525.Az

Ermənistanın Arazdəyəndə metallurgiya zavodu inşa etməsi böyük risklər yaradır


 

MİLLƏT VƏKİLİ NAQİF HƏMZƏYEV: "ERMƏNİSTAN EKOLOGİYANIN QORUNMASI ÜÇÜN HEÇ BİR ADDIM ATMIR"

Ermənistanın Arazdəyəndə metallurgiya zavodu inşa etməsi böyük risklər yaradır<b style="color:red"></b>

Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın işğalda saxladığı müddətdə ətraf mühitə, bioloji müxtəlifliyə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vuraraq, ölçüyəgəlməz ekoloji terror törədib. Eyni zamanda ərazilərimizdə olan təbii sərvətləri talayıb, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalıb. Bu gün azad olunmuş Azərbaycan əraziləri klassik urbisid, kultursid və ekosid nümunələridir. Təəssüf ki, Ermənistan öz addımları ilə  bu cür əməllərindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. İrəvan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq eyni əməlləri törətməkdədir. Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq, zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Metallurgiya zavodu layihəsi ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın sosial media hesabında videogörüntülər yayılıb. Qeyd edilən fakt bir daha Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını kobud surətdə pozması deməkdir. Espo Konvensiyasına görə, iştirakçı tərəf öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Həmçinin, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə Azərbaycanın və təsirə məruz qalan ərazilərdə ictimaiyyətin transsərhəd ətraf mühitə təsirin qiymətləndirilməsi prosedurunda iştirakını təmin etməli idi. Yada salaq ki, bir müddət əvvəl Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Azərbaycan Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı iddia irəli sürüb və Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılıb.

Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri Azərbaycanla yanaşı ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrilib.

Azərbaycanın ekoloji yönümlü QHT-ləri yeni ekoloji fəlakətə yol açacaq bu layihə ilə bağlı bəyanatlarında öz narahatlıqlarını dilə gətiriblər. Onlar həmçinin, ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar. Vurğulanıb ki, metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək planı geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.  O bildirib ki, vaxtilə Arazdəyən-Culfa-Ordubad-Meğri-Horadiz xətti üzrə Araz çayı boyunca dəmir yolu işlək olub. Ərazidə zavodun tikintisinə 70 milyon dollar Amerika sərmayəsinin qoyuluşu nəzərdə tutulur. Ekoloji xətt əsas götürülməklə, bu ərazilər məhv olacaq.

Deputat əlavə edib ki, xüsusilə nəzərə alsaq ki, Naxçıvan və Türkiyənin Ermənistanla sərhəd olan ərazisində ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal olunur və bu ərazilərdə kənd təəsrrüfatı yüksək səviyyədə inkişaf edib, metallurgiya zavodunun tikintisi ilə bu ərazilərdə həm ekosistem məhv olacaq, eyni zamanda, əhalinin məşğulluq problemi daha da gərginləşəcək, burada kənd təəsrrüfatını inkişaf etdirmək hansısa müsbət nəticə verməyəcək: "Bu baxımdan həm Azərbaycanın, həm də Türkiyənin QHT-ləri və ictimai fəalları problemin həlli ilə bağlı məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Bacardığımız qədər çalışmalıyıq ki, burada belə bir metallurgiya zavodu tikiləcəyi təqdirdə ən müasir avadanlıqlar tətbiq edilsin, zəhərli maddə və tullantıların təbiətə axıdılması, yaxud havaya tüstü buraxılması zamanı xüsusi müasir filterlər mütləq quraşdırılsın. Əks təqdirdə, belə bir metallurgiya zavodunun tikintisinə qətiyyən icazə vermək olmaz. Ümumiyyətlə, belə bir zavodun tikintisi bu ərazinin ekosisteminin məhvinə gətirib çıxara bilər".

N.Həmzəyev vurğulayıb ki, Ermənistan tərəfi ekologiyanın qorunması üçün heç bir addım atmır: "Xüsusilə Qafan ərazisində faydalı qazıntıların istehsalı ilə əlaqədar Oxçuçay və Araz çayına tullantılar axıdırdılar. Bunun nəticəsində həmin ərazidə ekoloji böhran yarandı. Metsamor Atom Elektrik Stansiyasının da fəaliyyəti təhlükəlidir. Onun fəaliyyətinin dayandırılmasını Ermənistan tərəfi həyata keçirmir. Buna paralel olaraq Naxçıvan və Türkiyə sərhədinə yaxın ərazidə belə iri metallurgiya zavodunun tikintisi də növbəti ekoloji problemlə qarşılaşmağa xidmət edəcək. Bu baxımdan bu zavodun tikintisinə qətiyyən icazə vermək olmaz. Çalışmaq lazımdır ki, ABŞ-ın bu layihəyə sərmayə qoyacaq tərəflərini inandıraq ki, belə bir metallurgiya zavodunun burada tikintisinə ehtiyac yoxdur. Yaxud bu başqa bir ərazidə tikilsin".

 

 





09.06.2023    çap et  çap et