir quruma çevrildi. Son zamanlar Fidan Dəməşqlə münasibətlərin normallaşması prosesində də fəal iştirak edir. Onu da qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq Xarici İşlər Nazirliyinə təhlükəsizlik xidmətinin rəhbəri təyin edilib. Fidan, demək olar ki, bütün xarici səfərlərində Ərdoğanı müşayiət edib, həm o vaxtkı xarici işlər naziri Mövlud Çavuşoğlu, həm də o vaxtkı milli müdafiə naziri Hulusi Akarla yaxından əməkdaşlıq edib.

"Xalqımızın güclü dəstəyi ilə yenidən dövlət başçısı seçilən Prezidentimizin baxış və dəyərlərinə uyğun olaraq dövlətimizin və xalqımızın bütövlüyünü, təhlükəsizliyini, firavanlığını təmin etmək üçün səylərimi əsirgəməyəcəyəm. Türkiyənin xarici siyasətdə gücünü artırmağa davam edəcəyəm" - Hakan Fidan vəzifəyə başlayarkən deyib.

Buna qədər 9 il ərzində XİN rəhbəri olmuş Mövlud Çavuşoğlu isə öz fəaliyyətini parlamentin üzvü olaraq davam etdirəcək. Fidanın yerinə Ərdoğana ən yaxın şəxslərdən biri, keçmiş sözçü İbrahim Kalın təyin edilib.

Diqqətçəkən təyinatlardan biri də daha əvvəl də eyni postu tutmuş Mehmet Şimşəkin yenidən xəzinə və maliyyə naziri vəzifəsinə gətirilməsi oldu. O, 2009-2015-ci illərdə eyni vəzifədə çalışıb. Şimşek Qərb sərmayəçilərinin etibar etdiyi və Türkiyə iqtisadiyyatında problemləri həll edə bilən mütəxəssis kimi tanınıb. İndi Türkiyənin qarşısında dayanan çağırışları nəzərə alsaq, yeni nazirin daha böyük məsuliyyət daşıdığı aydın olur.

Məlumata görə, Şimşek artıq prezidentə struktur islahatları ilə bağlı təkliflər planı təqdim edib. Xüsusən də inflyasiyaya qarşı mübarizə, məzənnə  ilə bağlı məsələ, xarici kapitalın axını üçün rahat şərait yaradılması təklif edilir.

Türkiyə ordusunda böyük nüfuzu malik olan Yaşar Gülər isə milli müdafiə postuna gətirilib. Yaşar Gülər bu postda Hulusi Akarı əvəzləyib. O çıxışında Türkiyəni Atatürk islahatlarına uyğun, milli, həmçinin beynəlxalq hüquq normaları ilə qoruyacağına söz verib: "Əmin olun ki, Atatürk islahatlarına uyğun olaraq, Konstitusiya və qanunlar çərçivəsində ölkəmizin beynəlxalq hüquqdan irəli gələn mənafelərinin müdafiəsi üçün bütün səyimizlə çalışacağıq. Ölkəmizin sülh və təhlükəsizliyini təhdid edən terror təşkilatına qarşı mübarizəmizi davam etdirəcəyik". 

Kabinetin hazırkı tərkibində əvvəlki daxili işlər naziri Süleyman Soylu da yer almayıb. Yada salaq ki, seçki kampaniyası zamanı Soylu Qərbə qarşı, eyni zamanda müzalifətlə bağlı çox radikal bəyanatlar vermişdi.

Nazirlər Kabinetin yeni tərkibi bir daha onu göstərir ki, son 21 ildə mühüm uğurlar əldə edən, böyük inkişaf yolu qət edən Türkiyə hakimiyyətinin qarşıdakı beş ildə hədəfləri daha geniş, daha fərqlidir. Ərdoğanın liderliyi ilə dünya miqyasında söz sahibinə çevrilən qardaş ölkə daha güclü komanda ilə yeni tarix yazmağa davam edəcək.

