525.Az

Ac mikroblar və ...Mirzə Cəlil - Əlisəfdər Hüseynov yazır


 

Ac mikroblar və ...Mirzə Cəlil - <b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

Dahi, korifey ədib dedikdə, nədənsə, adamın xəyalında qalın-qalın romanlar yaradan söz ustalarının əlçatmaz obrazları canlanır - sanki alternativ variant yoxdur (yaxud ola bilməz).

Lakin milli ədəbiyyatımızda bu ilğımı dağıdan, bizi xırda hekayələr, felyetonlar, "nazik" povest yaza-yaza da dahi olmağın mümkünlüyünə inandıran müdrik bir şəxsiyyət var: Cəlil Məmmədquluzadə!

O, nə fəlsəfi traktat yazıb, nə də qalın-qalın romanlar, lakin Mirzə Cəlil zirvəsi Azərbaycan ədəbiyyatının uca, əlçatmaz zirvələrindən biridir. Mirzə Cəlil yaşı yüz illərlə ölçülən qədim bir ədəbiyyatın inkişafında, yeni keyfiyyətlərlə, obrazlarla zənginləşməsində müstəsna xidmətləri olan söz ustası, millətin mənəvi tərəqqisi yolunda öz ürəyini, sənətkar vicdanını məşələ çevirən cəfakar vətəndaşdır.

XX əsrin əvvəllərində rus imperiyasının güclü "mənəvi özəlləşdirməyə" məruz qoyduğu Azərbaycanda ziyalılar, düşünən insanlar xalqı bu fəlakətdən qorumaq, onun öz simasını tapıb dünyanın sivil millətlərinə qovuşması üçün yollar arayır, inam və imkanları çərçivəsində bu amalların reallaşmasına çalışırdılar. "Şərqi Rus" mətbəəsində işə girərək fəal jurnalistlik fəaliyyətinə başlayana qədər kənddə müəllimlik edən, mütərcimlik və vəkilliklə məşğul olan Mirzə Cəlil həyatı ən aşağı səviyyədən, necə deyərlər, lap dibindən öyrənə-öyrənə belə bir həqiqəti dərk eləmişdi ki, "qərinələrlə millətimizin canına milyonlarla ac mikroblar daraşıb qanını sormaqdadır və məhz bu həşəratdır milləti xəstə edən və məhz bu mikroblardır onu bədnam edən. "Nicat", "nicat" deməklə nicat yolu öz-özünə tapılmaz... Müftə-müftə "nicat", "məktəb" deməklə "Fatıya tuman olmaz". Lazımdır mikrobları millətin bədənindən kənar etmək. Yoxsa, nə göz yaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla".

Bu fikirlərdə ədib sənətkarın xalq və zaman qarşısında mənəvi cavabdehliyini, bədii sözün, ümumiyyətlə, yeni ədəbiyyatın vəzifəsini dahiyanə bir sadəliklə açıqlayır, bəzi müasirlərindən fərqli olaraq qəliz ibarələrdən yan keçərək öz yaradıcılıq məramını, əsasını qoyduğu ədəbi məktəbin estetik platforması bəyan edirdi. Mirzə Cəlil başa düşürdü ki, milləti mənəvi dirçəliş, tərəqqi yoluna çıxarmazdan, öz gücünə inandırıb böyük ideallar ətrafında səfərbər etməzdən öncə bu millətin özəyini təşkil edən zümrənin, xüsusilə də kəndlinin mənəviyyatını, düşüncə tərzini məhək daşına çəkmək, onun hansı qayğılarla, hansı yük altında yaşadığını aydınlaşdırmaq lazımdır. Bu qayğılarda bulunan, ürəyinin, düşüncəsinin işığını bu səmtə yönəldən ədib gördüklərindən, duyduqlarından dəhşətə gəlirdi və haqlı olaraq qurtuluşun ən  perspektivli yolunu həmin dəhşətləri - millətin canına daraşmış mikrobları bədii sözün mikroskopunun altına gətirib bədii düşüncənin, yaradıcılığın predmetinə çevirməkdə görürdü. Prinsip etibarı ilə bu, müəyyən risklərlə bağlı çətin, mürəkkəb bir iş idi; bu işin öhdəsindən gəlmək üçün anormal mühitdə canlı ölüyə çevrilmiş anormal adamların - novruzəlilərin, məmmədhəsən əmilərin, usta zeynalların, molla fəzləlilərin, saqqallı uşaqların... qayğıları, dərd-səri ilə məşğul olmaq, onları ədəbiyyatın baş qəhrəmanına çevirmək lazım gəlirdi. Amma xalqı oyatmağın, onları zəlil etmiş, yaman günə qoymuş reallığı göstərməyin ayrı yolu da yox idi.

