525.Az

Daşkəsəndə ilk əmək yarmarkası təşkil olunub


 

Daşkəsəndə ilk əmək yarmarkası təşkil olunub<b style="color:red"></b>

İş axtarışında olan vətəndaşlara dəstək məqsədilə Daşkəsəndə, bu rayonun tarixində ilk dəfə olaraq, əmək yarmarkası keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən filialı tərəfindən təşkil olunan bu tədbirə 300 nəfərə yaxın işaxtaran qatılıb. Yarmarkada 18 idarə, müəssisə və təşkilat tərəfindən vətəndaşlara 200-ə yaxın iş yeri təklif edilib. Vakant yerlərin təxminən 80-i dövlət, 120-si isə özəl təşkilatların payına düşüb. Yarmarkaya çıxarılan boş iş yerləri həkim, tibb bacısı, mühafizəçi, fəhlə, qulluqçu, aşpaz və digər peşə və xidmət növlərinə aid olub. İş yerləri üzdə təklif olunan əmək haqlarının məbləği 350-900 manat həddində olub.

Yarmarkada işsiz vətəndaşların istəklərinə uyğun olaraq, peşə təlimi kurslarına da göndərişlər verilib. Onlar təyin olunan qrafiklə kurslara cəlb edilən müdətdə minumum əmək haqqı ilə də təmin ediləcəklər.

"Dövlət Məşğulluq Agentliyinin əsas məqsədlərindən biri də vətəndaşın hansısa peşəyə yiyələnərək işləməsi istəyinin təmin edilməsidir. Əgər vətəndaşın bu baxımdan çətinliyi varsa onlar regional filiallar tərəfindən peşə hazırlığı mərkəzlərinə göndərilirlər. Biz də onların peşə tədrisini təmin edirik və bundan sonra vətəndaş iş yeri ilə təmin olunur", - deyə Gəncə Peşə Haırlığı Mərkəzinin baş mütəxəssisi Orxan Əyyubov bildirib.

"Yerlərdə mütəmadi keçirilən dəyirmi masalar, görüşlər, əmək yarmarkaları iş axtaranlarla iş təklif edənlər arasında birbaşa təmas yaradan aktiv məşğulluq tədbirləridir", - deyə  Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov qeyd edib.

Filial tərəfindən Daşkəsən rayonundan əvvəl Gəncə və Goranboyda əmək yarmarkası keçirilib. Növbəti mərhələdə bu cür tədbirlər Naftalan və yenidən Gəncədə təşkil ediləcək.

Zakir MURADOV
Daşkəsən-Gəncə

 





09.06.2023    çap et  çap et