525.Az

Bakıda "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans keçirilir


 

Bakıda "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans keçirilir<b style="color:red"></b>

Bakıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Seysmologiya və mühəndis seysmologiyası" mövzusunda VII beynəlxalq konfrans öz işinə başlayıb.

Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandal, FHN-in, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, bir sıra ali məktəblərin rektorları, Türkiyə, Özbəkistan, Rusiya, İtaliya, ABŞ, Yaponiya, Böyük Britaniya və digər ölkələrdən alimlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Konfransda giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, "Heydər Əliyev İli" çərçivəsində AMEA-da başda Humanitar və İctimai Elmlər və digər bölmələr daxil olmaqla Ulu öndərin çoxcəhətli, genişmiqyaslı fəaliyyətinin ayrı-ayrı istiqamətlərinə həsr edilmiş respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilir. Bugünkü konfransın önəminə toxunan akademik İsa Həbibbəyli Azərbaycanda seysmologiya xidmətinin əsaslarının Ulu öndər tərəfindən yaradıldığını, onun göstərdiyi dəstək sayəsində inkişaf etdiyini və hazırda Prezident İlham Əliyevin ölkə həyatının bütün sahələriylə bərabər, seysmologiyanın da inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb: "Hazırda ölkə başçısının dəstəyi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad olunmuş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmağa başlamışdır. Bu il onlardan bir neçəsinin açılışı olacaq və bütün zəruri hazırlıq işləri də görülür. Bu prosesdə qardaş Türkiyə Cümhuriyyətinin də göstərdiyi diqqət və qayğını qeyd etməyi özümə borc bilirəm. Bu gün başlayan konfransla seysmologiyanın ən aktual məsələlərini, seysmologiya xidmətinin təcrübəsini, ənənələrini, yeniliklərini beynəlxalq ictimaiyyətlə bir yerdə müzakirə edib, mühüm elmi nəticələrə gəlinəcək".

Türkiyədə bu ilin fevral ayında baş vermiş zəlzələnin ağır nəticələrinin regionda seysmologiya elminə olan diqqəti artırdığını deyən natiq dəhşətli hadisənin ilk saatlarında Prezident İlham Əliyevin tapşırığı əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının qardaş ölkədə xilasetmə işlərinə cəlb edildiyini, Azərbaycanın humanitar yardımlar göndərdiyini, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi ilə isə Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarının həmin bölgədə müasir texnologiyalar tətbiq etməklə elmi tədqiqatlar apardıqlarını söyləyib.

Təqdimatla çıxış edən TÜBİTAK-ın rəhbəri, professor Hasan Mandal isə qeyd edib ki, "Bir millət, iki dövlət" anlayışını əsas götürən Azərbaycan və Türkiyə daim hər sahədə bir-birinə dəstək verməkdədir. Türkiyənin zəlzələdən ən çox zərər çəkən ölkələrdən biri olduğunu deyən H.Mandal zəlzələ, daşqınlar, qida təhlükəsizliyi, xam maddə çatışmazlığı, miqrasiyanın  gələcək 10 il ərzində başlıca fəlakətlər olacağını bildirib və bu problemlərin ümumi baxış tələb etdiyini və bir-birindən qaynaqlandığını söyləyib. 1980-2019-cu illər ərzində iqlim dəyişikliyi nəticəsində təbii fəlakətlərin sayında artımın müşahidə olunduğunu diqqətə çatdıran Hasan Mandal nəticədə elmə və alimlərə olan ehtiyacın daha da artacağını, bu problemlərin multidissiplinar yanaşma tələb etdiyini vurğulayıb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev isə çıxışında mövzunun bəşəriyyət üçün əhəmiyyətinə toxunub və təbii fəlakətlər zamanı itkilərin minimuma endirilməsinin başlıca vəzifələrdən olduğunu deyib. Türkiyədə fevral ayında baş vermiş zəlzələ zamanı Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi tədbirlər barədə məlumat verən Etibar Mirzəyev 940 nəfər FHN əməkdaşının axtarış-xilasetmə işlərinə qoşulduğunu, könüllülərin cəlb edildiyini, mobil səhra hospitalının qurulduğunu, qardaş ölkəyə humanitar yardımların edildiyini söyləyib.

Konfransda, həmçinin Böyük Britaniyalı seysmoloq İan Pierce, ABŞ-dan Eric Sandvol Gürcüstandan Tea Godoladze və Rusiyadan gəlmiş Boris Trifonov çıxış edərək tədbirin əhəmiyyətinə toxunub, müzakirə olunacaq mövzuların seysmologiya elminin inkişafına töhfə verəcəyini bildiriblər.

Daha sonra tədbir öz işini panel iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfrans öz işini iyunun 9-da başa vuracaq. Tədbir iştirakçılarının Şuşa şəhərinə səfəri də nəzərdə tutulub.

 





07.06.2023    çap et  çap et