Məqsədin, məramın dəqiq müəyyənləşməsi öz-özlüyündə hələ heç nədir. Əsas məsələ məqsədin reallaşması, məramın həyata keçməsi üçün tapılan vasitələrin təsir gücündədir. Mirzə Cəlil bu məsələdə də misilsiz fəhm nümayiş etdirdi, xalqın canına daraşmış mikrobları məhv etməyin sadə, lakin bənzərsiz yolunu tapdı. Bu, Molla Nəsrəddinin simasında öz zirvəsinə çatan xalq gülüşü idi. Zahirən sırf üslubi səciyyə daşıyan bu məqam əslində yeni ədəbiyyatın estetik məramını, məfkurə istiqamətini, ümumiyyətlə, yeni yaranan ədəbi nəslin görəcəyi işin xarakterini şərtləndirirdi; dünənə qədər ədəbiyyatın bir o qədər də dərindən maraqlanmadığı sadə adamları oyatmaq, onların şüurunu hərəkətə gətirmək üçün elə bir dildə danışmaq lazım idi ki, bu dil xalqın qan yaddaşı ilə, onun təfəkkürü, ətraf aləmi qavrama və qiymətləndirmə qabiliyyəti ilə bilavasitə bağlı olsun. Başqa sözlə, xalq gülüşü və onun davamçıları üçün sadəcə ədəbi jest deyildi, ilk növbədə xalqla asan, anlaşıqlı ünsiyyət vasitəsi idi. Başqa tərəfdən, bu gülüş özünün ənənəvi mərəzlərindən can qurtarmaq üçün xalqın kəşf etdiyi, yaratdığı son dərəcə bitkin müalicə üsulu, rejissor Vaqif Həsənoğlunun təbirincə desək, türkəçarə sağaltma vasitəsi kimi də əvəzsiz idi və məsələnin bu tərəfi  tənqid etmək işinin tarixi məsuliyyətini dərk edən Mirzə Cəlil üçün heç də az əhəmiyyət kəsb etmirdi. Ona görə də ədib Molla Nəsrəddin adını özü üçün ləqəb seçəndə dünyaya Molla Nəsrəddin baxışını, ətraf aləmin Molla Nəsrəddinsayağı qiymətləndirilməsini də bədii-estetik sistem kimi qəbul edir, yazılı ədəbiyyatımızda yeni bir mərhələ yaradırdı.

İstedadlı ədəbiyyatşünaslar Muxtar İmanovun, Rüstəm Kamalın və mərhum Arif Əmrahoğlunun tədqiqatlarını nəzərə almasaq, xalq gülüşünün yazılı ədəbiyyatmızda təzahürünün estetik problemləri ardıcıl, sistemli şəkildə araşdırılmadığından ədəbi-mədəni fikir tariximizdəki bu fenomenal hadisə - Mirzə Cəlilin və Molla Nəsrəddinçilərin yaradıcılığı son dövrlərdə əsassız mübahisələrə səbəb olur, ustadı, bir qədər loru dildə desək, milləti mənəvi cəhətdən zəlil, xəstə, az qala patoloji çatışmazlıq qüsuru olan kütlə kimi təsvir etməkdə, son nəticədə isə xalqın ruhunu oyatmaq əvəzinə guya onu daha da ölgünləşdirməkdə günahlandırırlar. Guya xalqı Mirzə Cəlildən çox sevən, ona Mirzə Cəlildən çox sayğı və hörmətlə yanaşan bəzi ədəbiyyat dəllallarının fikrincə, ədib gərək dünyanın işlərindən xəbərsiz Novruzəlinin, dövrün ətalət rəmzinə çevrilmiş usta Zeynalın obrazını yaratmayaydı, ölülərin diriləcəyinə dəli bir ehtirasla inanan kütləni oyatmaq üçün  poçt qutusu əhvalatının üstünü vurmayaydı, usta Zeynalın dindar olması faktına istinad etməyəydi, onu erməni Akolun ayağına verməyəydi, adının, titulunun arxasında xalqın əxlaqı, keçmiş, davranış etiketi dayanan Qurbanəli bəyi bu qədər miskin, rəzil göstərməyəydi, bu adamların ulu bir xalqı təmsil etdiyini nəzərə alıb onları tənqidlə yox, tərənnümlə, təriflə tərbiyələndirəydi. Bunlar da azmış kimi, Mirzə Cəlilin ürəyinin işığı da guya lazım olandan az imiş.

