525.Az

Milli Məclisin deputatı “Məktəbdə...” layihəsində


 

Milli Məclisin deputatı “Məktəbdə...” layihəsində<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 35 nömrəli tam orta məktəbdə keçirilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan 525.az-a bildirilib ki, layihənin budəfəki qonağı Milli Məclisin deputatı Fazil Mustafa olub. Qonaq məktəb illəri, ilk müəllimi, gənclik dövrü ilə bağlı xatirələrindən, həyat yolunun maraqlı məqamlarından söz açıb. Şagirdlərlə səmimi ünsiyyət ortamında keçən görüşdə F.Mustafa oxu vərdişləri, mütaliənin üstünlükləri, gələcəyə hesablanmış doğru ixtisas seçimləri, yeniyetmə və gənclərin zərərli vərdişlər, yad təsirlərdən qorunması yolları və digər mövzular barədə şagirdlərə tövsiyələrini verib.

F.Mustafa bir xalq, millət üçün birliyin, həmrəyliyin önəmi və bu məsələdə gənclərin üzərinə düşən vəzifələrdən, şagirdlərin ləyaqətli insan və vətəndaş olaraq yetişməsində təhsil müəssisələrinin rolundan danışıb, milli-mənəvi dəyərlərə hörmət hissləri, nəsillərarası müqayisə və mübarizə və digər maraqlı məqamlara toxunub, şagirdləri düşündürən sualları cavablandırıb.

Daha sonra F.Mustafa məktəbə kitab hədiyyə edib. “Qazi müəllimlər” kitabı isə qonağa təqdim olunub.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Sevinc Qarayeva 

 





07.06.2023    çap et  çap et