Sara Əzimova, sosial şəbəkə istifadəçisi:
- Naxçıvanımız üçün xeyrli-uğurlu olsun
Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvana aviareyslər təşkil ediləcək.
Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infrastrukturu yenilənəcək.
Naxçıvanda azad iqtisadi zona yaradılacaq, vergi güzəştləri tətbiq olunacaq.
"Nobel Energy" Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikəcək.
Naxçıvanda ixracyönlü sənaye sahəsi yaradılacaq.
Muxtar respublikada mütərəqqi kənd təsərrüfatı təcrübələri tətbiq olunacaq.
Türkiyədən Naxçıvana təbii qaz xətti çəkiləcək.
Dövlət Proqramı Naxçıvanın tarixi memarlıq abidələrinin UNESCO-nun siyahısına salınması üçün iş aparılacaq.
Naxçıvanda aqroparklar yaradılacaq.
Naxçıvanda ingilisdilli orta məktəb. yaradılacaq.
Naxçıvanın enerji sistemi Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Assosiasiyasının şəbəkəsinə qoşulacaq.
Naxçıvanda Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaq.
Naxçıvanın turizm atlası hazırlanacaq.
Naxçıvanda sənaye parkı yaradılacaq.
Naxçıvanda yeni internat məktəbi tikiləcək.
Naxçıvanda yeni özəl təhsil və tibb müəssisələri açılacaq.
Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.
Naxçıvanda ictimai nəqliyyatın keyfiyyəti artırılacaq.
Naxçıvanda güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzi yaradılacaq.
Naxçıvanda xüsusi gömrük rejimi yaradılacaq
(Naxçıvan Muxtar Respublikasinin sosial-iqtisadi inkişafina dair 2023-2027-ci illər üçün Dövlət Proqramından əsas başlıqlar).
Asif Nərimanlı, jurnalist:
- Ermənilərin Qarabağdan köçü davam edir: son 5 gündə 100-ə qədər erməni Qarabağdan Ermənistana köçüb.
Bunu separatçıların qondarma "ombudsmanı" Qeqam Stepanyan təsdiq edir və deyir ki, "100-ə qədər erməni Ermənistana köçüb, 110 nəfərə qədəri qayıdıb".
Stepanyanın da təsdiq etdiyi kimi, söhbət getməkdən yox, köçməkdən gedir. Bu, gedənlərin birtərəfli marşrut seçdiyi deməkdir. Lakin qayıdanlarla bağlı deyilənlərin separatçıların təbliğatı olduğu da şübhəsizdir.
- gedən ermənilərin görüntüləri var, amma qayıdanların yox;
- ermənilər mövcud vəziyyətdə Qarabağda qalmaq istəmədiklərini, Laçın postundan keçid şəraiti yaranan kimi bölgəni tərk edəcəklərini əvvəldən deyirdilər.
İndiyə qədər onların Laçın postundan keçidinə separatçılar imkan vermirdi və hesab edirdilər ki, postun ləğv edilməsinə nail olacaqlar. Lakin Nikolun "Qarabağ Azərbaycandır" bəyanatı, Əliyevin separatçılar üçün "amnistiya çağırışı" və beynəlxalq müstəvidə bunun dəstəklənməsindən sonra getmək istəyənlərə şərait yaradılır. Erməni mediası bunu Xankəndindəki separatçıların mövcud vəziyyətlə barışması ilə əlaqələndirir, qarşıdakı dövrdə gedənlərin daha çox olacağını yazır.
Bu görüntülərdəki ermənilərin hazırlıq əhval-ruhiyyəsi də real vəziyyəti özündə əks etdirir.
lll
Hakan Fidanın xarici işlər naziri təyin edilməsindən sonra Milli İstihbarat Təşkilatının sədri vəzifəsinə İbrahim Kalın təyin olunub: son illər Türkiyənin önə çıxan beyinlərindəndir, onun qurduğu SETA mərkəzi dərin araşdırmaları ilə diqqət çəkir.
İbrahim Kalın Azərbaycana xüsusi sevgisi olan şəxs kimi tanınır, lakin bu bağlılıq təkcə Ərdoğanın yürütdüyü siyasi xətdən yox, şəxsi amillərdən də qaynaqlanır.