Aydın məsələdir ki, Mirzə Cəlil müdrikliyi, uzaqgörənliyi millətə məhəbbət qiyafəsinə girən bu sayaq sayıqlamalardan yüz qat, min qat yüksəkdə dayanır. Həm də təkcə ona görə yox ki, Mirzə Cəlil şeir bülbüllərinə, praktiki cəhətdən heç bir mənası olmayan işlərlə baş girləyən boşboğaz ziyalılara da gülməyi bacarırdı. Həm də ona görə ki, ədibin bu gülüşünün, tənqidinin arxasında onun öz Vətəninə, xalqına sonsuz sevgisi dayanırdı.  Bu sevgini bütün çalarları ilə bir yerdə görmək və duymaq üçün Mirzə Cəlilin irsinə ötən əsrin orta məktəb dərsliklərində kök salmış, ideoloji qəliblərdə "bişirilmiş" meyarlarla yox, qabaqcıl bədii mətn nəzəriyyələrini işığında baxmaq lazımdır.

Mirzə Cəlilin gülüşünü satirik, ifşaedici  gülüş kimi qələmə verəndə onun yaratdığı bədii obrazlar da, təbii ki, zorla ədibin boynuna qoyulan bu gülüşün predmetinə çevrilir, nəticədə müəlliflə avam, nadan Novruzəli, savadsız saqqallı uşaqlar, yaltaq Qurbanəli bəy, fanatik usta Zeynal... arasında distansiya yaranırdı. Əslində isə adı çəkilən və çəkilməyən obrazlarda tipikləşdirilmiş yüzlərlə, minlərlə həmvətəninə müəlifin münasibəti sözügedən mikroblarla zəhərlənmiş xəstələrə sevgi və şəfqət hissləri ilə süslənmiş bir münasibət idi. Mirzə Cəlil onları iri planda ideala uyğun gəlməyən, xalqı geri çəkən eybəcər tiplər kimi inkar etmək üçün yox, millətə təqin olunan yaşam və düşüncə tərzinin, xəstə ruhun, bütövlükdə aqibətin, dəfn olunan dəyərlərin acısını göstərmək üçün təsvir edirdi, aristokrat davranış etiketinin ucalığından pristavların, naçalniklərin, onların xanımlarının ayağına yıxılan, kef məclislərinin təlxəyinə çevrilən Qurbanəli bəyin aqibətini, Novruzəlinin, Məmmədhəsən əminin, usta Zeynalın ...aldanışlarını artıq felyetonlarında olduğu kimi publisistik pafosla, açıq tərzdə, birbaşa yox, Azərbaycan nəsri üçün tamamilə yeni olan bədii düşüncə müstəvisində ümumiləşdirirdi. Fərq bunda idi və məncə, "cəlilşünaslıqda" yersiz, əsassız iradların, mübahisələrin səbəbi də ilk növbədə, bu fərqi görməməyin, ustadın publisistikasındakı müəllif obrazını süni şəkildə onun nəsrinə transfer etməyin nəticəsidir. İş burasındadır ki, onun nəsrində müəllif obrazı gördüklərini qiymətləndirmə mənasında həmişə bir növ neytral mövqedə dayanır, felyetonlarında olduğu kimi, birbaşa öz adından danışmır. Belə olan halda bədii mətnin gizlinlərini bir psixoloq səriştəsi ilə araşdırmaq əvəzinə, ədibin publisistikasındakı müəllif mövqeyini  kalka kimi bədii nəsrin üzərinə köçürmək, təbii ki, bir çox yanlışlıqlara, təhriflərə gətirib çıxaracaq, müəllifin nəinki demədikləri, heç demək istəmədikləri belə zorla onun boynuna qoyulacaq.

