525.Az

Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər


 

Natiqlik sənətinə yiyələnmək: mühüm anlayışlar, əsas istiqamətlər<b style="color:red"></b>

Bugünün şagirdləri - sabahın tədqiqatçıları

Artıq 4-cü ildir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Muxtar Respublikanın Təhsil Nazirliyilə birgə "Sabahın tədqiqatçıları" adlı layihəni həyata keçirməkdədir. Bu layihənin məqsədi tam orta məktəblərin yuxarı sinif şagirdlərində elmi-tədqiqat işlərinə maraq oyatmaq, onları öz istəklərinə müvafiq surətdə elmin hər hansı bir sahəsinə yönəltmək, ali ixtisas seçimlərinə köməklik göstərməkdir. Həmçinin elmi məqalələrin yazılması vərdişlərini mənimsətmək, ən əsası isə milli tariximiz, dilimiz, ədəbiyyatımız, folklorumuz, incəsənətimiz, memarlığımız, ümumilikdə mədəniyyətimiz haqqında daha ətraflı, elmi şəkildə bilik toplamalarına şərait yaratmaq da qarşıya qoyulan məqsədlər sırasındadır.
Cari tədris ilində AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan şəhərindəki müxtəlif tam orta məktəblərin 5 nəfər şagirdi həmin layihə əsasında elmi tədqiqat işinə cəlb olunub. Şagirdlər institutun müvafiq şöbələrindəki əməkdaşlar arasından seçdikləri elmi rəhbərlərinin köməkliyilə maraqlandıqları mövzular üzrə araşdırmalar aparıblar. Bu araşdırmalar əsasən dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq və onomastika üzrə aparılıb, sevindirici nəticələr qazanılıb.

İlk dəfə olaraq ötən tədris ilindən layihə çərçivəsində yeni bir sahə - sənətşünaslıq üzrə də tədqiqat mövzusu seçilib və aparılan araşdırmalar əsasında maraqlı nəticə əldə olunub. Bu tədris ilində isə İslam Səfərli adına Naxçıvan Şəhər 1 nömrəli Tam Orta Məktəbin XI sinif şagirdi, nitq mədəniyyətinə böyük marağı olan Canan Bəxtiyar qızı Səfərova, elmi rəhbəri olaraq bizim tövsiyəmizlə, "Natiqlik sənətinə yiyələnmənin əsas istiqamətləri" mövzusu üzərində kompleks araşdırmalar aparıb və yekun olaraq özünəməxsus məzmunda bir məqalə hazırlayıb. Həmin məqaləni oxuculara təqdim edirik.
Ələkbər Qasımov 
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 

Məndə nitq mədəniyyətinə maraq təxminən iki il əvvəl yaranıb.  IX sinfi bitirəndən sonra, yay tətili müddətində bir televiziya verilişini izlədim. Telekanalların birində bu mövzuya, daha dəqiqi kütləvi informasiya vasitələrində dilimizin qayda-qanunlarına əməl olunmasının vəziyyəti, şifahi nitqin incəlikləri, natiqlik sənəti barədə maraqlı diskussiya gedirdi. Burada səslənən fikirlərdən bu sahədə bilmədiyim çox şeyi öyrəndim. Bundan sonra müxtəlif teleradio kanallarında əsasən "Xəbərlər"i dinləməyə başladım. 

Oxunuşları müqayisə edir, onlardakı oxşar və fərqli cəhətləri incələyir, intonasiya və vurğularla sözlərin tələffüzünü araşdırır, ən doğru-düzgün danışan diktor və aparıcıları özüm üçün müəyyənləşdirir, öz danışığımda da onlara bənzəmək istəyirdim.

Nəhayət, XI sinifdə "Sabahın tədqiqatçıları" layihəsinə qoşuldum. Nitq mədəniyyətinin incəliklərinə yiyələnmək arzumu layihə rəhbərinə bildirdim. Digər iştirakçılar kimi mən də layihə rəhbərilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə gəldim. Burada mənə bildirildi ki, arzumu İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda, nitq mədəniyyəti üzrə Muxtar Respublikada peşəkar və təcrübəli mütəxəssis kimi tanınan Ələkbər Qasımovun sayəsində gerçəkləşdirə bilərəm. İlk tanışlıqdan sonra Ələkbər müəllimin də razılığı ilə onu bu layihədə özümə elmi rəhbər seçdim. Birinci söhbətimiz əsnasında öyrəndim ki, elmi rəhbərim bu institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir və eyni zamanda NDU incəsənət fakültəsində aktyor sənəti ixtisası açıldığı vaxtdan burada səhnə danışığı fənnini tədris edir. Azərbaycan Teatr Xadimləri İttifaqının və Jurnalistlər Birliyinin üzvüdür.

Artıq bir aydan sonra elmi rəhbərimin maraqlı söhbətləri, elmi tövsiyələri və məşğələləri əsasında mənimsədiklərimi gündəlik həyatımda tətbiq etməyə başlamışdım. Təkcə Azərbaycan dili və ədəbiyyatı dərslərində deyil, digər fənlər üzrə dərslərdə də lövhə qarşısına çıxanda tələffüzümə ciddi nəzarət edir, aydın, səlis, ifadəli, orfoepiyaya uyğun olaraq və vurğuları düzgün ifadə edərək danışmağa çalışırdım.

Eyni zamanda araşdırmalara başlayaraq natiqlik sənətinin tarixilə maraqlanır, bu barədə kitab və məqaləyə rast gələn kimi onları həvəslə oxuyurdum. Məhz bunun nəticəsində öyrəndim ki, dünyada ilk və mükəmməl natiq Yunanıstanda yaşamış məşhur Demosfen olub.

Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynayıb. Onun natiqlik sənətinə mükəmməl yiyələnməsi heç də asan yolla olmayıb. Nitq orqanları qüsurlu olan Demosfen sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, uşaqlıqdan düçar olduğu tik xəstəliyindən xilas olmaq - danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Çiynindən axan qana məhəl qoymadan danışmağa davam etmiş və nəhayət. bir neçə aydan sonra bu yolla çiyin atmağı tərgitməyə nail olmuşdu.

Səsini inkişaf etdirmək məqsədilə sahildə dayanıb ucadan qışqırar, öz səsilə dalğaların səsini boğmağa çalışan Demosfen uzun müddətli belə məşqlər sayəsində natiqlik sənətinin zirvəsinə yüksəlib. Demosfenin tələffüzü, danışıq tərzi aydın, anlaşıqlı idi. O özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları və sair ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen öz nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa, düzgün siyasət yeritməyə çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük ehtiras və inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər. Siseron onun haqqında demişdi: "Kim Demosfen olmaq istəmirsə, o, natiq deyil!"

Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət xalqın ədəbi-estetik fikrilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin şərh, risalə, təzkirə, bədii əsərlərində yaranmış, təşəkkül tapmışdır. Bu mənbələrdə sözün qüdrətilə bağlı dəyərli fikirlər söylənilib.

Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin təməl daşı kimi qiymətləndirilib, xilqətin əzəlinin söz olduğu təlqin edilib. Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək dəyərləndirmişlər. Bəşər tarixini obyektiv təhlil edən babalarımız belə bir nəticəyə gəlmişlər ki, insan cismən yox olsa da, onu tarixdə yaşadan sözdür. Bizim çağdaş tariximiz sözün tarixidir. Hər hansı bir tarixi dövrü mənəvi aləmimiz, söz tariximizlə ölçür, qiymətləndiririk. Məsələn, Nizaminin dövrü, Nəsiminin dövrü, Füzulinin dövrü, Vaqifin dövrü və sair Nizami dövründə yaşamış sərkərdələr, hökmdarlar ancaq Nizamiyə görə tanınır, yad edilirlər. Çünki dəfələrlə qeyd olunduğu kimi söz müqəddəs, sözü cilalayan ustad isə müqəddəslər müqəddəsidir. Söz güldürür, söz ağladır, söz sevindirir, kədərləndirir, ümid verir, ümid qırır. Antik dövrün qüdrətli loğmanı, böyük mütəfəkkir Hippokrat deyib ki, təbabət üç nəhəngin çiynində dayanır: bitki, bıçaq, söz. 

Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan Nəsirəddin Tusi öz əsərlərində sözün qüdrətinə, natiqlik sənətinə yüksək qiymət verib. Gözəl nitqi millətin mədəniyyət göstəricilərindən biri sayan  N.Tusi qeyd edirdi ki, gözəl nitq üçün birinci növbədə dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi, yəni həmin dildən istifadə edənlərin hazırlığı tələb olunur. O, nitq mədəniyyətinin əsas şərtləri olan düzgünlük, ifadəlilik və dəqiqliyə xüsusi fikir vermiş, hamının eyni dərəcədə dilin qayda-qanunlarına riayət etməsini zəruri sayıb.

Bu hamını cəlb edən mükəmməl nitq mənbəyi teleradio nitqidir. Buna efir nitqi də deyilir. Ekran nitqi kütləvi informasiya vasitələrindən ən dəyərlisidir. Bu nitq həm yazılı, həm də şifahi nitqin xüsusiyyətlərini özündə birləşdirir. Efir nitqi monoloji və dialoji formalarda olur, məzmun hərəkəti təsvir və səs ifadəsilə dinləyiciyə çatdırılır. Televiziya verilişləri zamanı bəzən təsvir, bəzən də sözün rolu ön plana çəkilir. Şübhəsiz ki, hər bir halda sözün, nitqin publisistik funksiyası daha geniş olur.

Çoxmilyonlu auditoriya üçün səsləndirilən bu nitqdə ədəbi dilin normalarına ciddi bir şəkildə riayət olunur. Danışan fikrini çatdırmaq üçün münasib formaları tapmağa, dilin sinonimik vasitələrindən yerli-yerində istifadə etməyə, cümlələri düzgün qurmağa çalışır. Burada orfoepik normaları, ədəbi tələffüz qaydalarını gözləmək daha vacib sayılır. Teleradio ədəbi dilin, xüsusilə orfoepik tələffüzün təbliğatçısı, yayıcısı, tənzimləyicisi olduğundan bu verilişlərdə həmin qaydalara xüsusi qayğı və tələbkarlıqla yanaşılır, əməl edilir və tələb olunur ki, danışanın nitqi diksiya baxımından aydın olsun, səslər öz məxrəcində deyilsin. Hər bir söz, söz qrupu ədəbi tələffüz qaydalarına uyğun, aydın, emosional və təsirli bir şəkildə tələffüz edilsin.

Ədəbi tələffüz təkcə səs və sözlərin düzgün deyiliş qaydalarından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi ünsürlər də bu anlayışa daxildir. Bu mənalı səslənmə vasitələrindən düzgün istifadə efir nitqinin gözəlliyi, təsir effekti baxımından olduqca əhəmiyyətlidir.
(Ardı var)
 

Canan SƏFƏROVA,
İslam Səfərli adına Naxçıvan Şəhər 1 nömrəli Tam Orta Məktəbin XI sinif şagirdi 

 

 





08.06.2023    çap et  çap et