525.Az

Qərib Mehdinin 50-ci kitabı - "Xatırla ki, yaşayım"


 

Qərib Mehdinin 50-ci kitabı - "Xatırla ki, yaşayım"<b style="color:red"></b>

Tanınmış ədibimiz, Əməkdar jurnalist Qərib Mehdinin yeni işıq üzü görən, belə demək mümkünsə, "yubiley saylı" kitabı AMEA Gəncə Bölməsində təqdim və müzakirə olunub. Qocaman yazıçının və onun yeni kitabının görüşünə Bölmənin əməkdaşları ilə birlikdə Gəncənin yaradıcı mühitinin təmsilçiləri də qatılıblar.

AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev görkəmli qələm ustasını bu elm ocağında görməkdən və onunla ünsiyyətdən şad olduğunu dilə gətirərək, yazıçını yeni kitabının çapı münasibətilə təbrik edib. O, Qərib Mehdinin Nizami yurdunun, eləcə də ölkəmizin ədəbi-publisistik mühitinin çox dəyərli simalarından biri olduğunu vurğulayıb.

Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, AMEA Gəncə Bölməsinin şöbə müdiri Ruziyə Quliyeva, Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxrtarov,  Mir Cəlal Paşayevin Gəncədəki Ev-Muzeyinin direktoru İradə Paşayeva,  "Gəncənin səsi" qəzetinin əməkdaşı, publisist Firəngiz İsmayılova, eləcə də AMEA Gəncə Bölməsinin əməkdaşları - filoloqlar, həmçinin elmin digər sahələrində çalışan ədəbiyyatsevərlər Qərib Mehdinin ömür və yaradıcılıq yolundan danışıblar. Onun əsərlərinin məziyyətlərindən Azərbaycan ədəbiyyatına xidmətlərindən söz açılıb.

87 yaşlı yazıçı "Xatırla ki, yaşayım" kitabında 50 nəfəri Gəncədə, 50 nəfəri isə Bakıda yaşamış, ictimai və mədəni həyatımızda iz qoymuş, dünyasını dəyişmiş görkəmli şəxslərlə bağlı xatirələrdən ibarət olan bu nəşri, özünün 50-ci kitabını Gəncənin başlıca elm ocağında təqdim etməkdən məmnun olduğunu bildirib. Q.Mehdi görüşün təşkilatçılarına təşəkkür edərək, yazıçı üçün hər bir əsərin mənəvi və fəlsəfi yükünün cəmiyyətə təsirinin vacibliyini nəzərə çatdırıb.

Zakir MURADOV,
Gəncə

 





09.06.2023    çap et  çap et