|
|
|
|
İçərişəhərdə təşkil olunan V Milli Kitab Sərgisi çərçivəsində yazar Səidə İkigainin oxucularla görüşü və kitablarının təqdimatı keçirilib. Müəllif oxuculara "Nikbinliyin sirri" və "Uşaqlarla necə ünsiyyət saxlamalı?" adlı kitablarını təqdim edib.
525.az-ın məlumatına görə, yazar bildirib ki, "Uşaqlarla necə ünsiyyət saxlamalı? kitabı sadəcə uşaq psixologiyası üzrə əsər deyil: "Mən bura öz analıq təcrübəmin də bir hissəsini qoymuşam, öz səhvlərim və nəaliyyətlərim barədə dürüstlüklə yazmışam. Bu kitabın oxunub bir kənara atılmasını və unudulmasını heç istəmirəm. Qoy, bu kitab sizə, övladınıza və tanışlarınıza faydalı olsun. Düşünürəm ki, siz faydalı, sadə, istifadəsi asan olan bir çox maraqlı ideyalarla tanış olmaq imkanı qazanacaqsınız.
Bu kitab övladının sadəcə uğurlu olması, ətrafa “tərbiyəli uşaq” modelini vermək istəyən valideynlərdən əlavə, övladını daha xoşbəxt edə bilmənin yollarını axtaran valideynlər üçün yazılıb. Bu, uşaqlarla necə düzgün ünsiyyət qurmaq barədə məntiqli, anlaşılan, maraqlı və bəzən kiçik yumor hissi ilə yazılan bir kitabdır".
"Psixoloji janrda qələmə alınan "Nikbinliyin sirri" kitabı isə insanın ruhi vəziyyətinin, daxili aləminin əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin, xoş hisslər yaradan, insanı düşündürən, onun özünü dərk etməsinə və həyatda nikbin yaşaya bilməsinə kömək edə biləcək bir kitabdır" - deyə müəllif qeyd edib. O deyib: "Elmi məlumatlar, tədqiqat nəticələri, şəxsi və uğurlu insanların tərcübəsinə söykənərək, bəzi məlumatları bu kitabımda sadə və başa düşülən şəkildə izah etməyə çalışdım. Qoy bu kitab sizə daxilinizdəki sevgi ilə dolu və sizi olduğunuz kimi qəbul edən "Sizi" tapmaqda kömək etsin".