525.Az

Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri


 

Əhliman Ərəfsəlinin yaradıcılığında folklor izləri<b style="color:red"></b>

Bugünün şagirdləri - sabahın tədqiqatçıları

Bir neçə ildir, Naxçıvanda elm və təhsilin qarşılıqlı əlaqələrindən istifadə etməklə istedadlı şagirdlərin üzə çıxarılması üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə "Sabahın tədqiqatçıları" layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində müxtəlif elm sahələri üzrə fəaliyyət göstərən alimlər onlara təhkim olunmuş şagirdlərə müxtəlif araşdırma mövzuları verir və həmin şagirdlərlə həftədə bir dəfə olmaqla görüşüb verilmiş mövzu istiqamətində tədqiqatlara köməklik edir, məsləhətlər verir, sabahın tədqiqatçılarının yetişməsində öz təcrübələrini şagirdlərə ötürürlər.

Bu il mənə təhkim olunmuş Laçın Hacıyeva Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Artıq bu il məzun olur. Universitetə hazırlaşdığı bir dövrdə onun üçün müəyyən etdiyim "Əhliman Ərəfsəli yaradıcılığında folklor izləri" mövzusunu da böyük bir həvəslə, şövqlə araşdıraraq maraqlı bir tədqiqat işi ortaya qoymağı bacardı. Hətta bu mövzu ilə beynəlxalq konfransda məruzə etməyə də nail oldu.

Elmə, ədəbiyyata həmişə öz səhifələrində geniş yer verən "525-ci qəzet"in oxucuları üçün də maraqlı olacağını düşündüyümdən tədqiqatçımın həmin məqaləsini müəyyən redaktələrlə (qəzet üslubuna uyğunlaşdıraraq) sizə göndərirəm. Qeyd edim ki, Əhliman Ərəfsəli Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində doğulub, böyümüş, cəmi 39 il ömür sürmüş çox istedadlı şair idi. Qısa ömrünə baxmayaraq çox dəyərli ədəbi irs qoyub getmiş qələm sahibinin unudulmaması və gələcək nəsillərə xatırladılması baxımından bu cür araşdırmalara ehtiyac olduğunu düşünürəm.

Elxan YURDOĞLU

 

Şifahi xalq ədəbiyyatı hər bir yazıçı və şairin yaradıcılığının ilkin mayasını təşkil edir. Yazılı ədəbiyyat hər zaman şifahi ədəbiyyatın təməlləri üzərində inkişaf tapıb. Folklora bağlı olmayan, folklordan qidalanmayan yazılı ədəbiyyat nümunəsi xalq tərəfindən o qədər də sevilib rəğbət qazana bilmir. Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəfsə kəndində anadan olan və yeniyetməlik dövrlərindən şeir yazmağa başlayan Əhliman Ərəfsəli də məhz xalqın söz yaddaşına yaxından bələd olan bir şair idi. Bunu onun şeirlərini oxuduqca da görmək mümkündür. İndiyə kimi tədqiq olunmamış bir şairin yaradıcılığında folklor janr, nümunə, motiv və mövzularından geniş şəkildə istifadə etməsi Əhliman Ərəfsəlinin xalq yaradıcılığına bağlı olduğunu və xalq dili ilə öz fikirlərini ifadə etməyə çalışdığını göstərir. Hətta bu bağlılıq nəticəsində şairin özünün də folklor mahiyyətində olan nümunələrlə şifahi xalq ədəbiyyatımızı zənginləşdirdiyini deyə bilərik.

Ədiblərimizin hamısında vətən mövzusunun özünəməxsus yeri vardır. Daima sevilən, müqəddəs, ana kimi əziz tutulan vətən Əhliman Ərəfsəli şeirlərində də geniş yer tutur. Şairin aşıq yaradıcılığı nümunəsi olan cinaslı gəryalı janrında yazdığı "Vətən oğlu" buna ən gözəl nümunədir. Burada Səməndər quşu obrazından istifadə  diqqətdən yayınmır:

Mən də, sən də, o da təşnə,

Səməndərik - oda təşnə.

Yaxşı bilir od, atəş nə

Vətənimin vətəndaşı.

Əhliman Ərəfsəli hansı mövzuya müraciət edirsə, orada xalq yaradıcılığından məharətlə istifadə edir. Onun bir çox şeiri aşıq yaradıcılığı nümunələri ilə üst-üstə düşür. Hətta şairin şeir dili aşıq-ozan dilini xatırladır. "Unudulmaz havalar" şeirində arxaik sözlərlə yaddaş təzələyən şairin xalq danışıq dilinə dərin rəğbəti duyulur. Adıçəkilən qoşmada bir çox şifahi xalq ədəbiyyatı janrlarının adının çəkilməsi də folklor sevdalılığındandır:

De qoşmalar, bayatılar, ağılar,

Gerçəkləşir əfsanələr, nağıllar...