Çox qəribədir, ədibin əsərlərində ancaq kölgə, qara boyalar axtaranlar onun yeri gələndə önə çəkdiyi, bədii materiala çevirdiyi işığa da dodaq büzürlər. Halbuki ədib çoxlarının düşündüyü kimi həyatda heç də həmişə qara boyalar axtarmır, yeri gələndə öz xalqının daxili dünyasının işığını, əxlaqının böyüklüyünü dahiyanə bir sənətkarlıqla göstərirdi.

Bu baxımdan  dram-situasiya janrında yazılmış "Kamança" pyesi ədibin yaradıcılığında xüsusi yer tutur. Hekayələrində, felyetonlarında, digər dram əsərlərində mənəvi ölülüyü tarixi aqibət kimi göstərən, adi adamları tükənməz sevgi, məhəbbət duyğusu ilə qınayan, tənqid edən Mirzə Cəlil "Kamança"da bədii mətləbi tənqid və gülüş prizmasından yox, büllur kimi şəffaf, aydın bir mövqedən təqdim edir, situasiyanın komizmini (yaxud tragikomizmini) deyil, dramatizmini, sırf faciəvi məqamlarını göstərir.

"Kamança" ulu bir millətin öz ruhunun ucalığına qalxmasının anatomiyası haqqında dramatik pritçadır.

...Cəmi bir neçə dəqiqə əvvəl Şirzad, Heydər kimi dostlarının itkisindən yanıb-yaxılan, erməni dığalarının əlindən zəncir çeynəyən Qəhrəman yüzbaşı gözlənilmədən axsaq bir erməninin kamançada ifa etdiyi melodiyalara təslim olur, bir neçə dəqiqə əvvəl qəməni boğazına soxmağa hazır olduğu erməni ilə bərabər, birdən-birə özünü də öldürmək "həvəsinə düşür".

Erməni xəyanətinin tüğyan elədiyi, anaları gözüyaşlı, belibükük qoyduğu bir vaxtda nə deyir bu dramatizm? Qəhrəman yüzbaşının əsl qəhrəmanlara yaraşan mərhəmətindən, yoxsa bir insan kimi zəifliyindən? Necə oldu ki, intiqam deyə hayqıran bir ürək bircə anın içində yumşaldı? Düzmü iş gördü Qəhrəman yüzbaşı ermənini salamat buraxmaqda?

Mən oxucuları bu suallarla təkbətək buraxıram, çünki bu suallara hər kəsin öz cavabları var.

Kiçik bir yazıda Mirzə Cəlil sənətinin sehrini, cazibəsini bütünlüklə rəsm etmək, onun yaradıcılığını istər forma, istərsə də məzmun baxışından layiqi səviyyədə açıqlamaq heç şübhəsiz ki, müşkül məsələdir. Lakin bir şey gün kimi aydındır: Mirzə Cəlil sözünün saf nəfəsi, hərarəti ecazkar qüvvə kimi daim hərəkətdədir...

Mirzə Cəlil dühası öz missiyasını XX əsrdə ləyaqətlə yerinə yetirdi, XXI, XXII... əsrlərdə də yerinə yetirəcək...

Azərbaycan xalqının milli dirçəlişinin, tərəqqisinin Mirzə Cəlil yolu son məqsədə aparan ən doğru, ən kəsə yoldur və bu yolda bizim ən müdrik bələdçimizdən biri Mirzə Cəlildir.

 





09.06.2023    çap et  çap et