525.Az

Səfir: “Azərbaycan Avropada İtaliyaya arxalana bilər”


 

Səfir: “Azərbaycan Avropada İtaliyaya arxalana bilər”<b style="color:red"></b>

İtaliya Respublikasının Milli Günü - qurulmasının 77-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxışında  Respublika Gününün İtaliya xalqı üçün önəmini vurğulayıb.

Səfir əlavə edib ki, bu tədbiri Azərbaycan üçün xüsusi bir ildə, vətəninizin atası, İtaliya ilə çoxşaxəli əlaqələrin təşəbbüskarı olan Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir ildə keçirilməsindən çox məmnundur.

“Mən sizinlə İtaliya ilə Azərbaycan arasında siyasi, iqtisadi-ticari və akademik sahələrdə mütləq mükəmməllik səviyyəsinə çatmış və müşahidə olunan münasibətlərin keçmişi və ya bu günü haqqında danışmaq istəmirəm. Lakin vurğulamaq istərdim ki, bu ilin birinci yarısında İtaliyadan dörd dövlət xadiminin buraya səfəri Romanın Bakıya olan diqqətini nümayiş etdirir. İtaliya Azərbaycana dərin hörmət bəsləyir, çünki o, hamını ruhlandırmalı olan sülh yolunu seçməklə yaxın keçmişin çətinliklərini, xüsusən də ümumi tariximizin belə bir çətin anında - Rusiya tərəfindən başlayan təcavüzkar müharibə nəticəsində təkcə bizim bu günümüzə deyil, daha çox sabahımıza aid olan, bizim və sizin sərhədlərinizdə böyüyən qeyri-sabitliyin və təhlükəli zonanın mövcud olduğu bir zamanda həll etməyə hazır olduğunu nümayiş etdirib. Prezident Mattarellanın bu yaxınlarda söylədiklərinə istinad edərək deyim ki, "Biz hamımız ərazi bütövlüyünün ümumi prinsipinə hörmətlə yanaşan ədalətli sülhün tezliklə əldə edilməsini öz öhdəmizə götürməliyik.

Azərbaycanın gələcəyi aydındır. O, bütün Asiya qitəsində öz potensialını nümayiş etdirə bilən beynəlxalq şəbəkə olacaq və bu perspektivdə o, şəffaflığa, etibarlılığa və qarşılıqlı etimada əsaslanaraq işləyə bilən etibarlı tərəfdaş olaraq Avropada İtaliyaya arxalana bilər.

İtaliya təbii sərvətlərinizin əsas alıcısı olması ilə yanaşı, həm də Avropa İttifaqı ilə münasibətlərin güclənməsi fonunda misal olaraq, enerji keçidindən başlayaraq strateji əməkdaşlıq və texnoloji təcrübə baxımından verəcǝyi çox şeyə malikdir. Bunu imzalanmış son sazişlər, həmçinin TAP-ın müsbət təcrübəsi aydın şəkildə nümayiş etdirir ki, bu da bizim tərəfdaşlığımızın potensialının və perspektivlərinin asl sübutunun bariz nümunəsidir. Buna görə də, İtaliya hökuməti bizim münasibətlərimizin gələcəyinə xüsusi diqqət yetirir ki, bu da gələn ilin payızında Bakıda keçiriləcək növbəti birgə komissiya zamanı ümumi siyasi gündəliyimiz çərçivəsində muzakirələr etmək imkanı yaradacaq. İcazə verin, bu münasibətlə Romanın Expo 2030-a namizədliyini də xatırladım. Bu baxımdan arzu edirəm ki, Bakı səsvermə zamanı öz dəstəyini təmin edə biləcək”.

Səfir çıxışının sonunda iki ölkə arasında münasibətlərin daha da dərinləşəcəyinə inamını vurğulayıb.

Azərbaycan Hökuməti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkələrimiz arasında münasibətlərin dərin tarixi köklərə və möhkəm bünövrəyə malik olduğunu diqqətə çatdırıb: “1918-ci ildə müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkəmizdə İtaliyanın diplomatik nümayəndəliyi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya onun müstəqilliyi tanıyan ilk dövlətlərdən biri olub, Cənubi Qafqaz regionunda ilk diplomatik nümayəndəliyini məhz Bakıda açıb. Hazırda siyasi, iqtisadi və humanitar sahələrdə yüksək səviyyədə münasibətləri olan ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Azərbaycan isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsidir. İtaliya Prezidentinin 2018-ci ilin iyulunda Azərbaycana rəsmi, Azərbaycan Prezidentinin 2022-ci ilin sentyabrında İtaliyaya işgüzar səfərləri ölkələrimiz arasında dostluq münasibətlərinin yeni mərhələyə qədəm qoymasını səciyyələndirdi".

Nazir, həmçinin vurğulayıb ki, azad olunmuş ərazilərin bərpasına dəvət olunanlar arasında dost ölkə İtaliyanın şirkətləri də ön sıralardadır.

Muxtar Babayev bildirib ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq dinamik inkişaf edən istiqamət olaraq insanlararası ünsiyyətin dərinləşməsinə mühüm töhfə verir. Ölkəmizlə İtaliya arasında ətraf mühitin mühafizəsi və iqlim dəyişmələri sahəsində də əməkdaşlıq mövcuddur.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Pərvanə

 





09.06.2023    çap et  çap et