525.Az

AMEA prezidenti TÜBİTAK-ın rəhbəri ilə görüşüb


 

AMEA prezidenti TÜBİTAK-ın rəhbəri ilə görüşüb<b style="color:red"></b>

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə Azərbaycan və Türkiyə arasında əsrlərə dayanan dostluq-qardaşlıq əlaqələrindən söz açan akademik İsa Həbibbəyli son illərdə ölkələrimizin münasibətlərinin dövlət başçılarımız sayəsində strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bildirib. AMEA rəhbəri bildirib ki, TÜBİTAK-ın başda Türkiyə olmaqla, Türk dünyasında və eləcə də dünyada elmin inkişafında mühüm rolu var və Akademiyanın mövcud strukturu çərçivəsində qurumlarımız arasında yeni sahələrdə əməkdaşlıq imkanları meydana çıxır.

Son aylarda Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi istiqamətində önəmli addımların atıldığını, keçmiş SSRİ Elmlər Akademiyaları arasında ilk dəfə məhz AMEA-da "Elektron Akademiya" şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanmaqda və gələcək əməkdaşlıqda maraqlı olduqlarını deyib.

TÜBİTAK-ın fəaliyyətinin başlıca məqsədinin insanlarda elmə maraq oyatmaq, elmi populyarlaşdırmaq olduğunu deyən professor Hasan Mandal yalnız bununla insanların və bəşəriyyətin gələcəyinin inkişaf etdirilə biləcəyini söyləyib. Elmin populyarlaşdırılması istiqamətində TÜBİTAK-ın "Populyar Elm Yayımları" şəbəkəsini qurduğunu, bir çox nəşrlər hazırladığını bildirən professor həmin nəşrlərin "TEKNOFEST Azərbaycan"da böyük maraq gördüyünü diqqətə çatdırıb və bu elektron bazanı AMEA əməkdaşlarının istifadəsinə verməkdə hazır olduqlarını deyib.

Görüş çərçivəsində AMEA-nın elmi jurnallarının ULAKBİM-in Dərgi Park elektron bazasına daxil edilməsinə dair razılıq əldə olunub.

Görüşdə AMEA-nın Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva və həmin şöbənin müdir müavini, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da iştirak ediblər.

 





07.06.2023    çap et  çap et