|
|
|
|
Rübabə ŞİRİNOVA
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
"Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm iqliminin gözəlliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar"
Ümummilli lider Heydər Əliyev
Kəlbəcər deyəndə Aşıq Şəmşir, Aşıq Şəmşir deyəndə göz önünə Kəlbəcər gəlir. Kəlbəcər Aşıq Şəmşir şeirinin və səsinin beşiyidir. Professor Qəzənfər Paşayev Dədə Şəmşiri "ozan-aşıq sənətinin memarlarından biri" adlandırır, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə yazır: "Aşıq şeirinin əksər şəkillərindən (qoşma, gəraylı, təcnis, divani, müxəmməs və s.) böyük məharətlə istifadə edən görkəmli sənətkar (Aşıq Şəmşir - M.N.) sözün çəkisinə xüsusi diqqət yetirən, hər misraya, hər kəlməyə zərgər dəqiqliyi ilə yanaşan bir sərraf idi". XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olmuş Aşıq Şəmşir - Dədə Şəmşir həm də böyük söz adamı olub.
Aşıq Şəmşir Miskin Abdal, Aşıq Ələsgər, Aşıq Qurbanın adı ilə bağlı böyük sənət məktəbinin bədii örnəklərini XX əsrdə yaşadan, yeni nəsillərin bədii yaddaşına kökləyən qüdrətli saz və söz ustadıdır. Onun həyatı xalqının həyatına bağlı olub, öz həyatını elin həyatından kənarda təsəvvür etməyib.Bu cəhətdən Şəmşirin şəxsi- mənəvi dünyası, bioqrafiyası böyük maraq doğurub: Dədə Şəmşir 1893-cü il mart ayının 15-də yurdumuzun dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun Dəmirçidam kəndində el sənətkarı Aşıq Qurbanın ailəsində anadan olmuşdu. 1903-cü ildə Kəlbəcərin Ağdaban kəndinə köçüb, orada əbədilik yurd salmışdı. Dədə Şəmşir Göyçə mahalının Sarıyaqub kəndində anadan olan, ulu babası Miskin Abdal nəslindəndir.Şəmşir poeziyasının ikinci qaynağı isə atası Ağdabanlı Qurbanın öz yaradıcılığı, erkən tanış olduğu klassik ədəbiyyatımız və xalq poeziyamızdır.
Dədə Şəmşirin Çayqovuşanda öz əli ilə tikib ucaltdığı evin qapısını açanda "Yeddi qardaş" dağının beşinci zirvəsi aydın görünürdü. O, buranı çoxdan son mənzil üçün gözaltı etmişdi. Dədə Şəmşir 1980-ci ildə dünyasını dəyişəndə vəsiyyətinə görə burada dəfn olunmuşdu.
Oğlu Qənbər Şəmşiroğlu onun xatirəsinə başqa şeirlərlə bərabər, bu nisgilli misraları qələmə alıb:
Qaldın zirvəsində "Yeddi qardaş"ın,
İndi düyünlənib çatılır qaşın.
Saçın qapqaraydı - ağardı başın,
Səni tərk elədik, qərib qalmısan...
Dədə Şəmşirin yaradıcı əməyinə yüksək qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ustad 80 illiyi ilə əlaqədar 14 mart 1973-cü il tarixində "Şərəf nişanı" ordeni ilə təltif olunub. Aşıq Şəmşirin yubileylərinin dövlət başçısının sərəncamları ilə keçirilməsi, əlbəttə, Azərbaycan aşıq ədəbiyyatına verilən ən yüksək qiymətdir.
Ulu öndər Heydər Əliyev Dədə Şəmşirin 110 illik yubileyinin ölkəmizdə keçirilməsi haqqında sərəncam imzalayaraq onun irsini yüksək qiymətləndirmişdi: "Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli-mənəvi dəyərlərini tərənnüm edən zəngin saz və söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır". Sərəncamla Göygöl rayonundakı yeddiillik uşaq musiqi məktəbinə və rayonda küçələrin birinə Aşıq Şəmşirin adı verildi, həmçinin, həmin rayonda büstü ucaldıldı.
Dədə Şəmşirin "Zərli tac kamallı başa yaraşır" kitabı da məhz Ümummilli lider Heydər Əliyevin o zamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir:
Möhürlə yazılıb xalqın qəlbinə,
Silinməz tarixdən adı Heydərin.
Qəhrəman ellərdən alıb dərsini,
Belə böyük var ustadı Heydərin.
Aşıq-şairin fəhmlə bu günü o zamanlar necə dərk etməsi bir sıra tərənnüm şeirlərində də öz əksini tapıb:
Azərbaycanımın igid oğluna
"Qızıl ulduz" qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
"Torpağın dadı" adlı şeirində ustad qəhrəmanını ana Vətənlə qoşa vəsf edir:
Ömrün uzun olsun, igid Heydərim,
Şöhrətin tarixin varağındadır.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin vətənin çırağındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında 2 aprel 2018-ci il tarixli sərəncam imzaladı ki, bu da Aşıq Şəmşir ocağına, bütövlükdə isə Azərbaycan aşıq sənətinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu sərəncama uyğun olaraq respublikamızın şəhər və rayonlarında silsilə tədbirlər keçirilir. Qazax rayonunun mərkəzində Aşıq Şəmşirin 125 illik yubleyi ilə bağlı Dədə Şəmşirin və Dədə Ələsgərin büstü ucaldılıb.
Erməni girovluğunda qalan görkəmli sənətkarın məzarı və doğma yurdu Kəlbəcər erməni əsarətindən dəmir iradə və dəmir yumruğa sahib Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli oğullarımızın sayəsində 25 noyabr 2020-ci ildə azad oldu.
Ulu öndərin söylədiyi kimi: "... Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar". Bəli o gün gəldi, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi: Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Dəmir iradə və dəmir yumruğa sahib müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və rəşadətli oğullarımızın sayəsində biz öz yurdumuza qayıtmışıq.Bu günlərdə Dədə Şəmşirin 130 yaşı tamam oldu.Mən əmiməm ki, böyük sənətkarın Dədələr dədəsi Dədə Şəmşirin 130 illik yubleyi doğma yurdunda qeyd olunacaq və bizlərdə dədənin qəbrini ziyarət edib,ruhuna dualar oxuyub deyəcəyik: Gözün aydın Dədə Şəmşir biz vətənimizə qayıtdıq.