Bununla bağlı Cəmaləddin Quliyevin maraqlı qeydləri var: "İbrahim Kalının Azərbaycana bağlılığı ərzurumlu olması, ailə-məişət dilinin Azərbaycan türkcəsi (dadaş ləhcəsi) olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir, sözü və melodiyası İbrahim Kalına aid bəstələr "azəri türküsü" adı ilə ifa olunur".
Hakan Fidanın XİN-ə, İbrahim Kalının MİT-ə gətirilməsi Türkiyənin "Yeni yüzillik" adlandırdıqları dövrdə regional güc rolunu daha da möhkəmləndirmək və qlobal proseslərdə təsiredici oyunçuya çevrilmək planından xəbər verir.
Fərid Pərdəşünas, texnobloger:
- London mərkəzli və əsasən xanımların pullu abunəlik qarşılığında intim video və fotolarını satdığı "OnlyFans" platforması Türkiyədə qadağan edildi. Bu barədə rəsmi açıqlama hələ olmasa da, bir müddət əvvəl sosial şəbəkədə başlayan "qapadılsın!" kampaniyası an etibarilə platformaya Türkiyədə girişi mümkünsüz edib. Bu platformada türk "OnlyFans" məşhurları intim görüntüləri ilə aylıq 10000 dollar üzəri qazanc əldə edə bilirdilər.
Yeganə Hacıyeva, politoloq:
- Bugünkü beynəlxalq nizamın mövcud vəziyyəti belədir :
Bu gün üç gündür ki, Avropanın mərkəzində su elektrik stansiyası partladılıb, şəhər, qəsəbə və kəndlər flora və faunası ilə su altında qalıb.
BMT-nın məsələyə münasibəti baş katibi Antonio Quterreş və nümayəndəsi Stefan Düjarrikın quru bəyanatından uzağa getməyib.
BMT Təhlükəsizlik Şurasının daimi üzvlər nümayəndəliyindən də bir dənə qeyri-daimi üzv Albaniyanın nümayəndəsinin bir az səsi çıxıb.
Bu insanlığa qarşı cinayətin operativ araşdırılması ilə bağlı beynəlxalq faktaraşdırıcı missiyanın yaradılması haqqında isə ancaq bu gün Türkiyə Prezidenti təklif irəli sürüb.
SES-in partladılmasına belə laqeyd münasibət Zaporojestdəki AES-in də aqibətini həll edir.
AES reaktorların soyudulması üçün suyu Kaxovka su anbarı təmin edir.
Böyük ehtimal, belə getsə, o da partlayacaq...
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- 3-cü magistral provayderin gəlişi nələri dəyişəcək?
Xaricdən internet trafiki daşıyaraq ölkəyə gətirən iki magistral (backbone) provayderimiz var, "Delta Telekom" və "AzerTelecom". Hansı ki, digər 200 provayder interneti bu iki qurumdan alaraq bizlərə satırlar.
Bir müddət öncə dövlət operatoru olan "Aztelekom"un da magistral provayderə çevrilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Qurum bu istiqamətdə araşdırmalar apardığını bildirmişdi.
Əldə etdiyimiz son məlumatlar da onu göstərir ki, 3-cü backbone provayder reallaşmaq üzrədir.
3-cü magistral provayder Azərbaycanın internet bazarında nələri dəyişəcək?
Ötən gün "Baktelecom" bildirib ki, 1 Gbit/s internet sürəti verməyə hazırdı.
Çox ciddi mesajdır.
Güman ki, "Baktelecom" yaxın perspektivdə aldığı və satdığı trafikin həcmini xeyli qaldıracaq.
Nəzərə alsaq ki, "Baktelecom" və "Aztelekom" ölkənin ən böyük provayderləridir, məsələnin ciddiliyi məlum olur.
Hər iki operator ölkənin əsas internet təchizatçısı olan "Delta Telekom"dan indiyədək təxminən 300 Gb-dən çox trafik alırdı.
Bu isə "Delta"nın xaricdən aldığı toplam tutumunun çox böyük hissəsini təşkil edir.
