525.Az

Ermənistanın müharibə cinayətlərini xatırladan Kaxovka hadisəsi


 

Ermənistanın müharibə cinayətlərini xatırladan Kaxovka hadisəsi<b style="color:red"></b>

Rusiya-Ukrayna müharibəsi uzandıqca fəsadları da daha ağır olur. Bir il dörd aya yaxındır davam edən müharibə nəticəsində hər iki tərəfdən çox sayda insan itkisi var. Amma müharibə Ukraynanın ərazisində getdiyi üçün təbii ki, daha böyük ziyanı da məhz bu ölkə çəkməkdədir. Müharibə qlobal müstəvidə də demək olar ki, bütün sahələrə öz mənfi təsirini göstərməkdədir. Təəssüf ki, müharibənin sonu hələ də görünmür. İyunun 6-da  daha bir acınacaqlı hadisə baş verdi. Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovka Su Elektrik Stansiyasının bəndi dağıdılıb. Kiyev və Moskva bir-birini bəndi dağıtmaqda ittiham edir. Ukraynanın "Cənub" operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb. Hadisədən sonra Rusiya və Ukraynanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında da tərəflər yenidən bir-birini günahlandırıb.

Növbədənkənar iclasda Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Rusiyanı ittiham edərək hadisəni kütləvi ekoloji qırğın bombası və son onilliklərdə Avropada ən böyük texnogen fəlakətə çevrilən genişmiqyaslı ekoloji terror hücumu adlandırıb. Kislitsanın sözlərinə görə, Rusiyanın məqsədi mümkün qədər çox insanı öldürmək və ətraf mühitə böyük ziyan vurmaq olub.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya isə bəndin dağıdılmasında Ukraynanı günahlandıraraq, Kiyevi qəsdən bəndi zədələməkdə ittiham edib.

BMT-nin baş katibi Antonio Quterreş hadisəni Rusiyanın Ukraynaya müdaxiləsinin daha bir dağıdıcı nəticəsi adlandırıb.

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell isə daha sərt danışıb. O deyib ki, Kaxovka su anbarının dağıdılması Rusiya vəhşiliyinin yeni ölçüsünü göstərir. Bəndin dağıdılmasının yüz minlərlə insanın həyatını təhlükədə qoyduğunu qeyd edib, mülki infrastruktura hücumun müharibə cinayəti olduğunu vurğulayıb.

Prezident Vladimir Zelenski bəyan edib ki, Ukrayna Kaxovka SES-in dağıdılması ilə bağlı Haaqa Beynəlxalq Cinayət Məhkəməsində Rusiyaya qarşı iddia qaldırmaq niyyətindədir.

Bu hadisənin ekoloji və digər fəsadları ilə yanaşı, Ukraynanın qida istehsalı sektoruna da güclü zərbə olacağı, elektrik enerjisi istehsalına mənfi təsir göstərəcəyi istisna edilmir.

Baş verən hadisə bir daha Ermənistanın Azərbaycana qarşı müharibə cinayətlərini xatırladır. Müharibənin gedişində mülki infrastrukturun, dinc sakinlərin hədəfə alınması, onlara ziyan vurulması birbaşa müharibə cinayətidir. Ermənilər bu cinayətləri həm Birinci, həm də İkinci Qarabağ müharibələrində törədiblər. Kaxovka hadisəsi eyni zamanda Qarabağ münaqişəsinin davam etdiyi müddət ərzində Ermənistandan müxtəlif səviyyələrdə Mingəçevir Su Elektrik Stansiyasını (SES) vurmaqla bağlı təhdidləri, həmçinin İkinci Qarabağ müharibəsi zamanı əraziyə raket atmasını yada salır. Ümumiyyətlə, Ermənistan İkinci Qarabağ müharibəsində məhz mülki infrastrukturu, mülki yaşayış məntəqələrini hədəfə almaqla, Azərbaycan Ordusuna mənəvi-psixoloji təsir göstərmək istəyirdi. Amma bu planlarının heç biri baş tutmadı.

Daha əvvələ gedib yada salaq ki, xüsusilə Mingəçevir SES-lə bağlı Ermənistan tərəfi hər zaman hədələyici bəyanatlar səsləndirib. Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan, ardınca Qarabağdakı keçmiş qondarma rejimin "müdafiə naziri" olmuş Levon Mnatsakanyan Azərbaycanı "Mingəçevirin vurulması" ilə hədələmişdi. O bildirmişdi ki, Mingəçevir SES hədəf kimi erməni ordusunun taktiki planlarına daxil edilib.

Ermənistanın müdafiə naziri vəzifəsində çalışan zaman Seyran Ohanyan da Mingəçevir SES-lə bağlı hədələyici bəynatı vermişdi.

2016-cı ilin Aprel döyüşlərində, daha sonra 2020-ci ilin Tovuz döyüşlərində ağır məğlubiyyətə uğrayan Ermənistandan yenə də müxtəlif səviyyələrdə Mingəçevir su anbarını vura biləcəkləri ilə bağlı təhdidlər səsləndirilib. 2020-ci ilin iyulunda Ermənistanın keçmiş müdafiə naziri, general-leytenan Vaqarşak Arutyunyan müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını vura biləcəklərini bildirmişdir. O demişdir ki, Ermənistan SCAD raketləri tətbiq edərsə, o zaman bu raketlər vasitəsi ilə öz məqsədinə çata bilər. Arutyunyan hətta bir qədər də uzağa gedərək bəyan etmişdir ki, Müngəçevir SES-in vurulağacı halda Azərbaycanın üçdə iki hissəsi su altında qalacaq.

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üz-üzə qalan Ermənistan cəbhədən uzaqda yerləşən yaşayış məntəqələrimizi dəfələrlə hədəfə aldı. Mingəçevir şəhərinə buraxdığı "Skad" (SCUD) ballistik raketi Hava Hücumundan Müdafiə Qüvvələrimiz tərəfindən məhv edildi. Mingəçevirə atılan 3 raketdən biri Su Elektrik Stansiyasının enerji bloklarının qarşısına düşsə də, onlardan ikisi partlamamışdır. Ekspertlər hələ onda bildirirdilər ki, həmin raketlər partlasaydı, əlbəttə ki, ölkəmiz üçün böyük təhlükə yaranacaqdı. Çünki Mingəçevir SES və İstilik Elektrik Stansiyası Azərbaycanın ümumi enerji tələbatının 60 faizini ödəyir. Bunlar ölkəmiz üçün çox əhəmiyyətli strateji obyektlərdir.

Şübhəsiz ki, Azərbaycan strateji infrastruktur obyektlərinin, o cümlədən, Mingəçevir SES-in su bəndinin potensial hücumlardan müdafiəsini güclü şəkildə qurub. İkinci Qarabağ müharibəsi zamanı bu obyektlər havadan, raket hücumlarından çox ciddi şəkildə mühafizə olundular. Önləyici addımlar, güclü müharibə planı Ermənistanın dinc insanlarımıza və infrastruktura qarşı bir sıra xain planlarını alt-üst etdi, müharibə cinayətlərinin daha geniş miqyas almasına yol vermədi.

 

 

 





08.06.2023    çap et  çap et