525.Az

Şərəf lövhəsindən şəhadət zirvəsinə


 

Şərəf lövhəsindən şəhadət zirvəsinə<b style="color:red"></b>

Hamı onu zarafatcıl, qoçaq, hər kəsə ürəyi yanan biri kimi tanıyırdı. Təkcə ailəsi, bacıları deyil, məktəb, iş, döyüş yoldaşları da onun qayğıkeşliyindən, insanpərvərliyindən ağız dolusu danışırlar. Son tikəsini belə dostları, yoldaşları ilə bölən, müharibənin qızğın zamanında, topun, güllənin altında da yoldaşlarının üzünü güldürmək, eynini açmaq üçün zarafatlarından qalmayan bir oğul idi Ağaəmi.

Yaşasaydı, üç gün öncə 30 illik yubileyini qeyd edəcəkdi. Amma o, əbədiyyən 27 yaşında üzügülər, şən, qəlbi sevgi dolu gənc kimi qaldı yaddaşlarda.

Qarabağ zəfərimizi bizə yaşadan, üstündən nə qədər keçsə də, sevinci də, həyəcanı da, hüznü də öləziməyən Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir Ağaəmi Elçin oğlu Heybətov. 1993-cü il iyunun 6-da Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində anadan olub. Babasının adını daşıyan Ağaəmi ailədə iki bacının bir qardaşı, təkcə ailəsinin yox, əmilərinin də oğlu, nəslin sevimlisi idi.

2000-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, oxuduğu müddət ərzində məktəbin ən fəal şagirdləri sırasında yer alıb. Ağaəmi məktəb tədbirlərində, bilik yarışlarında iştirak edib, müəllimlərinin sevimlisi olmağı bacarıb və sertifikatlara layiq görülüb. Əla qiymətlərlə oxuduğuna görə 2004-cü ildə "Tərifnamə", 2004-cü ildə 4-cü sinfi əlaçı bitirdiyinə görə sertifikat, 2006-cı ildə futbol yarışında II yer tutduğuna görə "Fəxri Fərman"a layiq görülüb. Ta uşaqlığından qoçaq, çalışqan oğlan olan Ağaəmi məktəb tədbirlərində də öndə olmağı bacarıb. Bu çalışqanlığı, yüksək məntiqi, təhsilə, elmə olan sevgisi sayəsində idi ki, təhsildə aldığı qiymətləri ilə yaşıdlarından seçilərək şəkli məktəbin "Şərəf lövhəsi"nə də vurulmuşdu.

Hərtərəfli biliyə, müxtəlif sahələrə marağı sayəsində Ağaəmi kiçik yaşlarından təkcə məktəb dərsləri ilə yetinməmiş, fərqli istiqamətlərdə də təhsil almışdı. Məsələn, kiçik yaşlarında Buzovna qəsəbəsinin Dini İcmasının nəzdində yerləşən İmam Hüseyn məscidinin mədrəsəsində "Qurani-Kərim"in tədris kursunu bitirib və şəhadətnamə ilə təltif edilib. 2002-ci ildə Buzovna qəsəbəsində yerləşən 4 nömrəli Uşaq İncəsənət Məktəbinə qəbul olub, 2007-ci ildə qarmon kursunu bitirərək diplom alıb. A.Heybətov idmanın müxtəlif növləri ilə də məşğul olub.

Ağaəmi 2011-ci ildə 125 nömrəli tam orta məktəbin XI sinfini yüksək nəticə ilə bitirib və həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinin "Turizm və Otelçilik" ixtisasına qəbul olunub. Tələbəlik illərində də fəallıq göstərib, diqqət və məsuliyyətinə görə “Qafqaz Resort Hotel” tərəfindən sertifikata layiq görülüb. 2015-ci ildə universiteti bitirərək bakalavr dərəcəsi alıb. 2015-2016-cı illərdə hərbi xidmətdə olub.

Hərbi xidmətdə olduğu müddətdə könüllü şəkildə hər kəsdən xəbərsiz Aprel döyüşlərində iştirak edib. Hətta sonradan bu haqda ailəsinə heç bir şey danışmayıb və ailəsi bunu yalnız 4 il sonra - Ağaəmi şəhid olduğu vaxt öyrənib. Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra Ağaəmi müsabiqədən keçərək "Veysəloğlu" MMC-də satış təmsilçisi vəzifəsində işləməyə başlayıb. Həmçinin Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyi "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC-də "Proqramla idarə olunan dəzgah operatoru" vəzifəsində də çalışıb.

Qəlbi Vətən sevgisi ilə döyünən qəhrəman oğul ikinci dəfə ailəsindən xəbərsiz özü, həyatı, vətəni və hətta ailəsi üçün böyük bir addım atıb. Belə ki, 2020-ci il 27 sentyabrında İkinci Qarabağ müharibəsinin başlanması xəbərini eşidən kimi yenə də ailəsindən xəbərsiz orduya yazılıb, könüllü şəkildə cəbhəyə gedib.

Müharibədə atıcı əsgər kimi xidmət göstərən Ağaəminin döyüş yoldaşları deyirlər ki, o, döyüşlər zamanı belə zarafatlarından qalmaz, onların üzünü güldürmək üçün çalışarmış. Hətta silah dostlarına ürək-dirək verməyindən də qalmaz, "narahat olmayın bitəcək bu müharibə, qayıdacağıq" - deyərmiş. Döyüş yoldaşları danışırlar ki, bir gün onlar öz aralarında mərc gəlirlər. Belə ki, əgər oktyabrın 18-nə kimi evlərinə qayıtsaydılar, ona dönər qonaqlığı verəcəkmişlər, yox, əgər 18-dən gec olsa, o, qonaqlıq verməli imiş. Ağaəmi dediyinə əməl edir, oktyabrın 18-də artıq evində olur, amma...

Şəhid Ağaəmi Heybətov 16 oktyabr 2020-ci il Goranboy rayonunda Ağuçuq istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Oktyabrın 25-də yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Beləcə, 27 yaşlı bir gənc ömür şərəfli məqamla - şəhidliklə sonlandı. Müharibə onun arzularını, ümidlərini ürəyində qoydu, ailəsinin onunla bağlı bütün diləklərini puç elədi. Amma bu gün Ağaəminin ailəsinin də, sevənlərinin də, bütöv bir xalqın da tək təsəllisi onun bu yurd uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasıdır. Elə bir zirvə ki, onu əldə etmək, ona layiq olmaq hər kəsə qismət olmaz. Adı kimi ömür yaşayan igid qəhrəmanımız o zirvəyə ucalaraq qədim bir ölkənin şanlı tarixində, böyük bir millətin qəlbində əbədi həyat qazanmağı bacardı.

 





08.06.2023    çap et  çap et