RİNN-nin "Onlayn Azərbaycan" layihəsi və internet sürətin 1 Gbit/s ilə bağlı mesajları göstərir ki, yaxın perspektivdə bu operatorların "Delta"dan aldığı trafik kəskin artacaq.
Beləliklə, təxmini hesablamaqla müəyyən etmək olar ki, RİNN-nin hər iki operatoru hər ay aldıqları trafikə görə "Delta"ya toplam 1-2 milyon manat ödəniş edirlər.
Eyni zamanda, zaman-zaman bəzi provayderlər aldıqları trafikin beynəlxalq deyil, daxili trafik olduğunu vurğulayırlar və ödənişin buna uyğun hesablanmasını istəyirdilər.
Düşünmək olar ki, 3-cü magistralın gəlişi həm də bununla bağlıdır.
Yəni görünür ki, dövlət operatorları artıq bu tip böyük ödənişləri etməyi arzulamırlar.
Nəzərə alsaq ki, dövlət şirkəti olan "Azercell" və RİNN-nin digər qurumları da "Delta"dan xeyli trafik alır, şübhəsiz ki, yeni operatorun bazara daxil olması xeyli dəyişiklik yaradacaq.
Bizim rəqəmsal bazar onsuzda çox kiçikdir.
RİNN operatorlarının "Delta"dan ayrılması, güman ki, bu operatora təsirsiz ötüşməyəcək. Ölkənin ən qədim telekom operatoru olan "Delta Telekom" əvvəldən də artıq yerli bazardan daha çox qonşu ölkələrə, İrana və onun vasitəsilə Asiya istiqamətində trafik satdığını açıqlamışdı.
Düşünmək olar ki, "Delta" bu istiqamətdə, xarici bazarlara yönəlik biznesi daha da canlandırmağa çalışacaq.
Bununla belə, mövcud geopolitik durumda, İranla bağlı sanksiyaları da nəzərə alsaq, bu istiqamətdə də risklər qaçılmazdır.
Yeri gəlmişkən, hökumətin, həmçinin yeni tənzimləyici qurumun, İKTA-nın da 3-cü magistral provayder məsələsində, onun bazarda yaradacaq yeni situasiyada, internet bazarında dövlətin xüsusi çəkisinin artması və rəqabətin azalacağı fonunda mövqeyi maraqlıdır.
Xatırladıram ki, 3-cü magistral provayderin bazara daxil olması bir neçə il öncə təsdiqlənmiş Strateji Yol Xəritəsində də öz əksini tapmış, lakin o zamanlar bunu reallaşdırmaq mümkün olmamışdır.
Mir Səməd, bloger:
- Ərazidə olan yoldaşlar paylaşım edirlər ki, yenə Koroğlu körpüsündə intihara cəhd var. Körpünün üstü dolub adamla, çıxarıblar telefonlarını, Tik-Tok üçün axşama yeni süjetlər hazırlayırlar.
Yadımdadır, bir neçə il əvvəl ardıcıl intihar cəhdlərindən sonra körpüdə mühafizə polisinin maşınını saxlamışdılar, düzdür, içində polis nəfəri yox idi. Amma ora qalxıb, özünü atmaq istəyən də neçə vaxt idi ki, yox idi.
Təəssüfedici xəbərlərdir... Səhər də jurnalist həmkarımızin intihar cəhdinin qarşısını son anda polislərimiz alıb.
Ümumiyyətlə, problemi özünə qəsd etməklə, yaxınlarını daha ağır vəziyyətlə qarşılaşdırmaqla, həll edə bilməzsən.
Mübarizə aparmaq lazımdır.
Xaqani Səfəroğlu, jurnalist:
- Lenin 54 yaşında ölməsəydi, 1945-ci ildə 75 yaşı olacaqdı... Qələbə qazanılan ildə...
Görəsən, 37-ci il olacaqdımı? Mikayıl Müşfiqi güllələyəcəkdimi? Hüseyn Cavid Sibirdəmi öləcəkdi?
Stalin nə edəcəkdi? SSRİ-nin taleyi necə olacaqdı?
Sual əbədidir: Tarixi kim yaradır?