Politoloq İlyas Hüseynov mövzu ilə bağlı şərhində deyib ki, Ərdoğanın hazırkı komandasını indiki şəraitdə ən mükəmməl Nazirlər Kabineti hesab etmək olar. Komanda üzvlərinin əksəriyyəti Qərbdə təhsil alıb, öz sahələrinin ən yaxşı mütəxəssisləri, ən əsası isə Ərdoğana sadiq kadrlardır: "Ərdoğan üçün hazırki şəraitdə sadiqlik əsas göstərici hesab olunur. Hökumətdə maliyyə, iqtisadi, hərbi və xarici siyasət sahələrinə cavabdeh olan kadrlar xüsusi maraq doğurur. Mehmet Şimşekin maliyyə naziri təyin edilməsi ölkədə iqtisadi vəziyyətin yaxşılaşacağına ümidləri artırıb. Bu onunla əlaqədardır ki, Şimşek əvvəllər maliyyə sektorunda müsbət təcrübəyə malik olub, həm də Qərb maliyyə qurumları ilə yaxşı münasibətləri olan mütəxəssisdir. Ərdoğanın koalisiya müttəfiqi Baxçalının israrına baxmayaraq, Süleyman Soylunun kabinetdən kənarda qalması bir tərəfdən Qərbə müsbət jestdirsə, digər tərəfdən Ərdoğanın yeni dövrdə daha sadiq və mötədil kadrlara üstünlük verdiyini göstərir. Beləliklə, adı çoxsaylı qalmaqallarda hallanan və Amerika əleyhinə sərt açıqlamalar verən bir məmur kimi yeni komandadan kənarda qaldı. Yeni dövrdə Soylu millət vəkili kimi fəaliyyətinə davam edəcək. Bu mənada müdafiə naziri Hulusi Akarın Ərdoğanın yeni komandasında olmaması da suallar doğurub. 2015-ci ilin iyul qiyamında Baş Qərargah rəisi vəzifəsini icra edən Akar daha sonra Ərdoğanla yaxınlaşıb və 8 il müdafiə naziri vəzifəsində çalışıb. Bundan sonra keçmiş müdafiə naziri, həmçinin Ədalət və İnkişaf partiyasını Türkiyə Böyük Millət Məclisində təmsil edəcək. 14 mayda keçirilən parlament seçkilərində Akar TBMM-in 28 dönəm millət vəkili siyahısında yer alib. Qeyd edək ki, Akar ötən komandanın ən nüfuzlu adamlarından biri kimi orduda ciddi reputasiyaya malik idi. Lakin Prezident Ərdoğan Baş Qərargah rəisi Yaşar Gülərə müdafiə naziri postunu həvalə edib". 

Politoloq hesab edir ki, ən uğurlu addım xarici siyasət və kəşfiyyat sahələrində kadr təyinatlarıdır: "13 il Türkiyə kəşfiyyatına (MİT) rəhbərlik edən və Ərdoğanın özünün "Sir küpü" adlandırdığı Hakan Fidan xarici işlər nazirliyinə rəhbər təyin edilib. Fidan Suriya və Liviya fəaliyyəti ilə tanınır. Fidan son illərdə Türkiyənin qonşu ərəb ölkələri ilə münasibətlərinin yaxşılaşdırılması prosesinə rəhbərlik edib. Misir, Suriya və digər ərəb ölkələri ilə danışıqlar əvvəlcə kəşfiyyat rəhbərləri səviyyəsində aparılıb, sonra isə Xarici İşlər nazirliklərinin rəhbərləri vasitəsilə nəhayət rəsmiləşdirilib. Fidanın region ölkələri, o, cümlədən İranla qalan məsələləri həll edəcəyi gözlənilir. 10 ilə yaxın Prezident Ərdoğanın mətbuat katibi, son bir neçə ildə isə xarici siyasət üzrə müşaviri vəzifəsində çalışan İbrahim Kalının kəşfiyyat rəhbəri təyin olunması Fidan-Kalın tandeminin ölkənin gələcək xarici siyasətini müəyyən edəcəyini göstərir". 

 





07.06.2023    çap et  çap et