Şairin "Aşıq Pəri" təcnisi də buna nümunədir. Qoşma, bayatı, ağı, əfsanə, nağıl, hətta sazdan yola çıxaraq aşıq yaradıcılığına diqqət çəkən şair "Gəl" gəraylısında "Xan Çoban" əfsanəsinə toxunub, bu əfsanənin personajlarından Xan Çobanı, Saranı yad etməyi unutmayıb, həmçinin "Əsli və Kərəm", "Dilqəmi" dastanlarını yaddaşımızda təzələməyə nail olub.

Əhliman Ərəfsəlinin "Əlincə" şeiri də folklor zənginliyi ilə seçilən nümunələrdəndir. Misralarda ağı, dastan, nəğmə janrlarının adının çəkilməsi, "Kitabi-Dədə Qorqud" dastanındakı obrazların dilə gətirilməsi, eyni zamanda "harayına hay vermək", "qanına qəltan etmək", "qılıncını qınına qoymamaq", "sinəsini dağlamaq", "anasını ağlatmaq" və bu kimi deyimlərdən istifadə şairin xalq dilinə sevgisinin göstəricisidir:

Dədə Qorqud dindirəndə qopuzu,

Əlincəyə səsləyibdir Oğuzu.

Göndəribdi Qazan xanı, Uruzu

Yağıları qılınclasın, oxlasın,

Qollarının qüvvəsini yoxlasın.

Müəllifin "Qoç yarası" şeiri haqqında mövzumuz gərəyincə daha geniş danışmaq olar. Bir el bayatısının epiqraf kimi verildiyi şeiri bütövlükdə bayatı janrında qələmə alınıb. Sujetli nümunə təsiri bağışlayan şeirdə hər bənd ayrılıqda bir bayatıdır. Biz bununla Ə.Ərəfsəlinin yaradıcı ustalığını görə bilirik. Şeirdə eyni zamanda atalar sözü işlənib, nağıl obrazı mətnə xüsusi ahəng qatıb:

Yaralanmış ağ qoçam,

Ölməmişəm, sağ qoçam.

Sinəm üstən çəkilib

Araz boyu dağ qoçam.

Aşıq yaradıcılığının bir qolu olan qoşma janrından tez-tez istifadə edən Ə.Ərəfsəli "Dünya" şeirini də bu janrda yazıb. Burada onun atalar sözlərindən və məsəllərdən məharətlə istifadəsi mövcuddur. "Qalmışıq bir həsir, bir Məmmədnəsir", "Aşığı uduzub cura tələsmək", "Toydan sonra nağara" xalq məsəlləri buna nümunədir.

"Cəngi çalın, Cəngi" şeiri isə aşıq yaradıcılığı nümunələri ilə zəngindir. Bu şeirdə dastan, bayatı, atalar sözünün olması şeirə axıcılıq, oxunaqlılıq gətirib. "İki qoçun başı bir qazanda qaynamaz", "Qılıncımdan alov doğar" atalar sözləri, Qobustan qayaüstü rəsmlərindəki halay, yallı rəqsləri, Qoç Koroğlu, Keçəl Həmzə obrazlarının timsalında fikrini dolğun ifadə etməsi bir şeir vasitəsi ilə şairin sənətkarlıq səriştəsindən söz etməyə əsas verir. Bu şeirdə bir bayatı nümunəsini də ustalıqla işlədərək şeirin ümumi ab-havasında əritməsi rəğbət doğurur:

Yerin tikanlı qəfəs,

Qalmışam axır nəfəs.

Bağlayıb qollarımı

Xan Araz - qanlı qəfəs.

"Susmaq əzabı" adlı şeirdə şair atalar sözündən istifadə etməklə yanaşı "Bu gün deyiləsi sözü deməmək - sabah bağırsam da, susmaq deməkdir", "Dünənin dərsini dərk etməyincə, bu günün ilgəyi düyün düşəcək" misraları ilə folklora öz müdrik fikirlərini gətirmişdir ki, zaman həmin ifadələri şairdən alıb atalar sözləri mahiyyətində dilimizin yaddaş fonduna daxil edəcəkdir.

