525.Az

"Natəvan Düma ilə şahmat oynayarkən" - "Bir rəsmin dedikləri"


 

"Natəvan Düma ilə şahmat oynayarkən" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Şəbnəm Əzizdir. Onunla Xalq rəssamı Altay Hacıyevin "Natəvan Düma ilə şahmat oynayarkən" əsəri haqqında danışmışıq.

Xalq rəssamı Altay Əmir oğlu Hacıyev 2 aprel 1931-ci ildə Bakı şəhərində anadan olub. O, 1951-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində, 1954-1959-cu illərdə Kiyev Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsində təhsil alıb. Yaşadığı dövrdə qrafika, monumental dekorativ sənət və kitab illüstrasiya ustası olaraq tanınan rəssamın yaradıcılıq nümunələri müsbət auralı əsərlər kimi qiymətləndirilməkdədir. Rəssamın "Xəzər"(silsilə),"Küləyə qarşı", "Sahildən uzaqlarda", "Dənizin vüqarı" kimi qravüraları dəfələrlə sərgilərdə nümayiş olunub. O, həmçinin E.Mejelaytisin "İnsan", N.Xəzrinin "Sumqayıt Səhifələri", Q.Mehdiyevin "Maraqlı əhvalatlar" və s. kitablarına illüstrasiyalar çəkib.

Altay Hacıyev R.Məmmədovla 1967-ci ildə "Azərbaycan" adlı mozaik panno, A.Ağamalovla birlikdə metropolitenin "İçərişəhər" stansiyasının yeraltı vestibülünü bəzəyən, üzərində müxtəlif təsvirlər olan mərmər lövhələr, Mərdəkan sanatoriyasının divarlarında "Bahar" və "Bulaq" adlı döymə-naxış, "Neftçi"nin idman bazasının məşq zalında "Olimpiya alovu" adlı mozaika kimi bir çox monumental əsərlərin müəllifidir.

"Xalqımızın ulduzları" silsiləsindən olan "Tomris", "Məhsəti Gəncəvi", "Sara Xatun", "Xurşudbanu Natəvan", "Tuti Bikə", "Aşıq Pəri", "Ağa Bəyim Ağa" kimi əsərləri diqqətəlayiq sənət nümunələrindəndir.

 

- Şəbnəm xanım, bu əsərdə gördüyümüz Natəvan rəssamın yaradıcılığındakı digər Natəvanlardan nə ilə fərqlənir?

- Rəssam yaradıcılığında dəfələrlə müraciət etdiyi şairə Natəvanın obrazını təsvir edərkən özünü təkrarlamayıb və hər dəfə xan qızını müxtəlif obrazlarda, mimika, jest və pozalarda, həmçinin müxtəlif ruh halına bürünmüş vəziyyətdə canlandırıb. Sözügedən əsərdə Aleksandr Düma ilə Xurşidbanu Natəvanın şahmat oyunu təsvir olunub. Rəvayətə görə 1858-ci ildə Aleksandr Düma Bakıya səfəri zamanı Xan qızı ilə görüşüb və hələ gənc olan 26 yaşlı bu şərq qadınının zəkası və gözəlliyi dramaturqu valeh edib. Əhvalatlara görə, Düma Natəvanla şahmat oynayıb və mat olub. Oyunun nəticəsindən sonra Düma şahmat taxtasını və atasının sərkərdəsi olduğu Napaleonun heykəlini Xan qızına hədiyyə edib, qarşılığında Xan qızı da özünün işlədiyi kisəni Dümaya verib. Əsər də məhz bu əhvalata əsasən təsvir olunub. Əsərdəki 3-cü obraz Natəvanın həyat yoldaşı Xasay xan Usmiyevdir. Dümanın "Qafqaz səfəri" əsərindən də məlum olduğu kimi o, səlist fransızcasıyla görüş müddətində Dümayla Natəvanın dialoqlarını müşayiət edib.

- Əsər hazırda harda saxlanılır?

- Tablo Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.

- Əsərin rəng koloriti necədir?

- Əsərin rəng koloriti rənglərin ecazkar vəhdətini özündə ehtiva edir. Xan qızının milli geyiminin al qırmızı və şux yaşıl rəngi, istər Xasay xanın hərbi geyiminin solğun yaşıl, istərsə də Dümanın klassik Avropa geyiminin tünd qara rəngi ilə sintez təşkil etməsilə yanaşı, fondakı şəhər mənzərəsinin açıq səma mavisi rəngi əsərə aydınlıq gətirməkdədir.

- Bəs kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Rəssamın adət etdiyimiz yüngül və izləyicini yormayan sakit kompozisiyası bu əsər üçün də xarakterikdir. Hadisənin mərkəzdə baş verməsinin əksinə pəncərədən görünən sakit şəhər mənzərəsi kompozisiyanın tarazlığını qoruyur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Düma "Qafqaz səfəri" əsərində o dövr fransız xalqının təsəvvür etdiyinin əksinə olaraq, azərbaycanlılar (əsərdə tatarlar kimi qeyd olunub) qonaqpərvər, nəzakətli və eyni zamanda Avropa incəsənətinə birmənalı yanaşmayan xalq kimi vurğulayıb. Dümanın Natəvanla tanışlığı onun Şərq qadınlarına münasibətini də dəyişir. Əsərdə əks olunan Şərq qadınına xas, həm utancaq, həm də müdrik görünüşə sahib Natəvan obrazı Dümada heyranlıq yaradıb. Düma əsərində Xan qızının həyat yoldaşı Xasay xan Usmiyevin təvazökar, qonaqpərvər biri olduğundan, eləcə də xarici görünüşündən ətraflı söz açıb: "Xasay bəy yuxarıda dediyim kimi, otuz beş yaşında, çox yaraşıqlı, üzünün cizgiləri gözəl, qaynar və ağıllı gözlərinin dərinliyində nəsə bir narahatlıq hiss olunan, sədəf kimi incə dişləri ağappaq görünən bir adam idi". Avropalıların düşüncəsində canlanan "Şərq insanı", "Şərq qadını" obrazının heç də düşünüldüyü kimi olmadığını əks etdirən əsərdə Xan qızının zərifliyi ilə yanaşı, zəkasının da avropalıları heyran etdiyi önə çəkilir.

Aytac SAHƏD

 





07.06.2023    çap et  çap et