525.Az

Prezidentdən hökumətə xəbərdarlıq


 

Prezidentdən hökumətə xəbərdarlıq<b style="color:red"></b>

Gürcüstan prezidenti Salome Zurabişvili hökuməti xalqı dinləməyə və seçkiqabağı vədləri yerinə yetirməyə çağırıb. Söhbət Gürcüstana Avropa İttifaqına üzvlüyünə namizəd statusunun verilməsi üçün Tiflisin yerinə yetirməli olduğu 12 tövsiyədən gedir. Baş nazir İrakli Qaribaşvili hökuməti hesab edir ki, Tiflis Brüsselin şərtlərini yerinə yetirib. Lakin Avropa İttifaqının rəhbərliyi Gürcüstanın tövsiyələri yerinə yetirmədiyi qənaətindədir. Belə görünür ki, Gürcüstan prezidenti də Avropa İttifaqının rəhbərliyi ilə eyni düşüncədədir.

Prezident Salome Zurabişvili bildirib ki, Brüsselin tövsiyələrinin yerinə yetirilməsi Gürcüstanın Avropaya inteqrasiyasının yolunu açacaq. Məlum olduğu kimi, Avropa İttifaqı Ukrayna və Moldovaya İttifaq üzvlüyünə namizəd statusu versə də, Gürcüstana eyni münasibəti göstərmədi.

Gürcüstanın dövlət başçısı Salome Zurabişvili hökumətə ünvanlanmış müraciətində bildirib ki, biz çatışmazlıqlarımızı bilirik, lakin bunun son 30 ildə əldə etdiyimiz nailiyyətlərə kölgə salmasını istəmirik: "Biz mühüm islahatlar yolunda böyük irəliləyiş əldə etmişik, lakin hələ ki, mükəmməl deyilik. Son iki ildə hökumətə mesajım o olub ki, xalqı dinləyin və seçkiqabağı vədləri yerinə yetirin".

Prezident bildirib ki, qarşıdakı aylarda hökumətin əsas vəzifəsi Brüsselin tövsiyələrini yerinə yetirmək olmalıdır. Məqsəd ikinci şansı əldən qaçırmamaq olmalıdır. "Əks halda gürcü xalqı bizi bağışlamayacaq".

Baş nazir İrakli Qaribaşvilinin başçılıq etdiyi hökumət isə hesab edir ki, Avroatlantik məkana inteqrasiya uğurla davam edir. Gürcüstan hökumətinin 2022-ci il üçün görülən işlərə dair hesabatına görə, ötən il Şimali Atlantika Alyansı ilə münasibətlər dinamik inkişaf edib. Qeyd olunub ki, Gürcüstanın NATO-ya inteqrasiyasını təşviq etmək məqsədilə Tbilisidə, Brüsseldə və Alyansa üzv olan ölkələrdə yüksək səviyyəli məsləhətləşmələr və görüşlər keçirilib.

Gürcüstan hökumətinin hesabatı 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər olan dövrü əhatə edir. Baş nazir İrakli Qaribaşvili bunu iyunun 30-da ölkə parlamentində təqdim edəcək.

Belə görünür ki, uzun bir fasilədən sonra "Gürcü arzusu" iqtidarı yenidən Mixail Saakaşvilinin xarici siyasət kursuna qayıdır. Ekspertlər isə hesab edir ki, Gürcüstanın başqa yolu da yoxdur. Xüsusilə Rusiyanın beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan təcridindən sonra Gürcüstanın Avroatlantik məkana inteqrasiya kursuna qayıtmasının alternativi yoxdur.

 





08.06.2023    çap et  çap et