El arasında göy qurşağının "Fatma nənənin hanası" adlandırılması "Bir yaz günü" qoşmasında şairin sənətkarlığı  sayəsində  özünə yer tapmışdır:

Yenə Fatma nənə naxışlar saldı,

Göyün hanasına əlvan, narıncı.

"Nə ağ qoça/Nə də Zümrüd quşunun/Qanadına arxalan" misralarının yer aldığı "Mübarizə" şeiri biz uşaqlığımıza qaytarır, nənələrimizdən "Məlikməmməd" nağılını dinləmiş kimi oluruq.

Şairin qələmə aldığı süjetli bayatılar "Türkün dünyası" şeirində də qarşımıza çıxır. Maraqlıdır ki, səkkiz bəndlik şeirin hər bəndi ayrılıqda bir bayatı nümunəsidir:

Türkün zatında bozqurd,

İlkin qatında bozqurd.

Od ağzı günə təşnə -

Ayın altında bozqurd.

"Ya qırılıb qutarram, Ya alaram qisası" misraları ilə mərd türklərin xarakterini göstərən şair bu bənddə də aşıq yaradıcılığına toxunur və bir daha onun bu mövzudakı ustalığı nəzərə çarpır:

Çağırın xan Oğuzu,

Yığsın eli, ulusu.

Dədə Qorqud boy deyib

Çalsın qolça, qopuzu.

Əksər şeirlərində şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə edən şair klassik şeir janrı olan qəzələ də müraciət edib. "Çarəsiz" rədifli qəzəlində belə şair xalq ruhundan, folklor yaddaşından qopmayıb, el dilincə ifadələr işlətməklə fikrini əruz ritmində ortaya qoyub. 

Şairin yeni cinas qafiyələrlə yadda qalan digər təcnisi "Asimana" adlanır. Öz dostu Asimanın ölümündən doğan kədərlə qələmə alınan aşıq şeiri nümunəsində Ə.Ərəfsəlinin Asimana həsrətini ürək ağrısı ilə oxuyuruq:

Qardaşımın dərdini qan, a fələk,

Nahaq yerə tökmüsən qan, a fələk.

Niyə məni boyadın qana, fələk,

Həsrət qaldı Əhliman Asimana?!

Şairin dostu Asimanı itirməsi onu ağı janrında da dillənməyə məcbur edib. Xalq lirikasının kədər dolu, ağrı-acılardan, ölüm-itimlərdən qurtulmaq üçün təsəlli tapdığı ağılarıyla dərdini danışan Ə.Ərəfsəlinin bu nümunələri şifahi xalq ədəbiyyatının ağılarından heç də fərqlənmir. Maraqlıdır ki, bu ağıların içərisində cinas qafiyəli nümunələr də diqqəti cəlb edir:

Əzizim nişanası,

Qalmayıb nişanası.

Ölüm Asimanımın

Döşündən nişan asıb.

Sadəcə bir kitabı ölümündən sonra nəşr olunan şairin həmin nəşrdəki son şeiri də xalq yaradıcılığı nümunəsi olan "Bayatılar"la bitir. Həmin nümunələr də atalar sözləri ilə zəngindir:

Köksümdə qəm dağıdır,

Bu dağ da qəm dağıdır.

Namərd dost qəm artırır,

Mərd düşmən qəm dağıdır.

Qısa bir ömür yaşamasına baxmayaraq dağ kəndinin saflığı, buradakı nənələrin, babaların şifahi söz sənətinə olan bağlılığı hələ uşaqlıq illərindən Əhliman Ərəfsəliyə öz təsirini göstərmişdi. Bu da bədii yaradıcılığına başladıqdan sonra nakam şairin şeirlərində özünə geniş şəkildə yer tapmış, misralara hopmuş, şeirlərin xalq dilində səslənməsinə gətirib çıxarmışdı. Şeirlərində dastan, nağıl, əfsanə qəhrəmanlarından, obrazlarından, sujetlərindən, atalar sözləri, məsəl, bayatı, ağı və laylalardan geniş şəkildə istifadə edən şair aşıq yaradıcılığının qoşma, gəraylı, təcnis kimi janrlarında mükəmməl nümunələr ortaya qoymağa nail olmuşdu. Şairin dil axıcılığı, xalq danışıq tərzinə yaxınlığı belə bir qənaət formalaşdırır ki, Əhliman Ərəfsəlinin şeirlərinin bir çoxu gələcəkdə folklor nümunəsi kimi şifahi xalq ədəbiyyatının məhsulu da ola bilər.

Laçın HACIYEVA,
Naxçıvan şəhər 17 nömərli tam orta məktəbin 11-ci sinif şagirdi

 





07.06.2023    çap et  çap et