525.Az

BDU əməkdaşları İtaliyada konfransda


 

BDU əməkdaşları İtaliyada konfransda<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Mustafa Muradov və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda professor Stefano Belluccinin rəhbərliyi ilə ənənəvi “Nanoelm və nanotexnologiya 2023” (Nanoscience and Nanotechnology 2023) konfransında məruzə ediblər.

BDU-dan 525.az-a bildirilib ki, Mustafa Muradovun məruzəsi “Termik tablama və qamma radiasiyanın GO/PVS əsasında nanokompozitlərin struktur və optik xassələrinə təsiri” mövzusuna həsr olunub. Məruzədə termik tablama zamanı temperaturdan asılı olaraq diffuziya proseslərinin qrafen oksidinin polimerdə paylanmasına, qamma şüaların nanokompozitlərin struktur və optik xassələrinə təsirindən danışılıb. Qamma şüaların təsiri ilə kompozitlərin kimyəvi tərkibi və optik xassələrinin dəyişdirilməsinin mümkünlüyü vurğulanıb.

Lalə Qəhrəmanlı isə “Fotokatalitik boya deqradasiyası üçün yeni Ag-Ag2S-CdS nanokatalizatorlarının istifadəsi” mövzusunda dəvət olunmuş məruzəçi kimi çıxış edib. Çıxışda yeni növ funksional Ag-Ag2S-CdS hibrid nanokatalizatorlarının xassələrinin öyrənilməsi ilə yanaşı, onların boyaq maddələrinin fotodeqradasiya prosesində effektivliyi haqqında məlumat verilib. Lalə Qəhrəmanlı konfransda yerli təşkilat komitəsinin üzvü olmaqla yanaşı, sessiyalarda sədr olaraq da fəaliyyət göstərib.

Konfransda aparılan müzakirələr nəticəsində elmi tədqiqat və təhsil sahələrində birgə layihələrin hazırlanması haqqında razılığa gəlinib.

Sevinc Qarayeva 

 





08.06.2023    çap et  çap et